“Əfqan Muxtarlı işi”: “Qoqaşvili vicdan əzabı çəkir deyə hər şeyi açıqlayır”

S.Qoqaşvili. Mənbə: 1tv.ge

Prokurorluq dərhal araşdırmalara başlamalı, cinayətkarlar ifşa olunmalıdır”

“Jurnalist Əfqan Muxtarlının Azərbaycanda keçirilən məhkəmə proseslərində vəsatətlər verilib. Amma bütün məhkəmə instansiyalarında çıxarılan qərarlar qanunsuzdur. Bütün hallarda Gürcüstanda müəyyən proseslər başlayandan sonra Azərbaycanda hansısa hüquqi prosedurlar keçirmək imkanları yaranacaq”.

Bunu Meydan TV-yə jurnalist Əfqan Muxtarlının vəkili Nemət Kərimli Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin keçmiş rəis müavini Soso Qoqaşvilinin həbsxanadan yaydığı məktubu şərh edərkən deyib.

Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) keçmiş rəis müavini Soso Qoqaşvili iyulun 26-da Rusitavi həbsxanasından yazdığı məktubda Əfqan Muxtarlını keçmiş Baş nazir Bidzina İvanişvilinin əmri ilə oğurladıqlarını bildirib.

Jurnalist Əfqan Muxtarlı
Foto: Meydan.TV

“Azərbaycanlı jurnalist Əfqan Muxtarlı hakim Gürcü Arzusu Partiyasının yaradıcısı Bidzina İvanişvilinin əmri ilə Tbilisidən oğurlanıb”, – deyə Soso Qoqaşvili yazıb.

O həmçinin vurğulayıb ki, iş üzrə bütün sübutları DTX-nin Əməliyyat-Texniki Departamenti məhv edib.

Nemət Kərimlinin sözlərinə görə, onlar hazırda hüquqi addım atsalar, qüvvəyə minən Ali Məhkəmənin qərarını göstərəcəklər:

“Ona görə Soso Qoqaşvilinin açıqlaması hüquqi müstəviyə keçəndən sonra biz yeni açılmış hallar üzrə məsələni qaldıra biləcəyik. İkincisi, Gürcüstan Azərbaycandan daha demokratik ölkə olduğundan bu məzmunlu açıqlamalardan sonra cinayəti ört-basdır etmək olmur. Görünən odur ki, Soso Qoqaşvili İvanişvili ilə cinayət əlaqəsinə girdiyini etiraf edir. Üçüncüsü, o, həbsxananın nə olduğunu görür və vicdan əzabı çəkərək hər şeyi açıqlayır. Həmçinin Soso Qoqaşvili gələcəkdə cinayət məsuliyyətini azaltmaq üçün belə açıqlama verir”.

Vəkil Nemət Kərimli
Foto: Nemət Kərimlinin şəxsi arxivindən

Vəkil düşünmür ki, iş üzrə bütün sübutların məhvi prosesə hansısa maneələr yaradacaq:

“Bəli, Soso Qoqaşvili kameralardan görüntülərin silindiyini bildirir. Ancaq Muxtarlını bir yox, 3 nəfər oğurlayıb, Soso Qoqaşvili onların adlarını açıqlayandan mənzərə tam aydın olacaq. Çünki onlar da ifadə verəcək və jurnalistlə də üzləşmələri keçiriləcək. Həmçinin Əfqan Muxtarlı oğurlayanların sifətini yadında saxlayıb”.

Hüqüqşünas Ələsgər Məmmədli hesab edir ki, Soso Qoqaşvilinin məktubu Azərbaycan tərəfinin də məsuliyyət daşıdığını ortaya qoyur.

Bu barədə Ə.Məmmədli “Facebook” profilində yazıb.

O bildirib ki, Azərbaycan tərəfi qanunsuz adam oğurlama cinayətinin həyata keçirilməsində iştirak edib:

“Bununla da saxta saxlanılma və ittiham aktı tərtib edilib, həmçinin saxta qərar çıxarılıb”.

Hüquqşünasın fikrincə, Azərbaycanın Baş Prokurorluğu dərhal bu faktla bağlı araşdırmalara başlamalıdır:

Hüquqşünas Ələsgər Məmmədli
Foto: “Facebook”

“Baş Prokurorluq cinayətkar şəbəkəni ifşa etməli və hüquq qarşısında cavab verməsi üçün hərəkətə keçməlidir”.

“Dövlətin çətiri altında səlahiyyətlərindən sui-istifadə edərək jurnalistə, Qarabağ qazisi olan Azərbaycan vətəndaşına qarşı cinayət törədilib. Ardınca da ölkədən sürgün edilircəsinə çıxarılması ciddi konstitusion pozuntudur. Bunun siyasi və hüquqi nəticələri olmalıdır”, – Ələsgər Məmmədli belə yazıb.

Oturum izni ilə Gürcüstanda yaşayan jurnalist Əfqan Muxtarlı 2017-ci il mayın 29-da “yoxa” çıxıb və səhəri gün Azərbaycanda həbs edilib.

Dediyinə görə, Tbilisidə saxlanıb, işgəncə verilib, zorla sərhədə gətirilərək Azərbaycan tərəfinə təhvil verilib. Üstəlik, cibinə 10 min avro pul qoyulub.

Azərbaycan hökuməti isə jurnalisti Cinayət Məcəlləsinin hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən ona qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə maddəsi (315.2) ilə ittiham edirdi.

Bundan başqa, ona dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmə (318.1) və qaçaqmalçılıq (206.1) maddələri ilə ittiham irəli sürülmüşdü.

Həmin ittihamlarla, o, 6 il azadlıqdan məhrum edilib.

Beynəlxalq hüquq müdafiə təşkilatları Əfqan Muxtarlını siyasi məhbus kimi tanıyıb.

2020-ci il martın 17-də jurnalist gözlənilmədən həbsdən azad edilmiş və dərhal Almaniyaya göndərilmişdi. Ona Azərbaycanda doğmaları ilə vidalaşmağa belə imkan verməmişdilər.

Həmin vaxt açıqlamalarında Əfqan Muxtarlı bildirmişdi ki, hakimiyyət, sadəcə, onun qətimkan tədbirini dəyişib – həbsxananı ölkədən sürgünlə əvəzləyib.

Ana səhifəSiyasət“Əfqan Muxtarlı işi”: “Qoqaşvili vicdan əzabı çəkir deyə hər şeyi açıqlayır”