Eyni dərd

Bakı. Foto: Dilara Mammadova/shutterstock

Zərdüşt Əlizadə

Görünür, dərdin həqiqi çöhrəsi çox çirkindir

“-Dərdin nədir, a bala?
-Aşiq olmuşam”.

Çox oxumuşam, çox görmüşəm bu həyat oyununu, bu mürəkkəb görünən, əslində bəsit dərdə bəsit əlac həngaməsini.
Hansından başlayım?

Zərdüşt Əlizadə
Foto: Meydan TV

Biri vardı, biri yoxdu, SSRİ adlı nəhəng və qüdrətli bir dövlət var idi. Bu dövlət elə qurulmuşdu ki, əhalinin mütləq əksəriyyəti təxminən bərabər səviyyədə məvacib alıb babət yaşayırdı. Bu dövlətin ali mərtəbəsində işləyib yaşayan partokrat adlanan məxluqata müəyyən imtiyazlar verilmişdi ki, əhaliyə yaxşı qulluq etsinlər: qıt mallara asan çatım, keyfiyyətli müalicə, pul mükafatları və ildə bir dəfə müftə istirahət və səyahət. Yəni raykomun birinci katibi rəsmən universitet professorundan zəngin yaşaya bilməzdi. Bundan əlavə, onlar öz əsasən kütbeyin balalarını imtiyazlı ali məktəblərdə oxudub sonradan onları xaricdəki sovet idarələrində işə düzəldirdilər, onlar da ortabab xarici mütəxəssis maaşı alıb keyfiyyətli qida məhsullarını “Beryozka” mağazalarından, geyimi və elektron məişət cihazlarını Almaniyanın “Kveli” univermağından ala bilirdilər.

Partokratların səyahətləri bəzən xarici dövlətlərə olurdu, onlar özlərinin siyasi rəqibləri olan kapitalistlərin həyatı ilə yaxından tanış olduqca ürəklərində paxıllıq tonqalı qalanırdı. Bu haqsızlıq onları əməlli sıxırdı: dünyanın ən zəngin ölkəsinin ağası olasan, belə kasıb yaşayasan! 1980-cı illərdə onların çəkdikləri dərd ərşə qalxdı.

“Dərdin nədir, a bala?
-İnsan çöhrəli sosializm istəyirəm”.

Bəllidir ki, onların əsl dərdi sərvət idi, lakin soyulmağa əsas namizəd olan cahil kütləyə həqiqəti açıq söyləmək olmazdı. Kara “insan çöhrəli sosializm” nağılı gəldi. Girişdilər “insan çöhrəli sosializm” quruculuğuna, işi elə ustalıqla qurdular ki, sosializm gurultu ilə dağılıb yerini verdi “vəhşi kapitalizmə”, yuxarıda isə, təbii ki, partokratlar və xəfiyyə zabitləri oturdular. Cəmiyyətin əsas qanunu “xalqın rifahının daim yaxşılaşması” deyil, “bacarana can qurban” oldu.

Hamının əsl dərdi var, özü də bu dərd eyni dərddir, lakin heç kim bu əsl dərddən deyil, onu gizlətməyə xidmət edən qılafdan, pərdədən, niqabdan ağızdolusu danışır.

Real sosializmin sökülməsi əməliyyatını partokratlar tapşırmışdılar “milli-azadlıq mübarizəsi”nin kəmsavad və satqın liderlərinə. Onlar da ümumi dərəbəylik şəraitində ələçatımlı ümumxalq mülkiyyətini yaxından görüb əməlli vəzifə və sərvət dərdi çəkməyə başlamışdılar.

“Dərdin nədir, a bala?
-Müstəqillik, azadlıq və türk dünyası istəyirəm”.

Əsl dərdlərini desəydilər, avam camaatı qabaqlarına qatıb qırğınlara apara bilməzdilər.
Onların hakimiyyəti “bildirçinin bəyliyi” qədər qısa çəkdi, bir nömrəli şəksiz lider işi elə qurdu ki, axırda əsl ağa gəlib öz halal dövlətinə sahib çıxdı. Cızığından müvəqqəti çıxmış rəiyyəti dübarə noxtalayıb palanladılar və minib sürməyə başladılar.

İndi bir çox pünhan mətləblər açılıb faş olur. Mütərəqqi demokratik Qərb beynəlxalq miqyasda siyasi striptiz ifa edir. Geridə qalmış xalqlara son 50 ildə oxuduğu qanunun aliliyi mühazirələrini unudub girişir aşkar ədalətsiz imperialist siyasətinə.

“Dərdin nədir, a bala?
-Məzlum ermənilərin hüquqlarını müdafiə edirəm”.

Belə deyirlər. Əslində isə bölgədə ara qarışdırmaq üçün ən kəsərli aləti, erməni çömçəsini əldən vermək istəmirlər. Qərb 150 ildir ki, bu məzlum erməni xalqını salıb ortalığa ondan qurbanlıq quzu kimi istifadə edir.

Tramp deyir ki, “yenə prezident olsam, Amerikanı dübarə qüdrətli və uğurlu dövlətə çevirəcəyəm, Ukrayna müşkülünü bircə günə həll edəcəyəm, dünya dövlətləri bizim qarşımızda farağat duracaq, qanunsuz miqrant axınının önünü kəsəcəyəm, bütün gəlirli istehsalat müəssisələrini vətənə qaytaracağam və sairə və ilaxıra”.

“Dərdin nədir, a bala?
-Amerikanı dirçəltmək istəyirəm”.

Əslində isə sadəcə hakimiyyət hərisidir, dünyaya ağalıq etmək istəyir.
Ahıl Bayden prezidentliyi əldən vermək istəmir. Özünün hakimiyyət dövrünü Amerika tarixində ən uğurlu dövr sayır.

“Dərdin nədir, a bala?
-Dövlətimi xoşbəxt etmək istəyirəm”.

Əslində isə qorxur ki, özünü də, oğlu Hanteri də inkaredilməz sübutlar əsasında rüşvət ittihamı iə həbs edə bilərlər.

Hamının əsl dərdi var, özü də bu dərd eyni dərddir, lakin heç kim bu əsl dərddən deyil, onu gizlətməyə xidmət edən qılafdan, pərdədən, niqabdan ağızdolusu danışır.
Görünür, dərdin həqiqi çöhrəsi çox çirkindir.

Ana səhifəMənim FikrimcəEyni dərd