DOST İş Mərkəzindən şikayət: “236 manat maaşı bizə çox gördülər”

DOST İş Mərkəzi, Foto: dost.gov.az

“5 ildən artıq idi ki, 6 saylı Nəqliyyat Departamentində çalışırdıq”

“İki ay idi ki, maaşımızı vermirdilər. Tələb edəndə bildirdilər ki, işdən azad edilmisiniz”.

SOCAR-ın 6 saylı Nəqliyyat Departamentinin işçiləri – Musa Nəsirov və Əsgər Həsənli Meydan TV-yə belə deyiblər.

Maaşlarını ala bilməyən şikayətçilər noyabr ayında Qobustanda yerləşən 6 saylı Nəqliyyat Departamentinə üz tutublar, amma işdən çıxarıldıqlarını öyrəniblər.

Onlar deyirlər ki, 2016-ci ildən SOCAR-ın 6 saylı Nəqliyyat Departamentinin Yardımlı rayonundakı Qaz İdarəsində çalışıblar.

2020-ci ildə isə əmək müqavilələri DOST İş Mərkəzinin müqavilələriylə əvəzlənib və 236 manat maaş alıblar:

“Fəaliyyətimizi DOST İş Mərkəzinin nəzdində davam etdirirdik. Avqust ayında biz də daxil olmaqla, idarənin 18 işçisi Departamentə çağırıldı. Bizdən məzuniyyətə çıxmaq üçün ərizə aldılar. Avqustun sonunda məzuniyyət pulu da ödənildi”.

Yardımlı sakini olduğunu deyən şikayətçilər bildiriblər ki, sentyabrın əvvəlində işə qayıtsalar da, sonrakı aylarda maaş ala bilməyiblər:

“Son iki ayda maaş ala bilmədik deyə Qobustana – Departamentə getdik. Departamentdə bizə dedilər ki, siz artıq işdən çıxarılmısınız”.

“Oktyabrın 5-dən başlayaraq DOST MMC-nin “qaynar xətti”nə zəng vurmağa başladıq. Hər dəfə deyirdilər ki, sabah olacaq… Sanki ələ salırdılar bizi… Dəfələrlə Yardımlıdan Qobustana gəlib-getdik. Nə qəbul edən vardı, nə dinləyən…”, – şikayətçilər belə deyirlər.

Əsgər Həsənli, Foto: Meydan TV

Əsgər Həsənlinin deyir ki, noyabrın 11-də heç bir xəbərdarlıq edilmədən və ərizələri alınmadan əmək müqavilələrinə də xitam verilib:

“Dedilər ki, guya yoxlama gəlib. Bizi işdə görməyib, ona görə də bizi işdən çıxarıblar. Halbuki ağ yalandır. Hər gün idarədə olurduq, iş olanda işləyirdik, olmayanda oturub iş gözləyirdik. Mən orada gündəlik tabelə qol çəkən işçiyəm, hər gün işdə olmuşam və ora bircə dəfə də olsun yoxlama gəlməyib. Geri qayıdıb idarənin rəhbərliyindən də soruşduq. Dedi ki, buralara yoxlama gəlməyib. Üstəlik, hətta əgər mən işdə olmamışamsa, niyə izahat alınmayıb, niyə akt tərtib olunmayıb, niyə mənə xəbərdarlıq edilməyib? Hanı bu sənədlər?..”

O, DOST İş Mərkəzindən atdığı bu addımı özbaşınalıq adlandırıb:

“Mən 236 manata 4 nəfərlik ailə saxlayırdım. Ən azı, heç olmasa çörəklə, ən aşağı səviyyədə ərzaqla təmin edirdim ki, acından ölməyək, o nəfəsliyi də bağladılar. Bəs bu vətəndaş necə dolansın? Bundan sonra uşaqlarıma daş, kəsək yedirdim?”

Eyni gündə işini itirən Musa Nəsirov da deyir ki, yüzlərlə insan bu problemlə üzləşib:

Musa Nəsirov, Foto: Meydan TV

“Orada 3 minə yaxın adam işləyirdi. İşçiləri eyni yollarla yarıbayarı azaldıblar. Təkcə bizdən 18 nəfəri işdən çıxarıblar. Bu 18 nəfərin hərəsinin arxasında bir çətən külfəti var. Nəzərə alsaq ki, hər ailədə azı 4-5 nəfər var, görün nə qədər adam ac qalır? Şəxsən mən Urakəran kəndində yaşayıram. Kənddə əlində işi olan, səhər yuxudan oyanıb işə gedən, bəlkə, tək-tük sakinlərdən idim. Maaş həddindən az olsa da, ən azı, rahat idim ki, işə gedib gəlirəm. İki uşaqdan, həyat yoldaşımdan, özümdən başqa xəstə valideynlərimə də baxıram. Bundan sonra nə edim? Onsuz da verdikləri 236 manat fitrə pulu kimi şey idi, çörəyə, suya zorla çatırdı”.
DOST MMC-dən bildirilib ki, noyabrın 18-də ARDNŞ-nin 6 saylı Nəqliyyat Departamentində işləmiş və işdən çıxarılmış şəxslərlə görüşüblər. Amma işdən çıxarılanların problemlərinin həll edilib-edilmədiyi ilə bağlı əlavə məlumat verilməyib.

Ana səhifəSosialDOST İş Mərkəzindən şikayət: “236 manat maaşı bizə çox gördülər”