Nurlan Libre: “İlham Əliyevin sabitlik illüziyası”

Nurlan Libre. İllüstrasiya: Meydan TV

“Meydan TV işi” üzrə hazırda həbsdə olan jurnalist Nurlan Libre (Qəhrəmanlı) 1 saylı Bakı İstintaq Təcridxanasından yazır. Yazını olduğu kimi təqdim edirik:

İnsan təbiəti etibarilə xəyal dünyasında yaşamağı bacaran yeganə varlıqdır. Başqa heç bir canlı illüziya yarada və ya ona inanmağa qadir deyil. Bu bacarığımız bizə kollektiv şəkildə yaşamağa, həyatı mənalandırmağa kömək edir. Kollektiv şəkildə yaratdığımız ilk illüziya axirət dünyasına inamla bağlı olub.

Minlərlə din, on minlərlə tanrı, yüz minlərlə peyğəmbər bizə bu və ya digər şəkildə maddi dünyanın üzərində sonsuz müddətdə zövq və səfa içərisində yaşayacağımız cənnət vədi edir. Bu cənnət təsvirləri içərisində mənim ən çox diqqətimi çəkən skandinav mifologiyası olub. Xristianlığı qəbul etməzdən əvvəl skandinavlar inanırdılar ki, əgər onlar döyüşdə qəhrəmancasına həlak olsalar, Valhallaya gedəcəklər. Orada onları günəşli günlər, silah yoldaşları ilə kef məclisləri gözləyəcək.

Zaman keçdikcə başqa illüziyalara da inanmağa başladıq. Metal parçalarına dəyər yükləyərək alış-veriş etməyə başladıq. Sonradan kağızların üzərinə rəqəmlər yazdıq, dijital ödəniş üçün kriptovalyutalar yaratdıq və s. Bu əşyaların real dünyada əslində heç bir dəyəri yoxdur, sadəcə kollektiv şəkildə inanırıq ki, alış-veriş üçün istifadə etdiyimiz elementin hər hansısa bir dəyəri var.

Roma imperiyasının mövcud olduğu antik dövrdə legion əsgərinin ayaq basmadığı torpaqlarda belə imperiyanın sikkələri ticarət üçün istifadə olunurdu. Çünki insanlar inanırdılar. Bu gün həmin sikkələrlə heç marketdən su belə ala bilməzsiniz. Qızıl istisna olmaqla heç bir valyutanın dəyəri yoxdur. Tarix boyu özümüzü illüziya ilə aldatmışıq. Qızılı dəyərli edən faktor da təbiətdə limitli çəkidə olmağını bilməyimizdir. Nə zamansa almazda olduğu kimi qızılı da sənaye üsulu ilə istehsal etməyi bacarsaq, bu illüziya da çökəcək.

Yazımdan illüziyalara qarşı olduğum nəticəsinə gəlməyinizi istəmirəm. Bu bacarığımız olmasaydı, kollektiv şəkildə yaşamağı bacarmazdıq, yeni qitələr kəşf etməzdik, kosmosa çıxmazdıq ya da Yaponiyaya iki atom bombası atmazdıq, ekoloji tarazlığı məhv etməzdik. İndi baxır hadisələrə hansı perspektivdən baxırsan. Yekunda sürü şəklində mağarada yaşamaq əvəzinə komfortlu şəhərlərdə yaşayırıqsa, bunu yaratdığımız illüziyalara borcluyuq.

İllüziyalar hər zaman insanlığa fayda gətirməyib. Məsələn, uzun əsrlər boyu hansısa kral özünü tanrının yer üzündəki təmsilçisi olduğunu iddia edərək tiranlıq qurub. Antik dövrlərdə işi bir az da irəli aparıb özlərini tanrı elan edən diktatorlar belə olub. Yaxşı ki, bu illüziya indi o qədər də populyar deyil. Amma hələ də öz tanrısını şad etmək üçün ölməyə və öldürməyə hazır olan yüz minlərlə insan var. Giriş hissəmi uzatdıqca hiss edirəm ki, mətn fəlsəfi dərinliyini itirib anarxist doktrinə çevrilir. Məqsədim yekunda sizi dövlətə qarşı silahlı müqavimətə səsləmək deyil. Həm də bu saatdan sonra DTX-nin istintaq təcridxanasına da getmək istəmirəm.

Əlbəttə ki, illüziyalardan danışırıqsa, bəşəriyyətin yaratdığı ən kompleks xəyali varlıq olan dövlətdən bəhs etmədən keçmək olmaz. Dövlət özlüyündə bütün illüziyaları birləşdirir. Onun şirkəti, silahlı qüvvələri, əmlakı, hüquqi sistemi və s. hər şeyi var. Bu, təxminən klubda kokteyl sifariş verməyə bənzəyir. Barmenə deyirsən ki, əlində nə qədər içki varsa, hamısından şot düzəlt, sürahiyə doldur, gətir.

Mənim dövlət məfhumunu tənqid etmək kimi fikrim yoxdur. Sərhədlərini qorumaq üçün məcburi hərbi xidmətə getməsək, vətəndaş olmaq çox yaxşı şeydi. Bunun alternativi ya rəiyyət olmaqdı, ya da hansısa zorakıya boyun əyməkdi. Dövlət illüziyasına ona görə inanırıq ki, bizim həyatımıza sabitlik gətirir. Oksigen kimi bir şeydi, onunla əhatələnmişik deyə varlığını duymuruq. Yalnız olmayanda yadımıza düşür. İctimai nəqliyyat işləyəndə, kommunal xidmətlər qaydasında olanda, evimizə oğru girməyəndə, bir sözlə, gündəlik rutinimiz pozulmayanda ölkəni kim idarə edir, parlamentdə hansı fraksiya dominantdı, çox da vecimizə olmur. Bəs həqiqətən də stabil dövlətdə yaşayırıq? Buradan yazımın əsas hissəsinə keçid edirəm.

İlham Əliyev atasından təkcə hakimiyyəti miras olaraq almadı, bonus olaraq “gəlmişdiz də 92-93-də hakimiyyətə, ölkəni hərc-mərcliklə idarə edirdiniz” narrativini də aldı. Elə bil ki, marketdən endirimli kolbasa alırsan, yanında bir paket sosiska hədiyyə verirlər. Üzrlü sayarsınız, ac vaxtıma düşdü, yemək yeyim, gəlirəm…

Hə, harda qalmışdım, Heydər Əliyev həqiqətən də hakimiyyətə gələndə ölkəyə iqtisadi və siyasi stabilliyi gətirməyi bacarmışdı. Müharibə dayandı, silahlı müxalifət basdırıldı, avrointeqrasiya prosesi başladı, Qərblə neft müqavilələri bağlandı və s. Birtək Qarabağ münaqişəsini həll etməyə ömrü yetmədi, onun da günahı özündə deyil. Ata Əliyevi bu qədər təriflədim, bəsdir. Oğul Əliyevə çiçəklənən ölkə miras qaldı. Əliyev İlhamın bir az da onda bəxti gətirdi ki, hakimiyyətinin ilk illərində dünyada neft qiymətləri birdən-birə kəllə-çarxa qalxdı, ölkəyə göydən zənbillə pul yağmağa başladı. Həmin pullarla müxalifəti və mətbuatı satın aldı, ölkəni böyük bir tikinti meydançasına çevirdi, bunun sayəsində xalqın güzəranı yaxşılaşdı, beynəlxalq səviyyəli tədbirlər keçirməyə başladı, avropalı deputatlara və digər nüfuzlu şəxslərə rüşvət paylamağa başladı. Bir sözlə, həm xalq razı idi, həm də marionetləşməyə başlayan müxalifət.

Hər gözəl nağılın sonu olduğu kimi, bu da bitdi. 2008-də gəlməyə başlayan pullar 2013-də kəsildi. Ölkədə iki dəfə devalvasiya oldu, sosial şəbəkələrin genişlənməsi ilə yeni nəsil müxalifət yarandı, soyuducusu boşalan xalq televiziya izləməməyə başladı.

Mənə elə gəlir ki, Əliyev sabitlik illüziyasının parçalanmağa başladığını ilk dəfə 2019-cu ilin yanvar ayında dərk elədi. Həmin dövrdə Mehman Hüseynova dəstək məqsədi ilə başlayan sosial media etirazları çox sürətli şəkildə sosial hərəkata çevrildi. Müxalifət ilk dəfə Məhsul stadionunu doldurmağı bacardı, aksiyanın görüntüləri sosial mediada milyonlar tərəfindən izləndi. Üstəlik, bunun üçün 1 manat da olsa büdcə ayırmamışdılar, Əliyev o gecə ilk dəfə yuxusuz qaldı. İnsanlar artıq Əliyevə açıq mesaj verirdilər: “Ya bizi əvvəlki ehtişamlı günlərimizə geri qaytar, ya da çıx get”. Əliyevin xalqa paylamağa pulu yox idi, susturmağa müxalifət də qalmamışdı. Müxalifətin bütün maliyyə qaynaqları qurudulmuşdu, ofisləri bağlanmışdı, aktiv üzvləri həbs edilmişdi. Amma yenə də etiraz etməyə davam edirdilər. Bu dəfə də acığını “Məhsul” stadionunu bağlamaqla çıxdı. Zənn edirdi ki, belə etməklə “sabitlik illüziyasını” qoruyub saxlaya biləcək.

Yeni nəsil Vətəndaş Cəmiyyəti artıq Əliyevdən dəyişiklik tələb edirdi. Əslində nəticə də əldə etməyə başlamışdıq, təəssüf ki, Əliyevin şansı yenə də gətirdi, pandemiya və müharibə dadına çatdı.

Pandemiya allahın bəndələrinə cəzası kimi bir şey idi. Bütün dünyada dövlətlər sürətlə totalitarlaşmağa başladı, iqtisadi tənəzzül başlandı, azadlığımızı sağlamlıq qayğılarımıza qurban verdik. Elə bil kimsə Pandoranın qutusunu açdı, tez də bağladı. Əliyev də bu xaotik vəziyyətdən istifadə etdi. Dezinformasiya əleyhinə qanun qəbul etdi, quru sərhədlərini hələ də bağlı saxlayır və s. Hələ də pandemiya səbəbi ilə itirdiyimiz azadlığımızı geri qaytara bilmirik.

Paşinyanın Ermənistanda hakimiyyətə gəlməsi Vətəndaş Cəmiyyətində müsbət abu-hava yaratmışdı. Cənubi Qafqazda avropameyilli liderlərin çoxluğu müsbət tendensiyadır. Necə deyərlər, qonşuda bişər, bizə də düşər. KTMT üzvü olan dövlətdə demokratlar hakimiyyətə gəlibsə, bizdə niyə olmasın? Sən saydığın say, gör fələk nə sayır, deyirlər.

Ermənistanın Rusiya ilə arasının soyuduğundan istifadə edən Azərbaycan bundan məharətlə istifadə edərək Qarabağ konfliktini, Əliyev demiş, cəhənnəmə vasil etdi. Həmin dövrdə Vətəndaş Cəmiyyəti iki yerə parçalandı. Bir qrup müharibədə qalib gəlməyin xalqda müsbət əhval-ruhiyyə yaradacağını, Əliyevdən demokratiya tələb edəcəyini gözləyirdi. Digər kiçik qrup olan “nowar”çular isə Əliyevin müharibədən istifadə edərək öz legitimliyini gücləndirəcəyini iddia edirdilər.

Təəssüf ki, skeptiklər haqlı çıxdı. Əliyevin iqtisadi böhran fonunda parçalanmağa başlayan “sabitlik illüziyası” ərazi bütövlüyünün bərpa olunması ilə yenidən möhkəmləndi. Amma bu eyforiya cəmi 3 il çəkdi. Artıq insanları Qarabağ dərdi ətrafında sıx birləşdirmək işə yaramamağa başladı. Əliyev bu dəfə də Xankəndi şəhərini nəzarətinə götürdü, erməni əhalisini, öz təbiri ilə desək, “iti qovan kimi qovdu”, qondarma rejimin vəzifəli şəxslərini müharibə cinayətləri ittihamı ilə həbs etdi.

Amma bu uğurları ona siyasi divident gətirmədi. Xalqa zərrə də olsa maraqlı olmadı ölkənin “failed state” statusundan çıxmağı. Əksinə, Əliyevin beynəlxalq nüfuzu zəiflədi, kollektiv Qərb Rusiyanın açıq xeyir-duası ilə baş verən müharibə cinayətlərini Əliyevə bağışlamadı, 907-ci düzəliş yenidən gündəmə gəldi. AŞPA nümayəndəliyimiz donduruldu, Avropa İnsan Hüquqları Məhkəməsinə hakim göndərə bilmirik, ölkə əleyhinə qətnamə, bəyanat və hesabatların sayı artdı.

İllüziyanı qorumaq çətinləşdikcə dövlət daha da aqressivləşdi. Nəticədə çürümüş sistemi tənqid edən jurnalistlər, siyasətçilər, ictimai fəallar, bloqerlər kütləvi şəkildə həbs edilməyə başlandı. Bu sadaladıqlarım aysberqin görünən tərəfidir, bir də məsələnin alt qatları var. Dövlət “ictimai sabitliyi qorumaq” üçün profilaktik tədbirlərə də əl atır. Narkotik istifadəçilərini və keçmiş məhbusları “narkotik satışında” ittiham edir, üstündən narkotik “tapır”, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə iş başladır. Ağır Cinayətlər Məhkəməsi də standart olaraq 3 il hökm oxuyur. Burada məntiq sadədir, cinayətə meyilli şəxslərin dairəsini müəyyənləşdirmək, onları hərəkətə keçmədən ekartə etmək. Beləliklə, həm öz işlərini yüngəlləşdirirlər, həm də cəmiyyətə ölkədə cinayətkarlıqla mübarizə mesajı verirlər.

Medalyonun digər üzündə isə qorxu xofu yaratmaq hədəflənir ki, “bizim üçün qanun-manun yoxdur, istədiyimiz şəxsi, istədiyimiz yerdə və zamanda həbs edə bilərik”. Nəzarət mexanizminin güclü olduğu iki məkan var: məscidlər və sosial şəbəkələr.

Sosial şəbəkələrlə bağlı dövlətin hələ 2010-cu illərdən senzura planları olub. İlk başlarda şəxsiyyət vəsiqəsi kimi absurd təkliflər irəli sürülsə də, sonradan qanunvericilik bazası formalaşdırmağı bacardı. Əvvəlki yazımda azyaşlıların hüquqlarını sosial mediada qoruduğunu iddia edən qanun barədə yazdığım üçün məsələni çox geniş şərh eləmirəm, redaktorum həmin yazıya keçid linki verər.

Məscidlər ölkədə potensial etirazçı kütlənin toplandığı məkanlar kimi dövlətin daim nəzarətində olub. Tez-tez ölkədə inanclı şəxslərə qarşı “cadugər ovu” başladılır, məscidlərdə ictimai fəal şəxslər həbs edilir. Əsas hədəf qrup şiələrdir. Şiəlik fəlsəfəsi etibarı ilə zalıma qarşı mübarizə üzərində qurulub. Buna görə də dövlət bu qrupa xüsusi diqqət göstərir. Şiələr də 234.4.3-cü maddəsi ilə tez-tez şərlənirlər. Amma dövlət mediasında onların həbsi İranın casus şəbəkəsinə qarşı mübarizə kimi təqdim olunur.

Haşiyədən kənara çıxaraq yerli bloqerlərin “hədə-qorxu ilə pul tələbetmə” ittihamı ilə həbs edilməsini də misal göstərə bilərəm. Bu barədə 3 may jurnalistlərin müdafiəsi günündə yazdığım məqalədə ətraflı bəhs olunur.

Meydan TV-də həbs olunmazdan əvvəl yayımlanan sonuncu videoreportajlarımın birində ölkədə lokal etirazların blokada və kütləvi həbslər fonunda necə basdırılması ilə bağlı kiçik araşdırmam və Astaranın Ərçivan kəndində talış icmasına qarşı baş verən polis zorakılıqlarından bəhs edirdim.

Bütün bu sadaladıqlarım böyük rəsmin kiçik bir hissəsidir. İllüziya artıq heç olmadığı qədər kövrəkləşib. Onun bütövlüyünü qoruyub saxlamaq gün-gündən Əliyev üçün çətinləşir. Qarabağ eyforiyası bitib, insanlar “xarici düşmən” nağıllarına inanmırlar, “Əliyev yaxşıdır, məmurlar pisdir” tezisi də artıq öz aktuallığını itirib. Gültəkin Hacıbəyli demiş, “rejimin sonuna az qalıb, sentyabrda hakimiyyətə gəlirik”.

Əliyev artıq xarici düşmən tapmaqda da çətinlik çəkir. Bir ara Ermənistana silah satan Hindistan belə düşmən olmuşdu. Bir gün ayıldıq ki, bəs Ramiz Mehdiyev xalqa divan tutan korrupsioner məmur imiş, prezidentin də bundan yeni xəbəri olub. Əli Kərimli də dövlət çevrilişi eləmək istəyirmiş. Bütün bu repressiyaların müsbət tərəfi də var. Əliyev artıq özünü Qərbə “sevimli diktator” kimi təqdim edə bilmir.

Azərbaycan hazırda partlamağa hazırlaşan barıt çəlləyinə bənzəyir. Ölkə uzun müddətdir ki, inkişaf dövrünü dayandırıb, durğunluq dövrünə qədəm qoyub. İnsanlar artıq dəyişiklik tələb edirlər. Müxalifəti, müstəqil fəalları, inanclı şəxsləri, jurnalistləri həbs etmək sadəcə gözlənən sonun gələcəyi vaxtı gecikdirməyə hesablanıb. Xalq illüziya yox, real rifah, ləyaqətli yaşam tələb edir. İlham Əliyev isə xəstəliyi müalicə etmək əvəzinə, simptomlarla mübarizə aparır.

İllüziya nə zaman çökəcək, bunu dəqiq proqnozlaşdırmaq çox çətindir. Çünki əlimizdə konkret statistik məlumatlar yoxdur. Xalqın neçə faizi bu illüziyaya inanır, bilmirik. Bildiyim yeganə şey odur ki, tənəzzül dövrünə girmiş heç bir tiranlıq yenidən yüksəlişə keçə bilmir.

Bu yazımı da belə yekunlaşdırıram, əziz izləyicilərim. Sizlərə qovuşacağım günü şövq və həsrətlə gözləyərək, Bakı İstintaq Təcridxanasında sizinlə vidalaşıram. Sağlıqla qalın.

Hələlik!

Nurlan Libre

Ana səhifəHəbsxanadan məktublarNurlan Libre: “İlham Əliyevin sabitlik illüziyası”