Rusiyanın iyunun 29-da Ukraynaya endirdiyi hava zərbəsi nəticəsində həlak olan azərbaycanlı tələbə Fatimə Hüseynova diplomunu almaq və məzuniyyət mərasimində iştirak etmək üçün Xarkova gedibmiş.
Xarkov Milli Tibb Universitetinin yaydığı məlumata görə, 23 yaşlı Fatimə Hüseynova iyunun 30-na planlaşdırılan diplom təqdimetmə mərasimi üçün Azərbaycandan Xarkova gəlib.
Qeyd olunur ki, Fatimə Hüseynova altı il əvvəl Azərbaycandan Xarkova gələrək tibb təhsili almağa başlayıb. Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı işğalından sonra o, digər xarici tələbələr kimi ölkəsinə qayıdıb və təhsilini distant formada davam etdirib. Bu ilin iyununda isə diplom sənədlərini almaq üçün yenidən Xarkova gedib.
“Fatimə insanlara xidmət yolunu seçmiş gələcəyin həkimi idi. O, həyatını tibbə həsr etməyi və insan həyatını xilas etməyi arzulayırdı”, – universitetin açıqlamasında deyilir.
O, hücum zamanı kurs yoldaşı Ada ilə birlikdə məzuniyyət mantiyalarında fotosessiyaya gedərkən aviazərbəyə tuş gəlib.
“Fatimə və Ada sabah keçirilməsi planlaşdırılan diplom təqdimetmə mərasimi üçün xüsusi olaraq gəlmişdilər. Digər tələbələr artıq fotosessiyaya toplaşmışdı və onları gözləyirdi”, – qızları tanıyan şəxslər KHARKIV Today nəşrinə bildiriblər.
Hücum zamanı Fatimə Hüseynovanın kurs yoldaşı Ada da ağır yaralanıb. Yerli medianın məlumatına görə, onun bədəninin təxminən 90 faizi yanıb və hazırda Xarkov xəstəxanalarından birində müalicə olunur.
Rusiyanın 2022-ci ilin fevralında Ukraynaya hərbi müdaxiləsindən sonra açıqlanan məlumatlara görə, azı 135 azərbaycanəsilli şəxs həlak olub, 70 nəfər isə itkin düşüb.