Gürcüstan Azərbaycanla quru sərhədlərinin açılmasını istəyir

Gürcüstan-Azərbaycan sərhədi. Foto: Ana Flasker/shutterstock

Nazir sərhədlərin açılmasını turizmin inkişafı üçün vacib sayır

Gürcüstanın Xarici işlər naziri İlya Darçiaşvili Azərbaycanın quru sərhədlərini daha 3 ay bağlı saxlaması ilə bağlı açıqlama verib.

Nazir hesab edir ki, Azərbaycanın Gürcüstanla quru sərhədləri açılardısa, qonşu ölkədən gələnlərin sayının artmasına kömək edərdi.

Martın 11-də Baş nazir Əli Əsədovun qərarı ilə Azərbaycanda xüsusi karantin rejimi daha üç ay – 2024-cü il iyulun 1-i saat 06:00-dək uzadılıb.

Azərbaycan 2020-ci ilin yazında koronavirus pandemiyası ilə əlaqədar quru sərhədini bağlamaq qərarı verib.

Ancaq İlya Darçiaşvili Gürcüstanın “Birinci Kanal”ına bildirib ki, sərhədlərin turizmin daha da inkişafı üçün tamamilə açıq olmasını alqışlayardılar:

Qonşu ölkədən və strateji tərəfdaşımızdan çoxlu ziyarətçilərimiz olub və bunun gələcəkdə də davam etməsini istəyirik”.

İlya Darçiaşvili. Foto: Gürcüstan XİN

Nazirin sözlərinə görə, Azərbaycanın sərhədlərlə bağlı konkret arqumentləri var:

Bilirik ki, səbəblərdən biri koronavirus idi, sərhədlər təhlükəsizlik məqsədilə bağlandı. Sonra bütövlükdə regionda baş verən hadisələr təhlükəsizlik baxımından  bu addımın atılmasına səbəb oldu. Ona görə də Azərbaycanın indiki mövqeyini bilmirəm. Deyə bilmərəm ki, niyə belə etdilər? Əgər onlar qərar qəbul edərlərsə, biz alqışlayırıq və onların vətəndaşlarının Gürcüstana gəlişi daha asan olacaq”.

Gürcüstanın İqtisadiyyat nazirinin müavini Mariam Kvrivişvilinin bir müddət əvvəl demişdi ki, iki ölkənin quru sərhədini bağlaması səbəbindən 1,5 milyondan çox turist itiriblər:

Ölkə pandemiyadan əvvəlki səviyyəyə qayıda bilməyib. Gürcüstan Azərbaycanla quru sərhədinin bağlanması səbəbindən 1,5 milyon turist itirib. Bu, təxminən 400 milyon dollara bərabərdir və məhz bu amil Gürcüstanın turist axınını tam bərpa edə bilməməsinə səbəb olub”.

Gürcüstanın Milli Statistika Xidmətinin məlumatına görə, 2023-cü ildə əcnəbilər Gürcüstana 7,1 milyon dəfə səfər ediblər ki, bu da 2022-ci illə müqayisədə 30,3 faiz çoxdur.

Ən çox ziyarətçi Rusiyadan olub – 1,2 milyon nəfər. Bu da ümumi ziyarətçilərin 23,2 faizini təşkil edir. Ondan sonra Türkiyə (21,4%) və Ermənistan (13,5%) gəlir.

Qonşu ölkə 2023-cü ildə turizmdən 4 milyard dollardan çox gəlir əldə edib.

Azərbaycan Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən, 2023-cü ildə ölkəyə dünyanın 187 ölkəsindən 2085,8 min və ya əvvəlki illə müqayisədə 30,2 faiz çox turist gəlib.

Gələnlərin 30 faizi Rusiya Federasiyası, 18,1 faizi Türkiyə, 7,9 faizi İran, 5,6 faizi Hindistan, 5 faizi Gürcüstandan, qalanı isə digər ölkələrdən gələnlərdir.

2023-cü ildə Gürcüstana gələn turistlərin sayı Azərbaycan və Ermənistana gələn turistlərin cəmindən 1.6 dəfə çoxdur.

Ana səhifəXəbərlərGürcüstan Azərbaycanla quru sərhədlərinin açılmasını istəyir