Robert Koçaryan və oğlu korrupsiya işi üzrə saxlanılıb

Mənbə: Rebert Koçaryanın rəsmi veb səhifəsi

Ermənistanın ikinci prezidenti və müxalif “Hayastan” fraksiyasının lideri Robert Koçaryan və onun böyük oğlu Sedrak Koçaryan dövlət əmlakını vəzifə imkanlarından istifadə edərək bazar qiymətindən aşağı qiymətə əldə etməkdə şübhəli bilinərək avqustun 25-də saxlanılıblar. Onlar Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə aparılıblar.

Ermənistan mətbuatı Komitəyə istinadla yazır ki, cinayət işi üzrə onlarla ünvanda axtarış aparılıb. Axtarışlar Robert Koçaryanın və parlamentdə “Hayastan” blokunu təmsil edən Levon Koçaryanın evlərində də keçirilib.

Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin məlumatına görə, iş üzrə ümumilikdə altı nəfər saxlanılıb. İstintaqın ilkin məlumatlarına görə, Robert Koçaryanla saxlanılan digər şəxslər də vəzifə imkanlarından istifadə edərək dövlət və iqtisadi əhəmiyyətli əmlakı bazar qiymətindən xeyli aşağı qiymətə əldə etməkdə şübhəli bilinirlər.

Sedrak Koçaryan barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə vəsatət təqdim olunub.

Komitənin məlumatına görə, saxlanıldıqdan sonra Robert Koçaryan özünü pis hiss edib və onun üçün təcili yardım çağırılıb. Həkimlər Koçaryanın qan təzyiqinin yüksək olduğunu müəyyən ediblər və o, əlavə müayinə üçün tibb müəssisəsinə aparılıb.

Ermənistan mediasının məlumatına görə, Koçaryan xəstəxanaya Milli Təhlükəsizlik Xidmətinin əməkdaşlarının müşayiəti ilə aparılıb.

Koçaryanın ofisi isə saxlanılmanı hakimiyyətin keçmiş prezidentə və onun ailəsinə qarşı “növbəti hücumu” kimi qiymətləndirib.

Hadisədən bir gün əvvəl, avqustun 24-də baş nazir Nikol Paşinyan parlamentdə Robert Koçaryanın ailəsinin sərvəti barədə danışıb.

Paşinyan “Hayastan” blokunun deputatı Levon Koçaryanın sualını cavablandırarkən ailənin sərvətinin mənbəyini sorğulayıb. O, həmin sərvətin Ermənistana qaytarılmasının gündəmə gəlməli olduğunu deyib, bunu şəxsi deyil, siyasi məsələ adlandırıb və Robert Koçaryanı məhkəməyə verəcəyini bildirib.

Robert Koçaryan isə Paşinyanın fikirlərinə cavabında əmlakın kimə qaytarılacağına baş nazirin deyil, məhkəmənin qərar verməli olduğunu bildirib.

Koçaryanın saxlanılması Ermənistan hakimiyyəti ilə müxalifət arasında uzun müddətdir davam edən siyasi qarşıdurma fonunda baş verir.

Robert Koçaryan 1998–2008-ci illərdə Ermənistan prezidenti olub və hazırda müxalif “Hayastan” blokuna rəhbərlik edir.

Koçaryan bundan əvvəl də bir neçə cinayət işi üzrə ittiham olunub. 2018-ci ildə o, 2008-ci ilin martında Yerevanda keçirilən etiraz aksiyalarının dağıdılması ilə əlaqədar konstitusiya quruluşunu devirməkdə ittiham olunub. Koçaryan bu iş üzrə bir neçə dəfə həbs olunub, daha sonra azadlığa buraxılıb. 2021-ci ildə işə xitam verilib.

Keçmiş prezident həmin dövrdə rüşvət almaqda da ittiham olunub. Bu iş üzrə də 2021-ci ildə icraata xitam verilib.

2026-cı ilin yayında Koçaryanla bağlı yeni korrupsiya araşdırması başlayıb. İşin 2004-cü ildə Yerevanda torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı olduğu bildirilir.

Koçaryan son illərdə Nikol Paşinyan hakimiyyətinin əsas siyasi rəqiblərindən biri olaraq qalır. Onun rəhbərlik etdiyi “Hayastan” alyansı iyunun 7-də keçirilən parlament seçkisində üçüncü yeri tutub.

Seçkidən əvvəl Paşinyan Koçaryan və digər müxalif siyasətçiləri sərt şəkildə tənqid edib. İyunun 15-də isə Robert Koçaryanın Ermənistandan çıxmasına icazə verilməyib.

Hazırkı iş üzrə Koçaryan və digər şəxslərin konkret hansı əmlaklarla bağlı şübhəli bilindiyi və onlara qarşı hansı hüquqi maddələrin tətbiq olunduğu barədə bütün təfərrüatlar açıqlanmayıb.

Koçaryana və digər şəxslərə qarşı irəli sürülən ittihamlar hələ məhkəmə tərəfindən təsdiqlənməyib. İstintaq davam edir.

Ana səhifəUncategorized @azRobert Koçaryan və oğlu korrupsiya işi üzrə saxlanılıb