Dövlətdən iri heyvandarlıq təsərrüfatlarına böyük dəstək, kiçik fermerə ciddi zərbə

Foto: Aleksandar Malivuk/shutterstock

Ötən həftə dana ətinin bir kiloqramının 1-2 manat bahalaşması gündəmdə olduğu vaxtda hökumətdən bu sahə üzrə yeni subsidiya qaydaları ilə bağlı qərar gəldi.

Aqrar Subsidiya Şurasının yeni qərarına görə, diri çəkisi 600 kiloqram və daha çox olan iribuynuzlu heyvanlara görə hər kiloqram diri çəki üzrə 40 qəpik subsidiya veriləcək.

Bunun üçün heyvanın ölkədə doğulması və ya ən azı 6 ay ölkə daxilində kökəldilməsi əsas şərtlərdən biridir.

İqtisadçı-ekspert Natiq Cəfərli yazır ki, Azərbaycanda kəsim üçün nəzərdə tutularaq bəslənən heyvanların çəkisi orta hesabla 300-350 kiloqramdır. Lakin yeni qaydalara görə, fermer 600 kiloqram diri çəkisi olan heyvan kəsəndə 240 manat subsidiya ala biləcək. İqtisadçı hesablayıb ki, fermer danasını 600 və daha çox kiloqram çəkiyə çatdırmaq üçün ildə təxminən 1500-2000 manat xərcləməlidir. Lakin bu xərcin qarşılığında alacağı subsidiyanın məbləği daha azdır.

Aqrar Subsidiya Şurasının qoyduğu tələbdən isə görünür ki, dövlətin maliyyə dəstəyi yalnız cins heyvanlara şamil ediləcək.

Qərarda qeyd edilir ki, oktyabrın 1-dən südlük və südlük-ətlik hər cins heyvana görə 1500 manat, ətlik cinslər üzrə isə 1000 manat veriləcək.

Mövcud təsərrüfatlarda cins sağmal heyvanlara 500 manat/baş/il, yerli damazlıqdan yetişdirilmiş sağmal heyvanlara ildə 800 manat, mələz sağmal heyvanlara isə 200 manat subsidiya tətbiq olunacaq.

Lakin bu maliyyə dəstəyini almaq üçün təsərrüfat sahiblərinin minimum 50 baş cins və ya minimum 100 baş mələz sağmal heyvanı olmalıdır. Bu cins mal-qaranın qiymətləri isə heç də ucuz deyil. Belə olan halda, hansısa kiçik fermerin bu subsidiyalardan yararlanmaq imkanları olmayacaq.

Eyni ağır şərtlər xırdabuynuzlu heyvandarlığa, yəni qoyun və keçi saxlayan fermerlərə də şamil edilib. Xırdabuynuzlu heyvanlara subsidiya verilməsi üçün fermer təsərrüfatının istifadəsində azı 100 hektar örüş və ya otlaq sahəsi, habelə 500 baş və ya daha artıq qoyun və keçi olmalıdır. Bu zaman qeydiyyatda olan hər heyvana görə 4 manat subsidiya veriləcək.

Baxmayaraq ki, qərarın şərtləri çox ağırdır, Şura bunun kənd təsərrüfatında məhsuldarlığın və istehsalın artırılması məqsədi daşıdığını bildirir. Son illər ölkədə mal-qaranın sayının kəskin azalması, ümumi heyvandarlıq sektorunda istehsalın aşağı düşməsi müşahidə edilir. İndiyədək aqrar sektorda icra edilən tədbirlər bu bazarın idxaldan asılılığını daha da artırıb. Bu gün fermerlərin maliyyə çatışmazlığı, örüş sahələrinin yetərsizliyi, keyfiyyətli yemə əlçatanlıqla bağlı şikayətləri kifayət qədər çoxdur.

Ekspertlərin fikrincə isə, qoyulan şərtlər onsuz da sayı sürətlə azalan ailə-kiçik təsərrüfatların daha da sıradan çıxmasına, məmurlara məxsus iri təsərrüfatların isə böyüməsinə və dövlət büdcəsindən faydalanmasına şərait yaradır.

Naxçıvanlı fermer Qahablı Nurani sosial media üzərindən Nazirlər Kabinetinə müraciətində deyir ki, belə bir qərar verilməzdən öncə dövlət qurumları fermerlərlə, eləcə də icra başçılarının iştirakı ilə görüşlər keçirməlidir:

“500 baş heyvan saxlamağa örüş sahələri olacaqmı, təmin ediləcəkmi? O zaman kənd təsərrüfatı naziri, icra başçıları cavab verəcəklər ki, elə böyük göllərimiz yoxdur ki, vətəndaşlar sahələri sulayıb qış yemini yığa bilsin. Nə də ki, kənd yerlərində qoyunları otardığımız örüş sahələri, tutaq ki, 1000 m²-dir və bunu artırmaq imkanımız yoxdur. Belə bir qərar verəndə, xahiş edirəm, bütün aidiyyəti qurumları və fermerləri başınıza yığın, sonra qərar verin”.

“Mən 200 baş qoyun saxlayıram, onu otarmağa yeri fikirləşirəm, suvarmağını düşünürəm. Qarabağda böyük bir sahədir. Orada mənim kimi kasıb insanlar heyvan saxlaya bilməz. Orada böyük imkanlı biznesmenlər minlərlə heyvan alıb saxlayırlar. Yəqin ki, sizin də orada heyvan saxlamağa şansınız var ki, subsidiya veriləcək”, – deyə naxçıvanlı fermer bildirir.

İqtisadçı Natiq Cəfərli isə yazır ki, kəndli, kiçik və orta sahibkarlar, fermerlər subsidiyalardan kənarda qalacaq:

“Ölkədə hansı kiçik və orta sahibkarın, fermerin 100 hektar torpağı, 500 və daha artıq baş qoyun-keçisi var?! Bu subsidiyaları kim alacaq? Və ya 500 qoyunu olan üçün ildə cəmi 2000 manat subsidiya veriləcəksə, bu hansı dərdə dərman olacaq?! Hələ bu 2000 manatı almaq üçün otlaqlarda, örüş yerlərində münbitlik, biomüxtəliflik artmalıdır – bunun kriteriyaları nədir?! Bu yaxınlarda suvarma üçün suyun qiyməti qalxdı. Münbitliyin artırılması üçün Allaha dua edib yağış istəməklə yanaşı, suvarmaq da lazımdır. İldə bir neçə dəfə suvarsalar, elə 2000 manatı su pulu kimi verməli olmayacaqlarmı?! Biomüxtəlifliyi təmin etmək üçün xərc lazımdır. 2000 manat bu xərci qarşılayacaqmı?!”.

Ana səhifəXəbərlərDövlətdən iri heyvandarlıq təsərrüfatlarına böyük dəstək, kiçik fermerə ciddi zərbə