Həkimə çatmayan məhbuslar: müayinə və müalicəyə uzanan yol

İllüstrasiya ChatGPT ilə hazırlanıb

2024-cü ilin dekabrından həbsdə saxlanılan Meydan TV jurnalisti Aytac Tapdıq (Əhmədova) səhhətindəki problemlərlə əlaqədar həbsxanada aparılan müayinənin nəticələri ilə razılaşmır.

Ailəsinin Aytac Tapdığa istinadən verdiyi məlumata görə, iyulun 29-da onu müayinə edən qulaq-burun-boğaz (LOR) həkimi jurnalistə təcili əməliyyata ehtiyacı olduğunu deyib. Ancaq Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin sonradan məhkəməyə təqdim etdiyi məlumatda əməliyyata ehtiyac olmadığı bildirilib.

Aytac Tapdıq
Foto şəxsi arxivindən

İdarənin cavabına əsasən, LOR müayinəsi zamanı Aytac Tapdıqda burun çəpərinin əyriliyi, xroniki rinit və birinci dərəcəli tənəffüs çatışmazlığı aşkarlanıb. Ona ambulator müalicə və tibbi tövsiyələr verilib. Həmçinin kompüter tomoqrafiyası (KT) və maqnit-rezonans tomoqrafiyası (MRT) müayinələrinin aparılması üçün tibbi göstəriş olmadığı, cərrahi müdaxiləyə ehtiyac duyulmadığı qeyd edilib.

Aytac Tapdıq isə ailəsi vasitəsilə bildirib ki, bu cavab onu müayinə edən həkimin dedikləri ilə ziddiyyət təşkil edir. Avqustun 7-də keçirilən məhkəmə iclasında da jurnalist ona təcili əməliyyat lazım olduğunu həkimin özündən eşitdiyini deyib.

“Tibb Baş İdarəsi məhkəməyə həkimin mənə dediklərinin əksi olan cavab verib. Hakimiyyət mənim tibbi müayinədən keçirildiyimi deyərək manipulyasiya edir və bununla guya səhhətimlə bağlı tədbir görüldüyü görüntüsü yaradır”, – Aytac Tapdığın ailəsi onun sözlərinə istinadən bildirir.

Jurnalistin səhhəti ilə bağlı problem bundan əvvəl də məhkəmədə qaldırılmışdı. Vəkili Cavad Cavadov iyunun 19-da Tibb Baş İdarəsinə müraciət etdiklərini, ancaq uzun müddət cavab ala bilmədiklərini bildirmişdi. Aytac Tapdıq özü isə bundan əvvəl həbsdə olduğu müddətdə nəfəs almaqda çətinlik çəkdiyi üçün təxminən 80 qutu burun açıcı spreydən istifadə etdiyini bildirib. Onun sözlərinə görə, qapalı və rütubətli şərait problemi daha da ağırlaşdırıb.

Aytac Tapdığın səhhəti ilə bağlı məlumatlar yayıldıqdan sonra Jurnalistləri Müdafiə Komitəsi və başqa beynəlxalq təşkilatlar da onun lazımi tibbi yardımla təmin edilməsinə çağırış ediblər.

“Minlərlə məhbusa bir neçə həkim düşür”

Aytac Tapdığın şikayəti həbsxanalardakı tibbi xidmətlə bağlı səslənən yeganə narazılıq deyil.

İllüstrasiya ChatGPT ilə hazırlanıb

Toplum TV əməkdaşı Fərid İsmayılov avqustun 18-də həbsxanadan yazdığı məktubda penitensiar müəssisələrdə həkim, mütəxəssis və tibbi avadanlıq çatışmazlığından bəhs edib.

İsmayılovun yazdığına görə, Bakı İstintaq Təcridxanasında təxminən 3000 məhbusa 15 həkim, “Umbakı” Penitensiar Kompleksində 1200 nəfərə 5-6 həkim, 2 saylı Cəzaçəkmə Müəssisəsində 1800 nəfərə 2 həkim, 6 saylı Cəzaçəkmə Müəssisəsində isə 1300 nəfərə cəmi bir həkim düşür.

Jurnalist bildirir ki, gecə növbələrində çox vaxt tibb məntəqəsində yalnız bir feldşer və ya həkim olur, bəzən isə tibbi yardım üçün müraciət edən şəxslər onları tapa bilmirlər. Onun sözlərinə görə, bəzi müəssisələrdə oftalmoloq və kardioloq kimi ixtisaslaşmış həkimlər yoxdur, dərman təminatında da problemlər yaşanır.

İsmayılov tibbi xidmətdə ayrı-seçkilik olduğunu da iddia edir. O yazır ki, bəzi keçmiş dövlət məmurları ciddi sağlamlıq problemi olmadığı halda daha rahat şəraitə görə tibb məntəqələrində saxlanılır, digər məhbuslar isə adi müayinə üçün uzun müddət gözləməli olurlar.

Fərid İsmayılovun vəkili bundan əvvəl də jurnalistin həbsdə olduğu müddətdə səhhətində yaranan problemlərə baxmayaraq lazımi müayinələrdən keçirilmədiyini bildirmişdi. İsmayılov özü məhkəmədə həbsdə olan şəxslərin bəzi tibbi xidmətlərin xərcini özlərinin ödədiyini deyib.

Ombudsmanın hesabatında da eyni problemlər göstərilib

Məhbusların şikayətlərinin bir hissəsi Ombudsmanın Milli Preventiv Mexanizminin penitensiar müəssisələrdə apardığı monitorinqlərin nəticələri ilə də üst-üstə düşür.

Ombudsmanın 2024-cü il üzrə hesabatında 1 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan şəxslərin həkim qəbuluna düşməyin, müayinə və müalicə olunmağın çətinliyindən şikayət etdikləri qeyd olunur.

İllüstrasiya ChatGPT ilə hazırlanıb

2 saylı Cəzaçəkmə Müəssisəsində isə monitorinq zamanı 1200 yerlik müəssisədə 1652 nəfərin saxlanıldığı müəyyən edilib. Hesabatda tibb-sanitar hissəsində şəraitin qənaətbəxş olmadığı, dərman təminatında problemlərin və həkim çatışmazlığının olduğu, bəzi məhbusların Penitensiar Xidmətin Müalicə Müəssisəsinə göndərilmədiklərindən şikayətləndikləri göstərilib.

Hesabatın ümumi nəticələrində də həddindən artıq sıxlığın tibbi xidmətə çıxışı çətinləşdirdiyi vurğulanır. Ombudsman bəzi müəssisələrdə vaxtı keçmiş dərmanların aşkarlandığını, tibbi qeydiyyatın tam aparılmadığını və dərman təminatının qeyri-qənaətbəxş olduğunu bildirib. Ayrı-ayrı müəssisələrdə nevroloji xəstəliklər, diabet və digər xəstəliklər üçün lazım olan dərmanların olmaması da qeydə alınıb.

Ələsgər Məmmədli: iki ildən çox müddətdə üç USM müayinəsi

Toplum TV işi üzrə həbs olunan media hüququ eksperti Ələsgər Məmmədli də həbsdə olduğu müddətdə tibbi xidmətlə bağlı dəfələrlə şikayət edib.

Məmmədlinin sözlərinə görə, 2024-cü ilin martında, həbsindən bir gün əvvəl qalxanabənzər vəzində aşkarlanan şişlərlə bağlı biopsiyaya yönləndirilib. Lakin martın 8-də həbs edildiyindən müayinə yarımçıq qalıb.

Ələsgər Məmmədli. Foto: Meydan TV

O, 2026-cı ilin əvvəlində verdiyi müsahibədə təxminən iki il ərzində cəmi üç dəfə ultrasəs müayinəsindən (USM) keçirildiyini bildirib. Məmmədlinin sözlərinə görə, sonrakı müayinələr şişlərin ölçüsündə artım olduğunu göstərib, lakin təcridxanada mütəxəssis çatışmazlığı səbəbindən müayinələrin davam etdirilməsində problemlər yaranıb. O, həbsdə olduğu müddətdə şəkərli diabet və yüksək təzyiq problemlərinin də yarandığını bildirib.

İyulda Məmmədli həbsdə keçirdiyi 29 ay ərzində yalnız bir dəfə endokrinoloqun qəbulunda olduğunu və həkimlərin cərrahi müdaxilənin lazım olduğunu dediklərini söyləyib.

İyulun 27-də Bakı Ağır Cinayətlər Məhkəməsi Ələsgər Məmmədlini 14 il, Fərid İsmayılovu isə 12 il azadlıqdan məhrum edib. Onlar və Toplum TV işi üzrə digər təqsirləndirilən şəxslər ittihamları qəbul etmir və həbslərini peşə və ictimai fəaliyyətləri ilə əlaqələndirirlər.

Avqustun 11-də “Amnesty International” Ələsgər Məmmədlinin səhhətinin həbsdə pisləşdiyini, vəkillərinin tibbi vəziyyətinə görə dəfələrlə ev dustaqlığı barədə vəsatət qaldırdığını bildirib. Təşkilat onun lazımi tibbi yardımla təmin edilməsinə çağırıb.

Nərgiz Absalamova aylardır MRT müayinəsi gözləyir

Abzas Media jurnalisti Nərgiz Absalamova da həbsdə tibbi müayinəyə çıxışla bağlı problemlər yaşadığını bildirib.

Nərgiz Absalamova. Foto: Meydan TV
Nərgiz Absalamova. Foto: Meydan TV

Absalamovanın yaxınlarının məlumatına görə, onun uzun illərdir əziyyət çəkdiyi xroniki sinusit – haymorit həbs şəraitində daha da ağırlaşıb. Jurnalistdə nəfəs darlığı və güclü baş ağrılarının yarandığı, həkimlərin MRT müayinəsinə ehtiyac olduğunu bildirdikləri deyilir.

May ayında ailəsi onun MRT və ümumi tibbi müayinə üçün təxminən dörd ay əvvəl müraciət etdiyini, lakin müayinənin keçirilmədiyini açıqlamışdı. Vəkili Bəhruz Bayramov bununla bağlı Ombudsmana və penitensiar müəssisənin rəhbərliyinə dəfələrlə müraciət etdiyini bildirib.

“Amnesty International” iyunun 16-da Nərgiz Absalamovanın dörd aydır tələb olunan tibbi müayinədən keçirilmədiyini açıqlayıb. İyulda Beynəlxalq İnsan Hüquqları Federasiyası və İşgəncələrə Qarşı Ümumdünya Təşkilatının yaydığı birgə məlumatda isə MRT müayinəsi üçün gözləmə müddətinin artıq altı ayı keçdiyi qeyd olunub.

Nərgiz Absalamova 2025-ci ilin iyununda Abzas Media işi üzrə 8 il azadlıqdan məhrum edilib. O və digər təqsirləndirilən jurnalistlər ittihamları rədd edir.

Digər jurnalistlər də tibbi müayinədən şikayətlənirlər

Meydan TV işi üzrə həbs olunan jurnalist Ülviyyə Əli də həbsdə tibbi müayinəyə çıxışla bağlı problemlər yaşadığını deyib. Jurnalistin sözlərinə görə, onda hipofiz vəzində mikroadenoma aşkarlanıb və bu səbəbdən mütəmadi MRT və ya KT müayinəsindən keçməlidir. Lakin penitensiar müəssisədə bu avadanlıqların olmadığı, öz hesabına özəl tibb müəssisəsində müayinə olunması ilə bağlı müraciətlərinin də uzun müddət təmin edilmədiyi bildirilir.

Ülviyyə Əli. Foto: Şəxsi arxivindən

İyulda beynəlxalq hüquq müdafiə təşkilatları Ülviyyə Əlinin başqa bir sağlamlıq problemi ilə əlaqədar təcili ginekoloji müayinə və ultrasəs müayinəsinə ehtiyac duyduğunu, lakin həmin vaxtadək lazımi tibbi yardımın göstərilmədiyini də açıqlayıblar.

Belə şikayətlər yalnız jurnalistlərdən gəlmir. Hüquq müdafiəçilərinin siyasi motivli hesab etdiyi işlər üzrə həbsdə saxlanılan şəxslərin yaxınları və vəkilləri də tibbi xidmət və saxlanma şəraiti ilə bağlı oxşar problemlər qaldırırlar.

“Amnesty International” avqustun 11-də AXCP sədri Əli Kərimli və Ələsgər Məmmədlinin səhhətinin həbsdə pisləşdiyini bildirib. Təşkilat Əli Kərimlinin ailəsinə istinadən onun avqustun 6-da susuzlaşma fonunda məhkəmədə huşunu itirdiyini, saxlanma yerində su və havalandırma ilə bağlı problemlərin olduğunu qeyd edib.

Azərbaycan qanunvericiliyinə görə, həbs edilmiş və azadlıqdan məhrum olunmuş şəxslərin tibbi yardım almaq hüququ var.

“Əhalinin sağlamlığının qorunması haqqında” Qanunda həbs edilmiş şəxslərə və məhkumlara tibbi göstərişdən asılı olaraq ilkin tibbi yardımın, ambulator və stasionar tibbi xidmətin göstərilməsi nəzərdə tutulur.

“Tibbi sığorta haqqında” Qanuna 2025-ci ildə edilən dəyişiklik isə daha konkret mexanizm müəyyənləşdirib: penitensiar sistemdə lazımi tibbi avadanlıq və ya müvafiq ixtisaslı işçi olmadığından məhbusa tibbi xidmət göstərmək mümkün deyilsə, həmin xidmət icbari tibbi sığorta çərçivəsində təşkil edilməlidir.

Başqa sözlə, həbsxanada MRT aparatı, uyğun həkim və ya başqa tibbi imkanın olmaması müayinənin ümumiyyətlə keçirilməməsi üçün hüquqi əsas sayılmır. Mövcud qanunvericilik belə hallarda məhbusun penitensiar sistemdən kənarda tibbi xidmət almasına imkan yaradır.

Ancaq Aytac Tapdıq, Nərgiz Absalamova, Ələsgər Məmmədli, Fərid İsmayılov və digər məhbusların açıqlamaları göstərir ki, qanunda nəzərdə tutulan bu mexanizmlərin praktikada işləməsi ilə bağlı suallar qalır.

Həbsxanalarda saxlanma şəraiti, korrupsiya, ayrı-seçkilik və tibbi xidmətlə bağlı narazılıqlar mütəmadi olaraq ictimailəşdirilir. Penitensiar Xidmət isə səsləndirilən ittihamları təkzib edir və müəssisələrdə qanunun tələblərinə əməl olunduğunu bildirir.

Ana səhifəUncategorized @azHəkimə çatmayan məhbuslar: müayinə və müalicəyə uzanan yol