Əliyevlərin şirkəti Bodrumda otelin 50 faizini alıb

Mənbə: “PASHA Holding”

“Pasha Holding” Türkiyəyə investisiya yatırdığını açıqlayıb

Ölkənin hakim ailəsinə məxsus “Pasha Holding” Türkiyənin Bodrum şəhərində ən qiymətli turizm obyektlərindən biri olan “Mandarin Oriental”ın 50 faizini alıb

Bu barədə Türkiyənin “Oksijen”qəzeti məlumat paylaşıb. Qəzet yazır ki, holdinqin Əliyevlərlə birbaşa əlaqəsi görünməsə də, qeydlərə görə, onun böyük ortağı Əliyevin iki qızıdır.

Məlumatda deyilir ki, “Pasha Holding” Türkiyənin dünyaca məşhur istirahət mərkəzi olan Bodrumda investisiyalarını sürətləndirib. Yalıkavak sahilində yerləşən “Allium Bodrum Resort & SPA”-nın da sahibi “Pasha Holding”dir.  

“Mandarin Oriental” ASTAŞ Holdinqin sahibi Vedat Aşcı tərəfindən tikilib.

“Pasha Holding”in rəsmi saytında da bu barədə məlumat verilib. Deyilir ki, 2014-cü ildə ASTAŞ Holdinq tərəfindən Bodruma gətirilən “Mandarin Oriental” 132 yerləşdirmə vahidi ilə Beynəlxalq Otel Mükafatları tərəfindən Avropanın ən yaxşı lüks oteli mükafata layiq görülüb.

“Qrupumuzun uzunmüddətli investisiya strategiyalarında Türkiyənin əhəmiyyətli yeri var” – “PASHA Holding”in Baş İcraçı Direktoru Cəlal Qasımov bildirib. 

Məlumatda o da qeyd olunub ki, “PASHA Holding” hazırda Azərbaycan, Türkiyə, Gürcüstan və Monteneqro bazarlarında faəliyyət göstərir.

Ana səhifəXəbərlərƏliyevlərin şirkəti Bodrumda otelin 50 faizini alıb