Gürcüstan şirkəti Rusiya neftinin emalını dayandıracağını vəd edib

Kobaxidze, rəsmi foto

Gürcüstanın Kulevi terminalı yaxınlığındakı neft emalı zavodunun arxasında dayanan ‘Black Sea Petroleum’ şirkəti avqust – sentyabr aylarından etibarən Rusiya neftinin emalını dayandıracağını vəd edib. Bu açıqlama şirkət ətrafında şübhələrin artdığı və tənqidçilərin onu Rusiyanın sanksiyalardan yayınmasına yardım etməkdə ittiham etdiyi bir vaxtda verilib.

Çərşənbə günü şirkətin saytında dərc edilən açıqlamanı OC Media-ya şirkətin sözçüsü də təsdiqləyib.

Bu açıqlama şirkətin və yaxınlıqda yerləşən, SOCAR-a məxsus Kulevi terminalının bu ilin əvvəlində Rusiyaya qarşı Aİ-nin 20-ci sanksiyalar paketinə daxil edilməkdən az fərqlə yayındığı dövrdən sonra verilib.

Fevral ayında yayılan məlumatlarda Kulevinin Rusiya neft daşımalarını qəbul etməsi və Rusiyanın “kölgə donanması”na aid gəmilərin limana yan almasına imkan yaratması ilə bağlı narahatlıqlar səbəbindən siyahıya salınacağı bildirilirdi. Lakin Gürcüstan hakimiyyəti və liman operatoru Aİ tərəfindən sanksiyaya məruz qalan gəmilərin Gürcüstan limanlarına buraxılmayacağına, Rusiya xam neftinə tətbiq edilən qiymət həddinə və ondan əldə edilən emal olunmuş məhsulların idxalına qoyulan qadağaya əməl ediləcəyinə dair öhdəlik götürdükdən sonra Aİ mövqeyini dəyişdi.

‘Black Sea Petroleum’-un bəyanatında bildirilir ki, şirkət ictimaiyyəti məlumatlandırmaqla öz irəliləyişi və legitimliyi barədə formalaşmış təsəvvürü yenidən qurmaq istəyir.

Şirkət vurğulayıb ki, avqust və ya sentyabr ayından başlayaraq “tamamilə Rusiya mənşəli olmayan mənbələrdən” alınan xam nefti emal etməyə başlayacaq. Şirkət bu dəyişikliyi daha yüksək marjalı ixrac bazarlarına çıxış imkanı kimi təqdim edir.

‘Black Sea Petroleum’ bildirib ki, 2026-cı ilin birinci yarısında 650 min tondan çox xammal emal edib və ‘Honeywell’ ilə münasibətlərini avtomatlaşdırılmış idarəetmə sistemlərinin satın alınması və quraşdırılmasını da əhatə edəcək şəkildə genişləndirib.

Şirkət həmçinin 2027-ci ilin birinci rübündə yol bitumu istehsal etməyi, ikinci rübdə isə aviasiya yanacağı istehsalı gücünü işə salmağı planlaşdırdığını bildirib.

Açıqlamada zavodun tədarük zəncirinin Rusiya xam nefti ilə bağlı olması barədə tənqidçilərin irəli sürdüyü ittihamlara birbaşa cavab verilir. Bu neftin Moskva ilə əlaqəli gəmilərə xidmət göstərməsi sənədləşdirilmiş tarixə malik Kulevi terminalı vasitəsilə yönləndirildiyi iddia olunurdu.

Şirkət inkişaf planına uyğun irəlilədiyini və layihəni Gürcüstanın iqtisadi artımına töhfə verən təşəbbüs kimi təqdim etməyə davam etdiyini bildirib. Adının açıqlanmasını istəməyən Qərb əsaslı bir ekspert OC Media-ya deyib ki, “Rusiya məhsullarının Rusiyaya dəmir yolu bağlantısı olan yaxınlıqdakı sanksiyaya məruz qalmamış limanlar vasitəsilə sızması” ehtimalı var.

“Lakin həcmlərin əhəmiyyətli dərəcədə böyük olduğuna şübhə edirəm”, – ekspert bildirib.

‘Black Sea Petroleum’ dövlətə məxsus Gürcüstan İnkişaf Fondu və hakim “Gürcü Arzusu” partiyasının qurucusu Bidzina İvanişvili tərəfindən təsis edilmiş Cartu Bank tərəfindən maliyyələşdirilir.

Bu yazı ingilis dilindən tərcümə edilmişdir. Yazının əslini OC Media-dan oxuya bilərsiniz.

Ana səhifəXəbərlərGürcüstan şirkəti Rusiya neftinin emalını dayandıracağını vəd edib