Gürcüstanın 3+3 platformasından imtinası ölkəni bölgədə təklədə bilərmi?

Yazar: Emil Məmmədli

Foto: https://azsiyaset.com/

Azərbaycan Gürcüstan münasibətlərinin davamı üçün perspektivlər barədə

Gürcüstan Azərbaycan və Türkiyənin bölgədə əməkdaşlıq üçün təklif etdiyi 3+3 formatında iştirakdan rəsmi imtina etdi. Dekabrın 10-da Moskvada bu formatda ilk görüş baş tutdu. Bu, Cənubi Qafqazın 3 ölkəsi ilə Rusiya, Türkiyə və İrandan ibarət bir formatdır. Rəsmi Tbilisinin həmin görüşdə nümayəndəsi olmasa da, görüş iştirakçıları formatın adını 3+3 kimi saxlayıb, qapıların Gürcüstan üçün açıq olduğunu bildirdilər.
Gürcüstanın bu formatdan imtinasının səbəbləri məlumdur və hardasa başa düşüləndir. Rəsmi Tbilisi torpaqlarının bir hissəsini işğal edən Rusiya ilə eyni platformada iştirak etmək istəmir. Azərbaycan da İkinci Qarabağ müharibəsindən əvvəl regional əməkdaşlıq platformalarında Ermənistanla bir masada oturmaqdan imtina edirdi. Fərq yalnız bundadır ki, rəsmi Bakı özünün iqtisadi potensialına, təbii resurslarına söykənərək, inamla belə bir addım atırdı və anlayırdı ki, bu, Azərbaycanın ziyanına olmayacaq. Bundan başqa, Azərbaycanın Türkiyə və Gürcüstan kimi tərəfdaşları var idi. Bu üç ölkənin birgə iştirakı ilə olan beynəlxalq layihələr əslində Ermənistanın özünü təklənmiş hala gətirdi. İndiki halda isə bir sıra ekspertlərin fikrincə, bölgədə olan bütün ölkələrin 3+3 formatına razılıq verdiyi halda rəsmi Tbilisinin bundan imtina etməsi və üstəgəl də Gürcüstanın iqtisadiyyat və təbii resurslar baxımından güclü olmaması, ölkənin bölgədə təklənməsinə gətirib çıxara bilər. Nəzərə almaq lazımdır ki, Gürcüstanın bölgədə əsas tərəfdaşları Azərbaycan və Türkiyə bundan sonra 3+3 formatında layihələrə üstünlük verəcəklər. Bu baxımdan Azərbaycan xarici siyasətinin də üzərinə əlavə yük düşəcək. Bir tərəfdən bayaq qeyd edildiyi kimi, hazırda prioritet sayılan 3+3 formatı, digər tərəfdən 30 il ərzində Qafqazda əsas tərəfdaş sayılan Gürcüstan.

“Azərbaycan və Türkiyənin Gürcüstana ehtiyacı var”

Məsələləri Meydan TV üçün şərh edən politoloq Azər Qasımlı qeyd edib ki, indiki halda Gürcüstanın təklənməsindən söhbət gedə bilməz, çünki həm Azərbaycanın, həm də Türkiyənin Gürcüstana ehtiyacı var.

“Eyni zamanda, Azərbaycanın beynəlxalq və regional layihələri Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Qars Gürcüstan üzərindən həyata keçirilir. Ona görə də Gürcüstanın bölgədə coğrafi olaraq çox böyük önəmi var. Gürcüstan 3+3 formatında iştirak etməsə də, Bakı və Ankara Tbilisini müttəfiqliyində olduqca maraqlı tərəflərdir”, – Azər Qasımlı deyib.

Bununla belə ekspert hesab edir ki, Azərbaycan Gürcüstanla olan əməkdaşılığını təbii olaraq davam etdirəcək.

Onun fikrincə, Azərbaycanla Gürcüstan arasında münasibətlər bundan sonra birgə təhlükəsizlik məsələlərindən daha çox, iqtisadi maraqlar üzərində qurulacaq.

“Bir məsələni vurğulamaq lazımdır ki, Azərbaycanla Gürcüstanın münasibətləri vaxtilə daha çox ümumi, birgə, geopolitik bir vektorun çərçivəsindəydi. Belə ki, Azərbaycan irəlidə Qərb institutlarına inteqrasiya yolunu tutacaq perspektivini görürdü. Əslində, 3+3 formatı Qərbi Cənubi Qafqaza buraxmamaq üçün ortaya atılıb və region ölkələrinin ilk növbədə NATO və digər Avropa institutlarına inteqrasiyasının qarşısını almaq məqsədi daşıyır”, – politoloq bildirib.

“3+3 formatı yoxdur, 3+2 haqqında danışmaq olar”

Bununla belə, Azər Qasımlı Gürcüstanın platformada iştirak etməməsinə görə, onu 3+3 yox, 3+2 adlandırılmasının daha doğru olduğunu deyib və ümumiyyətlə belə bir formatın işlək olmasına böyük şübhələrinin olduğunu deyib.

Eyni zamanda Azər Qasımlı hesab edir ki, Gürcüstanın belə bir formatda iştirak etməməsi səbəbindən Azərbaycanla münasibətləri maraqlar və gələcək inkişaf perspektivləri təbii ki, qlobal fərqli vektorlarda olduğuna görə müəyyən mənada korlana bilər.

“Amma münasibətlərin korlanması Tbilisi və Bakının marağında deyil. Bir daha təkrar edirəm, əgər bu format baş tutsa, irəlidə də genişlənsə, region Qərb üçün bağlansa, Azərbaycan hər zaman Rusiyanın avtoritar nəzarəti altında qalacaq. Amma Gürcüstan bu prosesdən tamamilə qopacaq”.

Azər Qasımlı
Azər Qasımlı, Foto: Meydan Tv

Onun fikrincə, belə olarsa, çox böyük ehtimalla Gürcüstanla Azərbaycan arasında münasibətlər iqtisadi çərçivəni əhatə edəcək.

“Münasibətlər ya tamamilə korlanacaq, ya da iqtisadi münasibətlərdən o tərəfə keçməyəcək. Yəni iki ölkə təhlükəsizliyini bir yerdə qurmaq, müzakirə aparmaq kimi formatlarda olmayacaq. Konkret desək, strateji müttəfiqlik yox, sadəcə, normal qonşuluq, dostluq olacaq”, – o deyib.

“Formatın gələcəyilə bağlı çox ciddi suallar var”

İsveçrədə mühacir həyatı yaşayan politoloq Rauf Mirqədirov da, Gürcüstanın iştirakdan imtina etməsinə görə, bu platformanın 3+3 adlandırılmasının əleyhinədir.

“Gürcüstan iştirak etməsə, bu format 3+3 adlandırmaq olmaz. 3+2 formatı var. Bu formatın da gələcəyilə bağlı çox ciddi suallar var. İlk növbədə bu formatın hansı sahələri əhatə edə biləcəyi və hansı struktura malik olacağı məlum deyil. Hələlik görüşlər keçirilir, nizamnaməsi və təşkilati strukturlar olacaqmı? Həmin təşkilati strukturlar hansı sahələri əhatə edəcək, hələ heç nə məlum deyil”, – Rauf Mirqədirov deyib.

O qeyd edib ki, Azərbaycanın Gürcüstanla da, Türkiyəylə də ikitərfli və üçtərfli münasibətləri var, tərəflər də bundan imtina etməzlər.

“Ən başlıcası odur ki, 3+3 formatına razılıq verən dövlətlərin bir çox sahələrdə maraqları üst-üstə düşmür. İranla Türkiyə arasında çox ciddi problemlər var. Rusiya ilə Türkiyənin öz problemləri var, vaxtaşırı ən azı Suriyada hərbi qarşıdurma səviyyəsinə çatdığını görürük”.

“Gürcüstan dəhlizi, Zəngəzurdan fərqli olaraq Rusiyanın nəzarəti altında olmayacaq”

Gürcüstanın belə bir platformada iştirak etməməsinə görə, bölgədə təklənməsi perspektivinə Rauf Mirqədirov inanmadığını deyib.

“Region dövlətləri arasındakı münasibətlər çoxşaxəlidir və bu dövlətlər bir-birindən asılıdır. Məsələn, Türkiyənin Gürcüstan və Azərbaycanla bağlı öz maraqları var. Bakı-Tbilisi-Ankara formatının da olduğunu bilirsiniz. Bu formatda iqtisadi-siyasi maraqlar öz əksini tapır və özü-özlüyündə qısamüddətli format deyil, strateji münasibətləri əhatə edir”.

Rauf Mirqədirov
Rauf Mirqədirov, Foto: Meydan TV

O qeyd edib ki, hətta Gürcüstan və Azərbaycanın iqtisadi münasibətləri baxımından, nəzərə almaq lazımdır ki, Bakı qonşu ölkəyə çoxlu investisiyalar qoyub. Eyni zamanda, enerji daşıyıcılarının ixraacatı dəhlizləri ordan keçir.

“Bu faktor münasibətləri uzunmüddətli müəyyənləşdirir. Həmin enerji daşıyıcılarının sonrakı istiqaməti Türkiyədir. Digər tərəfdən, nəqliyyat dəhlizi var ki, bu da qısamüddətli deyil və Şərq-Qərb nəqliyyat dəhlizinin tərkib hissəsidir. Yəni bu maraqlar uzunmüddətli olduğundan Gürcüstanın təcrid olunmasıyla nəticələnə bilməz”, – politoloq deyib.

O, həmçinin təhlükəsizliklə bağlı məsələləri də xatırladıb.

“Son dövrlər Gürcüstan, Azərbaycan və Türkiyə formatında təhlükəsizlik məsələlərinin müzakirə olunduğunu və bir sıra praktik addımlar atıldığını görürük. Azərbaycan üçün Gürcüstan dəhlizi öz əhəmiyyətini saxlayacaq. Hətta Zəngəzurdan kommunikasiya açılsa belə, təsiri ciddi olmayacaq. Nəzərə alın ki, həmin Zəngəzur kommunikasiyası, Gürcüstan dəhlizindən fərqli olaraq Rusiya sərhəd xidmətinin nəzarətində olacaq”.

Ana səhifəSiyasətGürcüstanın 3+3 platformasından imtinası ölkəni bölgədə təklədə bilərmi?