Göyçay sakini: “Obyekt tikilsə, yaşayış binasına giriş-çıxış məhdudlaşacaq”

Foto: Meydan TV

“Məmurlar indi də “el yolu”na əl atıblar, insanların yol kimi istifadə etdikləri ərazini satıblar”

“Bu gedişlə, avtomobillərin, piyadaların hərəkəti yolları da ləğv olunacaq, yerində ticarət obyektləri  tikiləcək. Bir də gördünüz ki,  xəyallarımızda canlandırdığımız “uçan maşınlar”dan istifadə etməyə zərurət yarandı”.

Göyçay sakinləri Meydan TV-yə danışırlar ki, rayonun yolları, parkların əraziləri və ətrafı qarış-qarış satılır. Hazırda isə rayonun Heydər Əliyev prospektində yerləşən 9 saylı tam orta məktəbin qarşısında tikintiyə başlanılıb. Rayon sakini, 1-ci qrup hərbi əlil Məhəmmədəli Səmədov deyir, həmin yol piyadaların və məktəblilərin gündəlik istifadə etdikləri yoldur:

“Bu, Göyçay Rayon İcra Hakimiyyətinin Arxitektura və Memarlıq Şöbəsinin müdiri İntiqam Süleymanovun çoxsaylı qanunsuz əməllərindən növbətisidir. Avtomobillərini, obyektlərini, şəxsi büdcələrini doldurmaqla doymayan rayon məmurları indi də “el yolu”na əl atıblar, insanların yol kimi istifadə etdikləri ərazini satıblar”.

“Etirazlara məhəl qoyan yoxdur”

Məhəmmədəli Səmədovun sözlərinə görə, yaxınlıqdakı beşmərtəbəli binanın sakinləri, yoldan istifadə edən piyadalar tikinti aparılmasına etiraz etsələr də, məhəl qoyan yoxdur:

“Fotoda gördüyünüz obyekt ticarət mərkəzidir. Kənardan kiçik görünməyinə baxmayın, içərisi genişdir. Üstəlik, arxa tərəfində daha bir oxşar bina var, o da həmin ticarət obyektinə aiddir. Qarşısında isə gördüyünüz kimi, özül qazılır. Obyekt genişləndirilir. Növbəti bina tikilməklə arxada görünən beşmərtəbəli yaşayış binasına giriş də çətinləşəcək. Bina sakinlərini dinləyən yoxdur. Obyektin sahibi deyir, siz kimsiniz, icra hakimiyyətindən icazəm var, tikirəm. Bu işdə əli olan məmurların əməli cinayətdir, vəzifələrindən sui-istifadə edərək yolları zəbt edib obyektlər tikirlər. Ancaq dərdini kimə deyəsən? Özbaşınalıq baş alıb gedir”. 

Foto: Meydan TV

Sakinlərin sözlərinə görə, obyekt sahibi özü də elə həmin ərazilərdə yaşayır. İlham adlı həmin şəxsin yolun qarşı tərəfində də yolkənarı ərazidə ticarət obyektləri var.

İcra Hakimiyyəti: “Sahibkar abadlıq işi aparır”

Göyçay Rayon İcra Hakimiyyətindən bildirilib ki, qurum tərəfindən həmin ərazidə tikinti işlərinin aparılması ilə bağlı icazə verilməyib. Əraziyə sahibkar tərəfindən çınqıl tökülərək abadlaşdırma işləri aparılır. 

Məhəmmədəli Səmədovsa icra hakimiyyətiylə razılaşmır:

“Çınqıl tökülərək abadlıq işləri aparılan əraziyə bünövrə tökülmür. Fotolardan da gördüyünüz kimi, yerə inşa olunacaq obyektin tikintisinə uyğun bünövrə tökülüb. Uşaq da baxanda anlayar ki, ərazidə abadlıq işləri yox, məhz obyekt tikintisinə hazırlıq işləri görülür”.

Ana səhifəBölgəGöyçay sakini: “Obyekt tikilsə, yaşayış binasına giriş-çıxış məhdudlaşacaq”