Hazırda həbsdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin müxtəlif illərdə yazdığı məqalə və verdiyi müsahibələr əsasında ingilis dilində kitab nəşr olunub.
“Azad olmaq qərarı” (“The Decision to Be Free”) adlı kitab Fransada çap olunub. Bu barədə “Azadlıq” qəzetinin mühacirətdə yaşayan baş redaktoru Qənimət Zahid məlumat verib.
Məqsəd Əli Kərimli barədə məlumatları daha geniş auditoriyaya çatdırmaqdır.
AXCP sədri Əli Kərimli 2025-ci il noyabrın 29-dan həbsədir. Onunla bərabər Partiyanın Məclis üzvü Məmməd İbrahim də saxlanılıb. Onlara qarşı dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər ittihamları irəli sürülüb. Hər ikisinin də həbsi sabiq Prezident Administrasiyası rəhbəri Ramiz Mehdiyev ətrafında aparılan geniş araşdırmalarla əlaqələndirilir.
Müxalifət və tərəfdarları bu həbsin siyasi motivli olduğunu bildirir. Beynəlxalq insan hüquqları təşkilatları və müşahidəçilər bu həbsi siyasi represiyanın nümunəsi kimi qiymətləndiriblər.
Ümumilikdə isə hazırda 20-dən çox AXCP üzvü və fəalı həbsdədir. Partiya onların da siyasi motivlərlə təqib olunduğunu bəyan edir.
Azərbaycanın Siyasi Məhbuslarının Azadlığı Uğrunda İttifaqın son siyahısında 328 siyasi məhbusun adı var.
Azərbaycan hakimiyyəti isə ölkədə siyasi motivli həbslərin olması ilə bağlı iddiaları rədd edir. Rəsmi qurumlar bildirirlər ki, həbs olunan şəxslər siyasi baxışlarına görə deyil, konkret cinayət əməllərinə görə məsuliyyətə cəlb ediliblər.