2027-ci ildə büdcədən köçürmələr: sosial müdafiəyə azalır, tibbi sığortaya artır

Foto: Pra Chid/shutterstock

2027-ci ildə dövlət büdcəsinin “Büdcələrarası transfertlər” köməkçi bölməsi üzrə xərclər azalacaq. Belə ki, bu istiqamətdə xərclər gələn ilin büdcəsində 207,1 milyon manat məbləğində proqnozlaşdırılır. Bu da cari illə müqayisədə 13,6 milyon manat və ya 6,2 faiz azdır.

Hesablama Palatasının 2027-ci ilin dövlət büdcəsinə dair rəyinə əsasən, azalmanın əsas səbəbi Naxçıvan Muxtar Respublikasının büdcəsinə ayrılan dotasiyanın həcminin aşağı salınmasıdır.

Belə ki, növbəti ildə Muxtar Respublikanın büdcəsinə dotasiya cari ilin proqnozu ilə müqayisədə 13,6 milyon manat azaldılaraq 198 milyon manat məbləğində nəzərdə tutulub.

Qeyd edək ki, büdcələrarası transfertlər dövlət büdcəsi, büdcədənkənar dövlət fondları və Naxçıvan Muxtar Respublikasının büdcəsi arasında maliyyə vəsaitlərinin köçürülməsini əhatə edir. Bu köçürmələr icmal büdcənin tərkibində göstərilir.

Beləliklə, dövlət büdcəsindən büdcədənkənar dövlət fondları arasında Dövlət Sosial Müdafiə Fonduna (DSMF) da köçürmələrin azalması gözlənilir. Rəyə əsasən, DSMF-yə büdcədən ayrılacaq vəsait 100 milyon manat və ya 6 faiz azaldılaraq 1,6 milyard manata endiriləcək.

Hesablama Palatasının rəyində DSMF-yə dövlət büdcəsindən ayrılacaq vəsaitin 100 milyon manat azaldılmasının birbaşa səbəbi göstərilməsə də, əvvəlki illərdə Fondun gəlir və xərcləri üzrə aparılmış auditlərin nəticələrinə diqqət çəkilib.

Sənəddə vurğulanır ki, auditlər zamanı DSMF-nin investisiya fəaliyyətindən əldə etdiyi gəlirlərin və digər daxilolmaların müvafiq hesabatlarda tam əks etdirilmədiyi müəyyən olunub. Məsələn, 2025-ci ildə Fondun investisiya fəaliyyətindən əldə etdiyi gəlirləri hesabatlarda əks etdirilməyib. Nəticəsində müvafiq göstəricilərin 122,2 milyon manat az göstərildiyi aşkarlanıb.

“Auditlər Dövlət Sosial Müdafiə Fondunun və İşsizlikdən Sığorta Fondunun investisiya fəaliyyəti üzrə gəlirlərinin və xərclərinin müvafiq fondların büdcələrində əks etdirilmədiyini göstərmişdir. Bu məqam icmal büdcənin müvafiq göstəricilərinə də təsir etməkdədir”, – deyə Hesablama Palatasının rəyində bildirilir.

Əvəzində İcbari Tibbi Sığorta Fonduna (İTSF) ayırmalar 200 milyon manat və ya 22,2 faiz artırılaraq 1,1 milyard manat məbləğinə çatdırılacaq.

Nəticədə dövlət büdcəsindən qeyd olunan istiqamətlər üzrə transfert və ayırmaların ümumi həcmi 2026-cı illə müqayisədə 86,4 milyon manat artaraq 2 milyard 907,1 milyon manata çatacaq.

Hesablama Palatasının rəyində diqqətçəkən məqamlardan biri də İcbari Tibbi Sığorta Fonduna ayrılacaq vəsaitlərin təyinatı ilə bağlıdır. Belə ki, 2027-ci ildə dövlət büdcəsindən Fonda ayrılması nəzərdə tutulan 1,1 milyard manatın tam həcmdə əhalinin icbari tibbi sığortalanması üzrə xərclərə yönəldilməsi planlaşdırılır.

Yəni gələn il İTSF-yə ayrılan vəsaitin tərkibində sığorta məqsədi ilə bağlı olmayan dövlət öhdəliklərinin maliyyələşdirilməsi üçün vəsait nəzərdə tutulmur. Bura şəkərli diabet, xroniki böyrək çatışmazlığı, hemofiliya, dağınıq skleroz, vərəm və kistoz fibroz xəstəlikləri ilə bağlı tədbirlər, eləcə də ana və uşaqların sağlamlığının yaxşılaşdırılması, uşaqların icbari dispanserizasiyası və onkoloji xəstəliklərlə mübarizə üzrə proqramlar daxildir.

Ümumilikdə, 2027-ci il üzrə icmal büdcənin gəlirləri 47,6 milyard manat, xərcləri isə 50,3 milyard manat məbləğində proqnozlaşdırılır.

Gələn il Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin həcmi 11,9 milyard manat nəzərdə tutulub. İcmal büdcənin tərkibində Dövlət Neft Fondunun gəlirlərinin 13,3 milyard manat, xərclərinin isə 12,1 milyard manat olacağı gözlənilir.

Eyni zamanda, DSMF-nin ümumi gəlirləri 9 milyard 220,5 milyon manat, xərcləri isə 9 milyard 272,5 milyon manat məbləğində nəzərdə tutulub.

İcbari Tibbi Sığorta Fondunun gəlirləri 2 milyard 257,2 milyon manat, xərcləri isə 2 milyard 980,2 milyon manat məbləğində proqnozlaşdırılır.

İşsizlikdən Sığorta Fondunun gəlirlərinin 268,9 milyon manat, xərclərinin isə 319,2 milyon manat olacağı gözlənilir.

Ana səhifə ▸ Xəbərlər ▸ 2027-ci ildə büdcədən köçürmələr: sosial müdafiəyə azalır, tibbi sığortaya artır