ABŞ vaxtı ilə iyunun 9-da axşam saatlarında, Azərbaycan vaxtı ilə iyunun 10-na keçən gecə ABŞ İran ərazisində yerləşən bir sıra hərbi obyektlərə hava zərbələri endirib. Məlumatlara görə, əməliyyat zamanı xüsusilə Hörmüz boğazı yaxınlığındakı hava hücumundan müdafiə sistemləri, yerüstü idarəetmə məntəqələri və müşahidə radarları hədəf alınıb.
ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) bu əməliyyatı ABŞ ordusuna məxsus AH-64 Apache helikopteri ilə bağlı insidentə cavab olaraq “özünümüdafiə zərbələri” adlandırıb. ABŞ Prezidenti Donald Tramp helikopterin İran tərəfindən vurulduğunu bildirib. CENTCOM isə əməliyyatın Amerika qoşunlarına və regional təhlükəsizliyə qarşı təhdidlərin qarşısını almaq məqsədi daşıdığını açıqlayıb.
Prezident Donald Tramp “ABC News”a açıqlamasında helikopterlə bağlı insidentə verilən cavabın “çox güclü və sərt” olmalı olduğunu deyib.
Cavab olaraq İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) iyunun 10-da Fars körfəzi regionunda, o cümlədən Bəhreyn, İordaniya və Küveytdəki Amerika hərbi obyektlərinə raket və dron hücumları təşkil etdiyini açıqlayıb.
İran mediasının məlumatına görə, PUA-lar ABŞ Hərbi Dəniz Qüvvələrinin Bəhreyndəki Beşinci Donanmasının qərargahını və radar sistemlərini hədəf alıb. Raketlərin isə İordaniyanın Əl-Əzraq şəhərində yerləşən və ABŞ-nin F-35 qırıcılarının dislokasiya olunduğu bazaya yönəldildiyi bildirilib.
SEPAH hədəflər arasında təyyarə anqarlarının və komanda-idarəetmə mərkəzlərinin olduğunu bəyan edib.
“Axios” anonim ABŞ rəsmisinə istinadən yazıb ki, İran bu bazalara ən azı dörd ballistik raket və bir neçə PUA buraxıb. Küveyt tərəfi hücumun qarşısını aldığını, İordaniya Silahlı Qüvvələri isə ABŞ Hərbi Hava Qüvvələrinin 332-ci Ekspedisiya Aviasiya Qanadının yerləşdiyi Əl-Əzraq bazası istiqamətində atılan beş raketin havada vurulduğunu açıqlayıb.
İordaniya ordusu raket qalıqlarının dağıntı və insan tələfatına səbəb olmadığını bildirib.
Bəhreyndə hava həyəcanı səsləri eşidilsə də, hücumun nəticələri barədə rəsmi məlumat verilməyib.
“Reuters”ə danışan ABŞ rəsmisi İranın buraxdığı raket və dronların demək olar ki, hamısının zərərsizləşdirildiyini, Amerika tərəfində itki və ya ciddi dağıntı qeydə alınmadığını bildirib. İran isə ABŞ zərbələri nəticəsində öz ərazisində dəymiş ziyanın miqyası barədə rəsmi açıqlama verməyib.
ABŞ və İran arasında hərbi gərginlik 2026-cı ilin fevralında regional sularda qarşılıqlı toqquşmaların kəskinləşməsi ilə pik həddə çatmışdı. İki ay davam edən intensiv hərbi eskalasiyadan sonra tərəflər arasında genişmiqyaslı müharibənin qarşısını almaq məqsədilə 2026-cı il aprelin əvvəlində rəsmi atəşkəs rejimi qüvvəyə minmişdi. Atəşkəsdən sonra tərəflər regional sabitliyi təmin edəcək və İranın nüvə silahı əldə etməsinə imkan verməyəcək uzunmüddətli sülh sazişi üzrə danışıqlara başlamışdılar.
İyunun 9-na keçən gecə ABŞ Prezidenti Donald Tramp jurnalistlərə bildirmişdi ki, tərəflər uğurlu sülh sazişinin yekun mərhələsindədir. Lakin həmin gün Hörmüz boğazı yaxınlığında ABŞ ordusuna məxsus “Apache” helikopteri ilə bağlı insident kövrək atəşkəsi ciddi sınaq qarşısında qoyub. Ardınca ABŞ-nin İran ərazisinə zərbələri və Tehranın regiondakı Amerika obyektlərinə raket və dron hücumları tərəflər arasında aylardır davam edən diplomatik irəliləyişləri dondurub və regionu yenidən böyük müharibə təhlükəsi ilə üz-üzə qoyub.