Göyçay sakini: “Obyektimi sənədləşdirmək bir dirəyə dirənib”

Fotolar: Meydan TV

Vətəndaş obyektinə “Çıxarış” ala bilmədiyini deyir

“Bu 10 min voltluq işıq dirəyi yolun qarşı tərəfindəydi. Mənimlə razılaşdırmadan, gecəyarı götürüb dirəyi mağazamın qarşısında basdırıblar. Səhər işçilərdən xəbər tutmuşam ki, mağazanın qarşısında dirək basdırılıb. İndi mağazama “Çıxarış” ala bilmirəm. “Çıxarış”ı verməli olan qurum deyir, obyektin qarşısında işıq elektrik dirəyi olduğuna görə “Çıxarış” vermək mümkün deyil. Yazmadığım, müraciət etmədiyim yer qalmayıb”.

Seyidməhəmməd Seyidov.

Göyçay sakini Seyidməhəmməd Seyidov deyir, oturduğu yerdə işə düşüb. Uzun illərdir ki, Natəvan küçəsində yerləşən kənd təsərrüfatı texnikalarının ehtiyat hissələrinin satışını həyata keçirən şəxsi mağazasını sənədləşdirə bilmir. Səbəb 3 il əvvəl yerli işıq idarəsinin onunla razılaşdırmadan, gecəyarısı yolun qarşı tərəfindəki işıq dirəyini gətirib ona məxsus mağazanın qarşısında basdırmasıdır. 3 ildir ki, aidiyyəti qurumlara, prokurorluğa yazdığı ərizələrdə dirəyin götürülməsini istəsə də, buna nail ola bilməyib.

“Azərişıq” da deyir, dirək yerinə qaytarılmalıdır, amma…

Şikayətçi ötən ilin sonunda “Azərişıq”dan məktub da aldığını deyir:

“Dekabrda mənə “Azərişıq”dan məktub gəlib. Məktubda qeyd olunub ki, elektrik veriliş xəttinin əvvəlki yerinə qaytarılması barədə şikayətimə baxılıb. Xəttin 2024-cü ildə yerinə qaytarılması nəzərdə tutulub. Ancaq bu, 2024-cü ilin hansı ayında, günündə olacaq, qeyd edilməyib. 2024-cü ilin yarı olmasına az qalıb”.

Göyçay Elektrik Şəbəkəsindən Meydan TV-yə bildirilib ki, elektrik dirəyinin götürülməsini ləngidən səbəb mağazanın qonşuluğundakı sakinlərdir. Həmin dirəkdən mənzillərinə elekrtik xətti gedən abonentlər dirəyin götürülməsinə etiraz edir.

Göyçay Rayon İcra Hakimiyyəti də eyni cavabı verib. Qurumdan bildirilib ki, vətəndaşın müraciəti əsasında Göyçay Elektrik Şəbəkəsinə məktub göndəriblər. Şəbəkədən icra hakimiyyətinə cavab gəlib ki, əraziyə baxış keçirilib, qonşular arasında mübahisə yarandığı üçün elektrik dirəyinin yerinin dəyişdirilməsi hələlik mümkün deyil.

“Yeraltı kabellər çəksinlər, problemi həll etsinlər”

Mağaza sahibi isə deyir, işıq idarəsi elektrik xətlərini müasir standartlara uyğun olaraq yeraltı kabellər vasitəsiylə də çəkə bilər. O zaman nə mübahisə, nə kiminsə şəxsi obyektinə problem yaranar:

Bir vətəndaşı işıqla təmin etmək başqa vətəndaşa mane olmamalıdır, kiminsə evində işıq yanacaq deyə, mənim obyektim sənədsiz qalmalı deyil. Aidiyyəti qurumlar zəhmət çəkib problemi həll etsinlər”.

Ana səhifəBölgəGöyçay sakini: “Obyektimi sənədləşdirmək bir dirəyə dirənib”