“Əfqan Muxtarlı Bidzina İvanişvilinin əmri ilə Tbilisidən oğurlanıb”

Фото: Мейдан ТВ

DTX-nın keçmiş rəis müavini həbsxanadan məktub yazıb

“Azərbaycanlı jurnalist Əfqan Muxtarlı hakim Gürcü Arzusu Partiyasının yaradıcısı Bidzina İvanişvilinin əmri ilə Tbilisidən oğurlanıb”. Bunu Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin keçmiş rəis müavini Soso Qoqaşvili bildirir. İyulun ortalarında dövlət sirrini yaymaq itiihamı ilə həbs olunan Qoqaşvili iyulun 26-da Rusitavi həbsxanasından məktub yazıb. Həmin məktubda beş il əvvəl Tbilisidə oğurlanan jurnalist Əfqan Muxtarlı barədə də yazılır. Qoqaşvili bildirir ki, bu iş üzrə bütün sübutları DTX-nin Əməliyyat-Texniki Departamenti məhv edib.

Oturum izni ilə Gürcüstanda yaşayan jurnalist Əfqan Muxtarlı 2017-ci il mayın 29-da “yoxa” çıxıb və səhəri gün Azərbaycanda həbs edilib.

Dediyinə görə, Tbilisidə saxlanıb, işgəncə verilib, zorla sərhədə gətirilərək Azərbaycan tərəfinə təhvil verilib. Üstəlik, cibinə 10 min avro pul qoyulub.

Azərbaycan hökuməti isə jurnalisti Cinayət Məcəlləsinin hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən ona qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə maddəsi (315.2) ilə ittiham edirdi.

Bundan başqa, ona dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmə (318.1) və qaçaqmalçılıq (206.1) maddələri ilə ittiham irəli sürülmüşdü.

Həmin ittihamlarla, o, 6 il azadlıqdan məhrum edilib.

Beynəlxalq hüquq müdafiə təşkilatları Əfqan Muxtarlını siyasi məhbus kimi tanıyıb.

2020-ci il martın 17-də jurnalist gözlənilmədən həbsdən azad edilmiş və dərhal Almaniyaya göndərilmişdi. Ona Azərbaycanda doğmaları ilə vidalaşmağa belə imkan verməmişdilər. Həmin vaxt açıqlamalarında Əfqan Muxtarlı bildirmişdi ki, hakimiyyət, sadəcə, onun qətimkan tədbirini dəyişib – həbsxananı ölkədən sürgünlə əvəzləyib.

Ana səhifəXəbərlər“Əfqan Muxtarlı Bidzina İvanişvilinin əmri ilə Tbilisidən oğurlanıb”