Şəkidə istirahət mərkəzində kanat qırılıb, iki nəfər ölüb

Qətl hadisəsi. Foto: MiniStocker/shutterstock

Şəkinin Baş Kəldək kəndində yerləşən “Şəki Yaylası” İstirahət Mərkəzində kanatın qırılması nəticəsində iki nəfər ölüb. Hadisə sentyabrın 8-də günorta saatlarında baş verib.

“Qəzetçi”nin mənbəsinə istinadən yazdığına görə, iki nəfər kanatla təxminən 40 metr yüksəklikdə olarkən yerə düşüb. Məlumata görə, qəza zamanı oturacağın trosla birləşən hissəsi qopub.

TƏBİB-dən bildirilib ki, saat 14:50 radələrində istirahət mərkəzindən təcili tibbi yardıma çağırış olub. Hadisə yerinə briqada göndərilib və iki kişinin öldüyü müəyyən edilib.

Ölənlərdən birinin Qax rayonunun Zərnə kənd sakini, 1996-cı il təvəllüdlü Coşqun Ceyhun oğlu Məmmədov olduğu bildirilir. Məlumata görə, o, istirahət etmək üçün Bakıdan Şəkiyə gəlib. Digər ölənin kimliyi hələlik açıqlanmayıb.

Hadisə şahidlərinin sözlərinə görə, istirahət mərkəzində hündürlükdə çəkilmiş tros üzərində hərəkət edən iki kanat xətti var. Qəzanın həmin xətlərdən birində baş verdiyi bildirilir.

Xətlərdən birinin standartlara uyğun olmadığı və kustar üsulla quraşdırıldığı iddia edilir. Bu məlumat hələlik rəsmi qurumlar tərəfindən təsdiqlənməyib.

Hadisə zamanı istirahət mərkəzinin bir əməkdaşının da xəsarət aldığı, qolunun sındığı bildirilir.

Hazırda hadisə yerində Fövqəladə Hallar Nazirliyinin və prokurorluğun əməkdaşları araşdırma aparır. Qəzanın səbəbi və kanat xəttinin texniki vəziyyəti araşdırılır.

“Şəki Yaylası” İstirahət Mərkəzi “MGN GROUP” MMC-yə məxsusdur. Şirkətlər qrupuna Şabrandakı “Bağcalı” Hotel və Novxanı qəsəbəsində yerləşən “My Beach” otel-istirahət mərkəzinin də daxil olduğu bildirilir.

İstirahət mərkəzinin və “MGN GROUP” MMC-nin hadisə ilə bağlı mövqeyi hələlik məlum deyil.

Ana səhifəSosialŞəkidə istirahət mərkəzində kanat qırılıb, iki nəfər ölüb