Həsən Hüseynlinin müraciətindən nə ailəsinin, nə də vəkilinin xəbəri var

Sənubər Məmmədova: “Emil bu dəfə öz haqqını qorumaq üçün prezidentə müraciət edib”

Source:


Sənubər Məmmədova: “Emil bu dəfə öz haqqını qorumaq üçün prezidentə müraciət edib”

Penitensiar Xidmətin rəsmi saytında bir gündə iki siyasi məhbusun – Emil Məmmədov və Həsən Hüseynlinin prezidentə müraciəti dərc olunub .

Bakı İstintaq Təcridxanasında saxlanılan “Demokratiyaya yardım” İctimai Birliyinin sədri, hüquq-müdafiəçisi Emil Məmmədovun müraciətində prezidenti dəstəklədiyi yazılıb:

“Atəşkəsin pozulması nəticəsində Milli Ordu əsgərlərinin, günahsız və qəhrəman övladlarımızın həlak olması xəbərlərini biz təcridxanalarda saxlanılanlar da böyük hüznlə qarşılayırıq. Əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş Milli Ordumuzun, arxasında məkrli qüvvələrin dayandığı erməni işğalçılarına qarşı apardığı müharibənin qələbəmizlə bitəcəyinə əmin olmaqla, hamımızın ali baş komandan olaraq Sizin arxanızda olduğunu bildirirəm. Vətənini sevən hər kəs bu gün Sizin əsgərinizdir”.

Emil Məmmədovun həyat yoldaşı Sənubər Məmmədova deyir ki, müraciət xəbəri onu təəccübləndirmir:

“Emil haqqı pozulan vətəndaşlar üçün daim müxtəlif orqanlara, dəfələrlə prezidentə məktub yazıb. Məhz elə buna görə də həbs olunub. Rayon icra başçıcı Tahir Kərimov Emilə demişdi ki, prezidentə şikayət yazması ona baha başa gələcək. Emil bilirdi ki, icra başçısı onu şərləyib, tutduracaq. Hələ həbs olunmazdan prezidentə bu haqda da yazmışdı və istəyirdi ki, iş düzgün araşdırılsın. Həbsdə olduğu üç ay müddətində artıq 15-ci məktubudur. Emil bu dəfə öz hüquqlarının müdafiəsi üçün prezidentə üz tutub, burda belə bir qəbahət yoxdu”.


Gəncədə fəaliyyət göstərən “Kamil Vətəndaş” maarifləndirmə mərkəzinin rəhbəri

 Həsən Hüseynlinin müraciətində də cəbhədə baş verənlərdən danışılır və prezidentə dəstək ifadə edilir:

“Son günlər erməni işğalçılarının növbəti dəfə Atəşkəs Sazişini pozması və Azərbaycan Ordusunun düşmənlərimizin bu təxribatlarının qarşısını rəşadətlə alaraq qısa bir müddətdə bütün cəbhə xətti boyunca vəziyyətə tam nəzarəti ələ alması bir daha sübut etdi ki, Sizin Ali Baş Komandan olduğunuz bu güclü Ordu güclü Azərbaycan dövlətinin qarantı olmağa qadirdir. İlk baxışda adi bir hərbi uğur təəssüratı yaradan bu fenomen əslində Sizin Strasburqdakı son möhtəşəm çıxışınızda Azərbaycanın müstəqil, qüdrətli və öz müqəddəratını həll etmək gücünə malik bir ölkə olması barədə söylədiyiniz tutarlı arqumentlərin reallığının əyani nümayişidir”.

Həsən Hüseylinin müraciətində maraqlı məqamlardan biri isə onun həbsinin siyasi olmaması haqda deyilənlərdir:

“Digər tərəfdən mənimlə bağlı şəxsi böhtan zəminində hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb həbs ediləndən sonra mənə məlum olmuşdur ki, bir neçə əcnəbi siyasətçilər mənim həbsimin siyasi motivlərə əsaslandığı barədə bəyanatlar vermişlər. Mən bunu belə qəbul etmirəm və həbsimlə bağlı müraciət etdiyim apellyasiya məhkəməsində bəraət alacağıma əminəm. Azərbaycan hüquqi dövlətdir və Azərbaycan Prezidenti tərəfindən qorunmasına inanıram və hüquqlarımın heç bir əcnəbi siyasətçi tərəfindən qorunmasına ehtiyac görmürəm”.

Həsən Hüseynlinin ailə üzvləri və vəkili bildirir ki, onlar bu müraciətdən xəbərsizdilər:

“Mən üç gün öncə Həsən Hüseynli ilə görüşmüşəm. Hər şey qaydasında idi, elə bir şey gözlənilmirdi. Mən ondan heç vaxt müraciət edəcəyini gözləmirdim, belə bir məsələ heç vaxt gündəlikdə olmayıb. Bir müddət Emil Məmmədovun da vəkili mən olmuşam, onun da heç vaxt belə bir şey edəcəyini gözləmirdim. O da bilirdi ki, onu qəsdən həbs ediblər. O gün Həsən müəllim həbsdəki insanlara kömək etmək üçün məndən Prosessual Məcəlləni, başqa kitabları istəyirdi. Yəni söhbətimiz bu tonda olub” – deyə, vəkil Əlayif Həsənov bildirir. Onun sözlərinə görə, ailə üzvləri də hadisədən məlumatsız olduqları üçün narahatdılar.

Əlayif Həsənov hüquqlarını müdafiə etdiyi şəxslə əlaqə yaratmağa da imkan verilmədiyini bildirir.

Həsən Hüseynlinin oğlu Azər Hüseynli isə deyir ki, onlar baş verənlərdən çaşbaş vəziyyətə düşüblər. O, həmçinin müraciətdəki əlyazma onun atasının xəttinə bənzəmədiyini deyir.

Ana səhifəXəbərlərHəsən Hüseynlinin müraciətindən nə ailəsinin, nə də vəkilinin xəbəri var