“Əsrin müqaviləsi”nin imzalanmasından 25 il ötür

Baxın, 15 il əvvəl də milli gəlirin 75-80 faizi Bakıda formalaşırdı, indi də həmin vəziyyətdir.

Source: Foto: arxiv


İlham Şaban: “2000-2005 və 2015-2019-cu illər araşdırılmalıdır”

Bu gün “Əsrin müqaviləsi”nin imzalanmasından 25 il ötür. 1994-cü il sentyabrın 20-də Bakıda Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi haqqında 8 ölkənin (Azərbaycan, ABŞ, Böyük Britaniya, Türkiyə, Norveç, Yaponiya, Rusiya və Səudiyyə Ərəbistanı) 13 neft şirkəti (BP, SOCAR, “Amoco”, “McDermott”, “Unocal”, “LUKoil”, “Statoil”, “Exxon”, TPAO, “Pennzoil”, “Itochu”, “Ramco”, “Delta”) arasında müqavilə imzalandı. Təxminən 400 səhifə həcmində və 4 dildə hazırlanmış müqavilə öz tarixi, siyasi və beynəlxalq əhəmiyyətinə görə “Əsrin müqaviləsi” adını alıb.

Sabiq prezident Heydər Əliyevin 2001-ci il avqustun 16-da imzaladığı fərmanla sentyabrın 20-i neftçilərin peşə bayramı kimi qeyd edilməyə başladı.


“Əsrin müqaviləsi” sayəsində Azərbaycan indiyədək 143 milyard dollar gəlir əldə edib”

Energetika naziri Pərviz Şahbazov bir neçə gün əvvəl bildirmişdi ki, “Əsrin müqaviləsi” sayəsində Azərbaycan indiyədək 143 milyard dollar gəlir əldə edib və son 25 ildə Azərbaycanda orta hesabla 740 mln. ton neft hasil edilib. Bu dövr ərzində ölkənin neft-qaz sektoruna 101 mlrd. ABŞ dolları məbləğində investisiya qoyulub. Nazir xatırladıb ki, Prezident İlham Əliyevin iştirakı ilə “Əsrin müqaviləsi”nin müddəti 2049-cu ilədək uzadılıb. AÇG üzrə bu vaxtadək 492 milyon ton neft, 161 milyard kubmetr qaz hasil edilib. Cari ilin ötən dövründə isə ölkədə 25,1 milyon ton neft çıxarılıb və bunun 20,9 milyon tonu ixrac edilib. Respublika üzrə gündəlik neft hasilatı sutkada 765 min barrel olub. İndiyədək AÇG layihəsinə 36 milyard dollar sərmayə qoyulub.



2015-ci ildə neftin qiymətinin kəskin ucuzlaşması ölkəni silkələdi və ayılmasına gətirdi”

Neft Araşdırmaları Mərkəzinin sədri İlham Şaban Meydan TV-yə 25 ildə Azərbaycanın 170 milyard dollardan artıq ümumi gəlirinin olduğunu bildirib:

“Bu gəlirin 143,3 milyardı dövlətin qazancı idi ki, bu da Neft Fondunda mənfəət şəklində toplanıb. 15 milyard dollar isə hökumət qazanıb və bu qazanc Vergilər Nazirliyinin xətti ilə həyata keçirilib. Yəni payçı şirkətlərin dövlət büdcəsinə ödədikləri vergi. Bundan əlavə ARDNŞ öz payı əsasında layihədə iştirak edib və ona mənfəət şəklində 6 milyarddan çox dividend verilib. ARDNŞ və törəmə şirkətlər layihələrin həyata keçirilməsindən təqribən 7 milyarddan artıq vəsait qazanc götürüb”.

İlham Şaban
İlham Şaban

İlham Şaban əldə olunan gəlirlərin qeyri-neft sektoruna yönəldilməsi haqda suala cavab verərkən ötən 3 ilə nəzər saldı:

“Əvvəla, 2000-2005 və 2015-2019-cu illər araşdırılmalıdır. Çünki Azərbaycan ilk mənfəətini 1999-cu ilin dekabrında qazanıb. Dekabrın 24-də ölkə başçısı Heydər Əliyevin fərmanı ilə Dövlət Neft Fondu (DNF) yarandı. 2003-cü ilə qədər DNF-dən xərcləmələr olmayıb. 2000-2005-ci ili qeyri-neft sektorunun “bumu” adlandırmaq olar. Çünki ümumilikdə 30 mindən çox insan AÇG layihəsinə cəlb edilib. Ən aşağı əməkhaqqı qazanan sürücülər, heç bir ixtisası olmayanlar idi və onlar 400-500 dollar civarında maaş alırdılar. Həmin illərdə Bakı ətrafında torpağın 1 sotu 50-100 dollar arasında dəyişirdi, yaxud Yeni Yasamalda ilk tikililərin kvadratı 50 dollar idi. Yəni insanlar kredit də almırdılar, öz aralarında lotereya oynayırdılar. BTC çəkiləndə boru kəmərinin keçdiyi ərazilərdə yaşayanlara 14,1 milyon dollar dividend verildi, bu vəsaiti alanların 90 faizi pulu ev şəraitlərinin yaxşılaşmasına ayırdı, yalnız çox az hissə biznesə qoydu. Beləliklə, hökumətin yox, insanların qazancı hesabına təkcə Bakının deyil, ətrafın görkəmi dəyişdi. 2011-ci ildən sonra metanol, karbonid zavodları açıldı”.

İlham Şaban xatırladıb ki, Azərbaycana iri neft gəlirləri 2005-ci ildən gəldi. Bu, elə bir “sunami” idi ki, cəmiyyəti məst etmək iqtidarındaydı və elə də oldu. Yaxşı ki, 2015-ci ildə neftin qiymətinin kəskin ucuzlaşması baş verdi. Bu hadisə bütövlükdə ölkəni silkələdi və ayılmasına gətirdi. Hazırda neftin pik dövrü ilə müqayisədə gəlirlər azaldığından xərcləmələrin effektivliyi xeyli yüksəlib. Adi bir misal, 2015-ci ilə qədər Sumqayıt 90-cı illəri xatırladırdı, bu şəhərə 1985-ci ildən sonra heç bir investisiya qoyulmamışdı. Amma neftin qiyməti enəndən sonra sənaye şəhəri olduğu sezilir.


“Problem xərclənən vəsaitlərin səmərəliliyidir”

İqtisadçı Rövşən Ağayev bildirib ki, hökumət neft gəlirlərinin 75 faizinin xərclənməsi, 25 faizini gələcək nəsillərə saxlanması strategiyasını götürmüşdü və prinipcə, əməl etdi.

Rövşən Ağayev hesab edir ki, problem xərclənən vəsaitlərin səmərəliliyidir və müzakirə bu istiqamətdə getməlidir:

“Ancaq müstəqil ekspertlərlə hökuməti təmsil edənlər arasında bu məsələdə fikir ayrılığı var. İkincilər qeyd edirlər ki, neft gəlirləri mümkün olduğu qədər səmərəli xərclənib. Mən düşünürəm ki, daha səmərəli xərclənə bilərdi. Əgər neft gəlirləri insan kapitalının inkişafına yönəlsəydi, fərqli mənzərə yaranardı. Bu gün görürük ki, təhsilin, səhiyyənin timsalında Azərbaycan üçüncü dünya ölkələri sırasındadır. Halbuki, son 15 ildə neft pulları kifayət qədər yüksək templə daxil oldu. 15 il Azərbaycanın MDB məkanında ən yaxşı təhsil və səhiyyə sistemini qura bilməsi üçün uzun dövr idi. Ancaq Azərbaycan vətəndaşlarının diqqəti heç bir resursu olmayan, tibbi sığorta yaradan Gürcüstandadır. Mən xeyli insan tanıyıram ki, Gürcüstan səhiyyəsinə üz tutub və oranı bizdən üstün görür. Əgər neft pulları hesabına insan kapitalının inkişafı yüksək səviyyəyə çatdırılsaydı, Azərbaycanı informasiya-kommunikasiya texnologiyalarının inkişafına görə lider ölkəyə çevirsəydi, vəsaitlərin səmərəli xərcləndiyini düşünmək olardı”.

maxresdefault.jpg
Rövşən Ağayev

İqtisadçı qeyd edib ki, Azərbaycan iqtisadiyyatı texnoloji baxımdan geri qalır. Avropa Birliyinin təsnifatına görə istehsal 4 texnoloji səviyyəyə bölünür: yüksək, orta yüksək, orta aşağı və aşağı texnologiya. Azərbaycan texnoloji strukturuna görə sonuncu yerdədir. Əgər 15 ildə istehsalın, ixracın strukturu orta texnoloji səviyyəyə çatsaydı, ölkənin regional inkişafında kəskin disbalans aradan qalxsaydı, neft vəsaitlərinin səmərəli istifadə olunduğundan danışmaq olardı:

"Baxın, 15 il əvvəl də milli gəlirin 75-80 faizi Bakıda formalaşırdı, indi də həmin vəziyyətdir. Düzdür, regionlarda müəyyən infrastruktur qurulub, amma nəticə dəyişməyib. 20 il əvvəl insanlar iri şəhərlərdə, əsasən Bakıda yaşamağa üstünlük verirdisə, indi də həmin niyyətdə qalırlar və rayonlara qayıtmaq istəmirlər. Əgər ötən 20 ildə Azərbaycan regional miqyasda səviyyəli universitet yaratsaydı, heç olmasa Qazaxıstandan və Gürcüstandan öndə olan orta və ali təhsil sisteminə nail olsaydı, neft vəsaitlərinin səmərəli istifadə olunduğundan danışmaq olardı. Ona görə neft pullarından necə istifadə edildi sualının müzakirəsini bu yanaşmalar üzərində qurmalıyıq, nəinki hökumət nə qədər xərclədi və ya çox xərclədi. Çünki belə yanaşma mövzunu əsas mətləbdən yayındırır”.

Ana səhifəİqtisadiyyat“Əsrin müqaviləsi”nin imzalanmasından 25 il ötür