Erkin Qədirli: Qanun layihəsinin əleyhinə səs verdim

“Respublika ifadəsindən imtina monarxiyanın rəsmiləşdirilməsinə yol aça bilər”

Milli Məclis, Foto: Milli Məclis


Cəmil Həsənli: "Respublikanın alternativi monarxiyadır"

“Mən bu qanunun əleyhinəydim və 28 Mayın Müstəqillik Günü adlandırılmasını doğru saymıram. Həmin qanunun da əleyhinə səs verdim".

Bunu Meydan TV-yə ReAl Partiyasının Siyasi Komitəsinin üzvü, deputat Erkin Qədirli “Müstəqillik Günü haqqında” yeni qanuna münasibət bildirərkən deyib.

Milli Məclis “Müstəqillik Günü haqqında” yeni qanun layihəsini III oxunuşda qəbul edib.

Qanunverici orqanın 15 oktyabr tarixli iclasında 28 May – Respublika Gününün və 18 Oktyabr – Dövlət Müstəqilliyi Gününün adı dəyişdirilib.

Erkin Qədirli qeyd edib ki, 28 May – Respublika Gününün adının dəyişdilməsi ilə bağlı layihəyə plenar iclasın I və II oxunuşda münasibətini bildirib: "Respublika Gününə münasibətim aydındır. Amma 18 oktyabr Müstəqillik Gününün bərpasını doğru sayıram”.

maxresdefault.jpg
Erkin Qədirli

Milli Şuranın sədri, keçmiş deputat Cəmil Həsənli isə deyir ki, 1918-ci il mayın 28-də Respublikanın (Cümhuriyyətin) elan edilməsi Azərbaycan xalqının böyük tarixi nailiyyəti idi: "Buna görə həmin gün millətimizin tarixinə Respublika günü kimi daxil olmuşdu. İndi onun adını dəyişdirib Müstəqillik Günü qoyurlar. Səbəbsiz deyil. Görünür, hansısa niyyətləri var. Ölkədə 1990-cı ildən indiyə qədər mayın 28-i Respublika Günü kimi qeyd edilib. İndi nə baş verib ki, “Respublika” ifadəsindən imtina etdilər. Respublikanın alternativi monarxiyadır: əlbəttə, Şərq monarxiyası. Respublika sözünün mənası xalqa xidmət deməkdir. Faktiki olaraq, Əliyevlər özlərinə, öz ailələrinə xidmət edir, ölkənin sərvətlərin şəxsi varlanmaq subyektinə çeviriblər, ofşor krallığı yaradıblar, xarici mülklərini belə kral ailəsinə satır, ölkədə ailə monarxiyası qurublar. Gənc şahzadənin artıq Londonda qiyməti yüz milyonlarla ölçülən 17 mülkü var. Hakim ailənin millətdən oğurladığı pullar hesabına aldığı London mülkələrinin aşkarlanan dəyəri 700 milyon dollar ətrafındadır. Respublika quruluşu məhz belə oğurluqların qarşısını almaq üçündür. Respublikada belə şey ola bilməz. Respublika sistemində belə böyük oğurluq əməlinin hesabını sorarlar. Belə şeylərin qarşısını almaq üçün monarxiyaya gedən yolu təmizləmək lazımdır. Bu yolda ilk və böyük maneə respublikadır. Məhz bu ifadəni və onun atributlarını xalqın yaddaşından silmək istəyirlər”.

Cəmil Həsənli
Cəmil Həsənli

Cəmil Həsənli deyib ki, hakimiyyət milləti ailə monarxiyasına adaptasiya etmək istəyir: “Bir şəxsin prezidentliyinə qoyulan məhdudiyyətləri də addım-addım bu formada qaldırıb ömürlük bir şəxsin idarəçiliyə yol açdılar, bir ailənin əbədi idarəçiliyinə "hüquqi" zəmin yaratdılar. 28 May ölkəmizin taleyində və tarixində Respublika üsul idarəsinin doğuşu günüdür, Respublikanın ad günüdür, təvəllüd tarixidir. İndi ölkəni bu tarixdən məhrum etdilər. Respublika ifadəsindən imtina monarxiyanın rəsmiləşdirilməsinə yol aça bilər. Əlbəttə, bunu etmək olmazdı, buna getmək yolverilməz idi. Amma etdilər və etdikləri üçün də monarxiyay gedən yolda ən böyük maneə olan RESPUBLİKANI şübhə altına aldılar”.

Bu gündən, oktyabrın 15-dən mayın 28-i Müstəqillik Günü, oktyabrın 18-i isə Müstəqilliyin Bərpası Günü elan edilib. Həmin günlər hər il bayram kimi qeyd olunacaq.

Müstəqillik Günü qeyri-iş günü, Müstəqilliyin Bərpası Günü isə iş günü olan bayram sayılacaq.

Ana səhifəSiyasətErkin Qədirli: Qanun layihəsinin əleyhinə səs verdim