“Ermənistanı hansısa layihələrlə şirnikləndirmək tam xəyaldır”

Zərdüşt Əlizadə: “Hər respublika rəhbərliyi münaqişəni həll etmək əvəzinə, Rusiya rəhbərliyinin tapşırığını yerinə yetirir”

Source:


Zərdüşt Əlizadə: “Hər respublika rəhbərliyi münaqişəni həll etmək əvəzinə, Rusiya rəhbərliyinin tapşırığını yerinə yetirir”

“Ermənistan tərəfinin son çıxışları imkan vermir ki, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində danışıqların vəziyyəti ilə bağlı optimist olum”.

APA-nın məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov sudanlı həmkarı ilə Bakıda keçirilən görüşdən sonrakı mətbuat konfransında deyib.

Nazir bildirib ki, Ermənistan tərəfi aqressiv ritorika ilə məşğuldur: “Bəlkə bu, daxili auditoriya üçündür. Həmsədrlərin sonuncu səfəri zamanı nəqliyyat və məcburi köçkünlərlə əlaqədar işçi qrupunun yaranması təklif olundu. Bizdə olan məlumata görə, Ermənistan tərəfi bu təklifi rədd edib. Azərbaycanın mövqeyi budur ki, qoşunlar nə qədər tez çıxsa, sülh sazişi o qədər tez imzalanacaq. Azərbaycan öz inkişafını davam etdirir. Qarsda TANAP layihəsinin təməli atıldı. Bu böyük layihə regionun inkişafı üçün önəmlidir. Ermənistan hansısa layihəyə qoşulmaq istəyirsə, bizim arqumentləri bilir: əsgərlərini işğal olunmuş torpaqlardan çıxarmalıdır!”

XİN rəhbərinin fikirlərini Meydan TV-yə şərh edən politoloq Zərdüşt Əlizadə bildirib ki, hakimiyyət bu cür bəyanatlarla xalqı avam saymaqda davam edir, indiyə qədərki yalan taktikasından istifadə edir və həqiqəti cəmiyyətə çatdırmaq istəmir: “Həqiqət ondan ibarətdir ki, Ermənistan hakimiyyəti sülh istəmir, bu istiqamətdəki bütün təşəbbüsləri sabotaj edir. İrəvan bunu öz xoşuna yox, Moskvanın əmri ilə edir, çünki Kremldən tam asılıdır. Eyni işi Azərbaycan hökuməti edir, Bakı da Moskvadan asılıdır. Hər respublika rəhbərliyi münaqişəni həll etmək əvəzinə, Rusiya rəhbərliyinin tapşırığını yerinə yetirir. Ümumiyyətlə, hər iki dövlət sülh imkanlarının 1/10-dən istifadə etmir. Çox anlaşılmaz durum yaradırlar, hər tərəf bir-birini sülh istəməməkdə ittiham edirlər. Yaxşı olar ki, bir masa ətrafında oturub, medianın müşahidəsilə danışıqlar aparsınlar. O zaman xalqlar da nəyin mümkün, nəyin mümkün olmadığını biləcək. Hər iki rejim öz xalqını aldadır”.

Regional layihələrə gəlincə, Zərdüşt Əlizadə bildirdi ki, artıq qoşulmağa layihə yoxdur: “BTC, qaz kəməri çəkilib, bitdi. Həm də Ermənistandan hansısa boru xəttinin keçirilməsi üçün siyasi-iqtisadi şərait də yoxdur. Odur ki, Ermənistanı hansısa layihələrlə şirnikləndirmək tam xəyaldır. Ermənistan elə pis gündədir ki, hansısa seçim imkanı da yoxdur. Nəinki Azərbaycan, heç İranla əlaqədar seçim imkanı da qalmayıb, çünki Rusiya hər şeyi məhdudlaşdırıb”.

Politoloq hesab edir ki, Azərbaycan və Ermənistan hakimiyyətləri Rusiyadan tam asılı olduqlarından müstəqil hərəkət edə bilmirlər, heç istəmirlər də: “Gerçəklik odur ki, hər iki hakim zümrə varlanmaqla məşğuldurlar. Hakimiyyətdə olmaq onları varlandırıb. Onları da hakimiyyətə Rusiyanın yaratdığı Qarabağ münaqişəsi gətirib. Bu münaqişə olmasaydı, bu adamlar heç vaxt hakimiyyətdə ola bilməzdilər”.

Ana səhifəXəbərlər“Ermənistanı hansısa layihələrlə şirnikləndirmək tam xəyaldır”