Generallar sübutları saxtalaşdırmaqda və pul ələ keçirməkdə şübhəli bilinir

Söhbət 20-dən çox sabiq MTN-çinin, o cümlədən 5 generalın (Akif Çovdarov, Sübahir Qurbanov, Teymur Quliyev, Natəvan Mürvətova, Elçin Quliyev) cəzalandırıldığı cinayət işindən gedir.

Foto: Azertac


Baş Prokurorluq məlumat yayıb

Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinin idarə rəisi olmuş Mövlam Şıxəliyev və nazirliyin Hərbi Əks-Kəşfiyyat İdarəsinin keçmiş rəhbəri Nizami Şirinov 2015-ci ildə başlanmış cinayət işi üzrə məsuliyyətə cəlb olunub. Söhbət 20-dən çox sabiq MTN-çinin, o cümlədən 5 generalın (Akif Çovdarov, Sübahir Qurbanov, Teymur Quliyev, Natəvan Mürvətova, Elçin Quliyev) cəzalandırıldığı cinayət işindən gedir.

Baş Prokurorluğun mətbuat xidmətindən Meydan TV-yə verilən məlumatda bildirilir ki, Mövlam Şıxəliyevin MTN-nin İstintaq Baş İdarəsinin rəisi işlədiyi dövrdə tabeliyindəki şəxslərlə birlikdə 9 halda sübutları saxtalaşdırması, külli miqdarda rüşvət tələb etməsi və alması, eləcə də 4 halda müxtəlif əmlakını və pulunu hədə-qorxu ilə ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib.

Nizami Şirinov isə müxtəlif adamlardan MTN-nin Akademiyasına qəbul etdirmək, xidmət yerini dəyişdirmək, həmçinin tabeliyindəki əməkdaşın işdən çıxarılmasının qarşısını almaq, ümumi himayədarlıq adıyla rüşvət almaqda, üç nəfərin əmlakını hədə-qorxu ilə ələ keçirməkdə ittiham olunur.

Hər iki generala qarşı Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2 (ağırlaşdırıcı hallarda hədə qorxu ilə tələb etmə), 294.3 (sübutları saxtalaşdırma), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4 (ağırlaşdırıcı hallarda rüşvət alma), 341.2.1, 341.2.3 (ağırlaşdırıcı hallarda vəzifə səlahiyyətlərindən sui istifadə etmə və vəzifə səlahiyyətlərini aşma) maddələri ilə ittiham irəli sürülüb. Barələrində Bakı Hərbi Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Generalların işi üzrə araşdırmalar Baş Prokurorluğun İstintaq İdarəsində davam etdirilir. Ötən ilə qədər bu idarə Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi adlanırdı. 2015-ci ilin oktyabrında keçmiş MTN-çilər haqqında cinayət işi də bu idarədə başlanmışdı. O zaman istər istintaqdakı, istərsə də məhkəmədəki ifadələrdə həm Mövlam Şıxəliyevin, həm də Nizami Şirinovun adları hallanmışdı. Zərərçəkənlər qanunsuz tutulmaları, MTN-də təzyiqlərə məruz qalmaları, hədə-qorxu ilə əmlakılarının əllərindən alınmasına görə həm də onları ittiham edirdilər.

Adları çəkilən generallar o zaman şahid qismində də dindirilmişdilər. Amma dindirmələr zamanı barələrində səslənən ittihamlarla razılaşmamış, kimsədən rüşvət almadıqlarını, qanunsuzluq etmədiklərini bildirmişdilər.

Həm Mövlam Şıxəliyev, həm də Nizami Şirinov Eldar Mahmudov nazir olduğu dövrdə MTN-də idarələrə rəhbərlik edib. 2015-ci ilin oktyabrında MTN-in 20-dən artıq vəzifəlisinin həbsi ilə nəticələnən əməliyyatdan onlar da vəzifədən uzaqlaşdırılıb.

Ana səhifəSiyasətGenerallar sübutları saxtalaşdırmaqda və pul ələ keçirməkdə şübhəli bilinir