“Dostluq” kinoteatrının sökülmə təhlükəsinin olduğu bildirilir

Dostluq kinoteatrı. Fotolar: Elçin Əliyev

Dövlət qurumları isə söküntüdən xəbərsiz olduqlarını deyirlər

Bakının Azadlıq prospekti 76 ünvanında yerləşən “Dostluq” (“Drujba”) kinoteatrı növbəti dəfə sökülmək təhlükəsi ilə üz-üzədir.

Memar Elçin Əliyev Meydan TV-yə binanın sökülməsindən fevralın 8-də xəbəri olduğunu deyib.

“Dünən (fevralın 8-də) maşınla oradan keçəndə gördüm ki, kinoteatrı sökürlər, yaxınlaşıb, fotolar çəkdim. Binanın yuxarı hissəsi, qapıları, pəncərə çərçivələri, fasaddakı sahələr, hamısı açıq-aydın sökülürdü”, – memar deyir.

O bildirib ki, fevralın 9-da təkrar əraziyə gedib və eyni hadisənin şahidi olduqdan sonra aidiyyəti qurumlara müraciət edib:

“Dərhal Mədəniyyət Nazirliyinə, Bakı Şəhər İcra Hakimiyyətinə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə müraciət etdim. Hər üç qurumun nümayəndələri hadisə yerinə gəldilər və söküntüdən xəbərsiz olduqlarını dedilər. Onlar söküntü işlərinin davam etməsinə mane oldular və dayandırdılar. Qərara alındı ki, yaxın vaxtlarda binanı perimetr boyu üzrə hasarlayacaqlar və Mədəniyyət Nazirliyinin nümayəndəsinin nəzarətində olacaq. Bir memar kimi mən də təklif etdim ki, ictimai əsaslarla hər həftə gəlib, binaya nəzarət edəcəyəm”.

Memar deyir ki, bina sahibinin nümayəndəsi də hadisə yerinə gəlib və bildirib ki, orada sadəcə, təmir işləri aparılır:

“Mən soruşanda ki nəyə görə giriş qapılarının çərçivələrini baş fasadın bəzi hissələrini sökürsünüz? Suallarım cavabsız qaldı. Nümayəndə binanın sökülən memarlıq elementlərini bərpa edəcəklərinə söz verdi. Məsələ hələ ki bununla yekunlaşdı. Təəssüf ki, nəzarət olmasaydı, bina sökülüb gedəcəkdi”.

“Formal cəhətdən bina memarlıq abidəsi deyil. Biz ancaq mənəvi tərəfindən danışa bilərik ki, bu, tarixi binadır. Amma hüquqi cəhətdən heç nə edə bilmərik. Özəlləşdirilib və sahibi qüvvədə olan qanunvericiliyə görə binanı sökdürə də bilər. Buna görə də ona kimsə nəsə deyə bilməz. Çox sağ olsun ki, bina sahibinin nümayəndəsi başa düşdü. Söz verdi ki, yeni layihədə, binanın memarlıq abidəsi olduğunu nəzərə alacaq və mümkün qədər onun tarixi hissələrini, elementlərini, divarlarını saxlayacaqlar”, – Elçin Əliyev deyir.

Əlavə edir ki, hazırda qüvvədə olan memarlıq abidələrinin siyahısı sovet hakimiyyətinin sonlarında – 1990-cı illərdə tərtib edilib.

Onun sözlərinə görə, həmin dövrdə də bir çox tarixi-memarlıq abidələri qəsdən siyahıya salınmayıb:

“Bu da bir siyasət idi. Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi nəinki Azərbaycanda, həmçinin Ermənistan, Gürcüstan, Baltikyanı ölkələr, Orta Asiyada memarlıq abidələrinin az olmasına cəhd edirdi. Təəssüf ki, biz müstəqilliyi bərpa edəndən sonra avtomatik həmin siyahını 2001-ci ildə təsdiqlədik. İndi həmin siyahıya baxan, üzərində işləyən yoxdur. Ona görə də belə bir vəziyyət yaranıb”.

“Bakıda yüzlərlə memarlıq abidəsi siyahıya alınmayıb. Ona görə də sahibkar Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə müraciət edəndə ki, mən bunun yerində çoxmərtəbəli bina tikmək istəyirəm. Komitənin əlində əsas olmur ki, ona imtina etsin”, – deyə o bildirib.

Elçin Əliyev deyir ki, son aylar Mədəniyyət Nazirliyi bu istiqamətdə ciddi işlər görür.

Memar bildirib ki, hətta nazirliyə siyahıya alınmamış üç yüz memarlıq abidəsi hesab ediləcək binanın siyahısını təqdim edib.

Onun sözlərinə görə, 2024-cü ilin sonunadək həmin binaların da memarlıq abidələrinin siyahısına daxil ediləcəyi gözlənilir.

“Şəhərsalma” kinoteatrın sökülmədiyini deyir

Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən “Qafqazinfo”ya bildirilib ki, fevralın 6-da Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən kinoteatrda monitorinq aparılıb. Binanın damında və fasad hissəsində işlərin aparılması müəyyən edilərək dayandırılıb. Kinoteatr binasının sökülməsi və yerində yeni binanın tikilməsi ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə mülkiyyətçi tərəfindən müraciət olunmayıb və heç bir tikintiyə icazə verilməyib.

Kinoteatr tarixi-abidələr siyahısına salınacaq?

Mədəniyyət Nazirliyindən Meydan TV-yə bildirilib ki, “Dostluq” kinoteatrı dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix-mədəniyyət abidələrinin siyahısına daxil deyil.

“Kinoteatrın binası xüsusi mülkiyyətdədir. 1952-ci ildə inşa olunan tikilinin tarixi əhəmiyyəti nəzərə alınaraq daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına daxil edilməsi ilə bağlı təkliflərə baxılır”, – nazirliyin açıqlamasında bildirilib.

Vaxtilə paytaxt Bakıda 16 kinoteatr fəaliyyət göstərib.

Onlar ümumilikdə 70 kinozaldan ibarət olub.

2006-cı il avqustun 23-də Prezident İlham Əliyevin imzaladığı “Səhiyyə, təhsil, idman və mədəniyyət sahələrində bir sıra müəssisə və obyektlərin özəlləşdirilməsi haqqında” sərəncamdan sonra ikisi (“Azərbaycan” və “Araz”) profilini saxlamaq şərtilə ölkə üzrə 100 kinoteatr və kino qurğusunun özəlləşdirilməsinə başlanılıb.

2014-cü ilin əvvəlinə onlardan 71-i özəlləşdirilib və proses sonrakı dövrdə də davam edib.

İndi həmin kinoteatrların bir çoxu kommersiya obyektinə çevrilib.

“Dostluq” kinoteatrı da 2017-ci ildə özəlləşdirilib.

Sahibkarlar isə həmin kinoteatrları təmir etmək əvəzinə, onlardan biznes və başqa təyinatlı obyektlər kimi istifadə ediblər.

Avropa standartları 10 milyon əhali üçün 500 kinozalı nəzərdə tutur.

Bu baxımdan ölkədəki kinozalların say etibarilə Avropa standartlarından geri qalır.

Ölkədə, daha doğrusu, paytaxtda dövlət kinoteatrlarının olmaması da birbaşa bilet qiymətlərinin bahalaşmasına təsir göstərir.

Kino mütəxəssisləri hər dəfə kinonun problemlərindən danışarkən, kinoteatrlar mövzusuna da toxunurlar.

Problemin həlli istiqamətində addımlar atılmadığını deyirlər.

Hazırda isə Bakıda dövlət balansında yalnız bir kinoteatr var, o da “Nizami” Kino Mərkəzidir.

Digərləri – “Park Cinema” və “CinemaPlus” şirkətlər zənciri özəl şəbəkələrdir. Onlar da ancaq kommersiya xarakterli xarici filmlərin nümayişinə daha meyillidirlər.

“Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı”nda göstərilib ki, dövlət şəbəkəsində saxlanılan kinoteatr binaları bərpa olunmalı, müasir tələblərə cavab verən nümayiş və səs avadanlığı ilə təchiz edilməlidir.

Qanundan irəli gələn tələblər isə yerinə yetirilməyib.

Ana səhifəMədəniyyət“Dostluq” kinoteatrının sökülmə təhlükəsinin olduğu bildirilir