Ermənistanda daha bir müxalif siyasətçi məsuliyyətə cəlb edilib

Andranik Tevanyan. Foto: şəxsi arxivi

Ermənistan hakimiyyəti 2026-cı il parlament seçkiləri ərəfəsində, siyasi gərginliyin artdığı bir vaxtda müxalif siyasətçi, oliqarx Qagik Tsarukyanın seçki siyahısında namizəd olan Andranik Tevanyan barəsində dövlətə xəyanət ittihamı ilə istintaq aparılmasını tələb edir.

OC Media yazır ki, Baş nazir Nikol Paşinyan çərşənbə günü Ermənistanın üçüncü ən böyük şəhəri Vanadzorda seçki kampaniyası zamanı bəyan edib ki, Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) İstintaq Komitəsinə hesabat təqdim edəcək və “Andranik Tevanyan barəsində dövlətə xəyanət maddəsi ilə cinayət işinin başlanmasını gözləyəcək”.

Tevanyan Tsarukyanın “Çiçəklənən Ermənistan” partiyasının siyahısında ikinci namizəddir. Bu partiya səsvermə ərəfəsində Paşinyanın hakim “Vətəndaş Müqaviləsi” partiyasının əsas rəqiblərindən biri hesab olunur.

“Və biz bu casus şəbəkəsini sonda Ermənistan Respublikasından tamamilə və qəti şəkildə təmizləyəcəyik”, – Paşinyan bildirib.

Bu bəyanat Paşinyanın apreldə səsləndirdiyi əvvəlki fikirlərdən sonra verilib. O zaman Paşinyan bildirmişdi ki, hakimiyyət xarici gündəmlərə uyğun hərəkət etdiyi iddia olunan şəxslərlə bağlı “qalın dosye” hazırlayıb. Həmin vaxt o, bəzi siyasi fiqurların casusluğun “sərhədində gəzdiyini” demişdi.

“Onlar bu sərhədi keçdikləri anda cavab olacaq”, – Paşinyan o zaman bildirmişdi.

Paşinyan çərşənbə günü Rusiya-erməni oliqarx Samvel Karapetyanın, keçmiş prezident Robert Köçəryanın və Tsarukyanın rəhbərlik etdiyi ittifaq və partiyaları “üçbaşlı müharibə partiyası” adlandırdıqdan sonra onların “üçbaşlı casusluq partiyası” kimi də “rebrendinq” edilə biləcəyini irəli sürüb.

Tevanyan 2021-ci ildə “Ermənistan Alyansı” fraksiyasının tərkibində parlamentə seçilmişdi. O, 2023-cü ildə Köçəryanın dəstəklədiyi “Ana Ermənistan” bloku ilə Yerevan meri seçkilərində iştirak etmək üçün deputat mandatından imtina etmişdi. Onun alyansı səslərin 15%-ni qazanaraq Yerevan şəhər şurasında səkkiz yer əldə etmişdi.

Köçəryan 2026-cı ildə yenidən “Ermənistan Alyansı” ilə seçkilərə qatılsa da, Tevanyan bu dəfə Tsarukyanla müttəfiqlik edib.

Paşinyanın sözlərinə cavab olaraq Tevanyan baş naziri dövlətə xəyanətdə ittiham edib. O iddia edib ki, Paşinyan Azərbaycan və Türkiyənin maraqlarına xidmət edib və Qarabağı xəyanət yolu ilə təslim edib”.

Rusiyanın Ermənistanın Avropa İttifaqı ilə dərinləşən əlaqələrini tənqid etməsi fonunda Tevanyan Paşinyanı Ukrayna Prezidenti Volodimir Zelenski ilə müqayisə edib.

“Erməni Zelenski kimi sən xaricdən sənə qəbul etdirilmiş planı həyata keçirə bilməyəcəksən – o planı ki, sən ona razılıq vermisən”, – Tevanyan iddia edib. O əlavə edib ki, Paşinyan sonda “[Gürcüstanın keçmiş prezidenti] Saakaşvilinin taleyinə belə həsəd aparacaq”.

Tsarukyanın sement zavodunun milliləşdirilməsi

Ayrıca, Paşinyan çərşənbə günü Tsarukyana məxsus “Ararat Cement” zavodunun milliləşdirilməsi planlarını açıqlayıb. O, zavodu Tsarukyanın biznes imperiyasının “onurğa sütunu” adlandırıb və 2000-ci illərin əvvəlində onun özəlləşdirilməsində qanunsuzluqlar olduğunu iddia edib.

Bundan qısa müddət sonra Ermənistan Baş Prokurorluğu bildirib ki, mayın əvvəlində Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə hesabat təqdim edib. Bu hesabat əsasında mayın 7-də vəzifə səlahiyyətlərindən sui-istifadə və külli miqdarda çirkli pulların yuyulması iddiaları üzrə cinayət işi başlanıb.

Cavab olaraq Tsarukyan Paşinyanı və Azərbaycan Prezidenti İlham Əliyevi Ermənistan üçün qalan “təhdidlər” adlandırıb. O, sement zavodu ilə bağlı istintaqa da toxunaraq bildirib ki, Paşinyan bu addımı ilə Azərbaycan sementinin idxalına yol açır. Belə bir razılaşma barədə məlumat verilməyib.

“Mən demişəm ki, vətənimi mülklərimə dəyişə bilmərəm”, – Tsarukyan bildirib və cinayət işinin Paşinyanın hakimiyyəti itirməkdən qorxduğu üçün başladıldığını iddia edib.

Bu işlərdən əlavə, Paşinyan mayın əvvəlində “[Tsarukyanın] oğlu [Nver Tsarukyanı] Belarusdan yaxasından tutub geri gətirəcəyini və ədalət qarşısına çıxaracağını” vəd etmişdi.

Nver Tsarukyan Ermənistanda 2024-cü ildə baş vermiş atışma insidenti ilə bağlı axtarışdadır. Cinayət icraatı elan edildikdən sonra o, “işgüzar səfər” adı ilə Belarus və Rusiyaya gedib və məlumatlara görə, o vaxtdan bəri orada qalır.

Bundan başqa, yenə may ayında Ermənistan hakimiyyəti Tsarukyanın qızı Roza Tsarukyana və onun həyat yoldaşı, keçmiş Kotayk qubernatoru Karapet Quloyana məxsus aktivlərin müsadirə olunacağını da açıqlayıb. Bu aktivlərə qeyri-qanuni mənşəli hesab edilən malikanə, torpaq sahəsi və şirkət səhmləri daxildir.

Bu işlər Ermənistan siyasətində iddia olunan Rusiya təsiri ilə bağlı artan diqqət fonunda baş verir.

Bu həftənin əvvəlində müstəqil Rusiya nəşri “The Insider”in araşdırmaları Tsarukyanı və Karapetyanı qarşıdan gələn seçkilərdə “Rusiyanın namizədləri” kimi təqdim edib.

2019-cu ildə Rusiyanın hakim “Vahid Rusiya” partiyası ilə əməkdaşlıq sazişi imzalamaqdan əlavə, sızdırılmış sənədlər Rusiya rəsmilərinin Tsarukyanın pasportunun surətlərini, eləcə də onun 2017-ci il seçki kampaniyası ilə bağlı maliyyə hesablamalarını aldıqlarını göstərib.

Bu yazı ingilis dilindən tərcümə edilmişdir. Yazının əslini OC Media-dan oxuya bilərsiniz.

Ana səhifəXəbərlərErmənistanda daha bir müxalif siyasətçi məsuliyyətə cəlb edilib