“Dindarlar məcburi şəkildə radikallaşırlar” [VİDEO]


Arif Yunus: “Hakimiyyət  dini qrupları nəzarətdə saxlamaq üçün onların arasında qarşıdurmada maraqlıdır”


““İran casusu”, yaxud “islam terrorçusu” adıyla həyata keçirilən həbslər Qərbi inandırmaq məqsədi daşıyır”

Müsahibimiz konfliktoloq, şərqşünas Arif Yunusdur.



Arif müəllim, bu gün Azərbaycanda dinin rolu hansı səviyyədədir?

– 2003-cü ildən sonra vəziyyət köklü şəkildə dəyişdi, o dövrə qədər Qərbə inam böyük idi. İlham Əliyev hakimiyyətə gələndən sonra inamsızlıq artdı, Heydər Əliyev avtoritar şəxs olsa da, ona hörmət  vardı. İlham Əliyevin imici fərqli idi, hətta onu gənc islahatçı da adlandırırdılar. Amma o, Qərbpərəst  siyasi qüvvələrə qarşı repressiyanı gücləndirəndə vəziyyət Qərbin əleyhinə dəyişdi. 2006-cı ildən həmin qüvvələrin siyasi arenada rolu sıfır həddinə düşdü və tədricən boşluğu siyasi islamın tərəfdarları doldurmağa başladı. Həm də indiki nəsil 70-80-ci illərin nəslindən fərqli olaraq islam haqqında təkcə “nəinki bizim dinimizdir” düşüncəyiylə yanaşmırlar, bundan başqa maraq da var. Bu gün ictimai fikir dəyişilib, siyasi islamın rolu artıb və siyasi islama cəmiyyətin də münasibəti dəyişilib.

 –

Ölkədə müsəlman icmaları arasında münasibətlər hansı səviyyədədir?

– Təkcə Azərbaycanda deyil, bütün postsovet məkanında dindarlar arasında ideoloji toqquşma başlayıb və bu, özünü səlafilər icmasında daha çox büruzə verir.

 –

Dediyiniz məqam daha çox hansı amillərlə bağlıdır?

 – Birinci, əgər ölkə əhalisinin əksəriyyəti müsəlmanlardan ibarətdirsə, deməli, hər şey şəriət əsasında olmalıdır. O zaman ortalığa sual çıxır: cihad məsələsi, yaxud ölkə rəhbərinə münasibət necə olmalıdır? Məsələ ondadır ki, islam ölkələrində bu suallara cavab verilib. Həmin ölkələrdə yanaşma belədir: əgər ölkə rəhbəri müsəlmandırsa, Allaha inanırsa, pis olsa belə, ona tabe olmalısan. Bizdə diskusiyyalar bu formada getdi: İlham Əliyev bizim üçün kimdir, o, kafirlərin, yoxsa bizim prezidentimizdir, ona münasibət necə olmalıdır? Bütün bunlar obyektiv proseslərdir, çünki gedişat yalnız Azərbaycanda yox, Orta Asiya respublikalarlında da getdi. Digər tərəfdən, hakimiyyətin din siyasəti məcburi radikallaşma yaratdı. Məsələ ondadır ki, indiki hakimiyyət kommunistlərdən ibarətdir, sadəcə, adlarını dəyişib “yeni azərbaycanlılar” qoyublar.  Amma münasibət dəyişməyib, repressiya davam edir və hakimiyyətdəkilər dindarlardan qorxurlar. Hakimiyyət düşünür ki, din sovet dövründə olduğu kimi nəzarətdə olmalıdır, kim nəzarətdə deyilsə, repressiyaya məruz qalacaq. Ona görə bölgələrdə dindarlara qarşı müxtəlif  təzyiq formaları seçilir, birinin saqqalını qırxırlar, başqa birinin cibinə narkotik maddə “tapıb” həbs edirlər, bir sözlə, dindarsansa, bu, təhlükəli faktordur.

 –

Bəs islamçıların özləri arasında qarşıdurma varmı?

 – Əlbəttə, sosial şəbəkələrdə Suriya hadisələrinə yanaşmada  onların bir-birini təhqir etməsi özünü göstərir. Adi misal: şiələr açıq şəkildə Bəşər Əsədin tərəfdarıdırlar, bu mənada onların saytlarında səlafilər haqqında xoşagəlməz fikirlər oxuyuruq, qarşı tərəf də öz saytlarında oxşar sözlər işlədirlər. Üstəlik hər hansı məsciddə şiələrin səlafiləri, səlafilərin isə şiələri namaza buraxmadıqları haqqında xəbərlər eşidirik.

 –

Bütün sünniləri səlafilər kimi təqdim etmək düzgündürmü?

 – Xeyr, sünnülər var ki, nurçu, yaxud sufilərdirlər. Bu məsələdə məzhəb rol oynayır, səlafilər hənbəli məzhəbinə yaxındır, bizdə isə hənəfi və şəfai məzhəbləri var. Sünnülər böyük icma olsa da, bölünürlər və səlafilər onun bir qoludur.



Bəs səlafilərlə vəhhabilər eyni təriqətdirmi?

– Faktiki baxımdan eynidir, amma səlafilərə vəhhabi deyəndə, bunu təhqir kimi qəbul edirlər. Hətta özlərini səlafi yox, əsl müsəlman sayırlar. Çünki onlar deyir ki, şiələr və sünnilər, hamı  peyğəmbərin dövrünə qayıtmalıdır. Ümumiyyətlə, onlar məzhəb məsələsini rədd edirlər.



Hazırda müzakirə obyekti olan nurçuluq özündə nələri ehtiva edir və onlar kimdir?

– Azərbaycanda nurçular və gülənçilər var. Türkiyədə də oxşar vəziyyətdir. Fətullah Gülənin tərəfdarlartına fətullahçılar deyirlər. Azərbaycanda isə əksəriyyət nurçulardır, gülənçilər deyil. Onların arasında fərq ondan ibarətdir ki, nurçular Səid Nursinin tərəfdarlarıdır, o cümlədən, Fətullah Gülən də tərəfdarlardan biridir. O, özünü tərəfdar adlandırsa da, nurçular onu lider kimi qəbul etmirlər. Ikinci, nurçular səlafilərdən və şiəçilərdən fərqli olaraq hesab edirlər ki, nə vaxtsa islam dünyada qələbə çalacaq. Amma bu qələbə dinc və bilik yoluyla həyata keçiriləcək. Onlar deyir ki, islam zorla yox, könüllü və bilik yoluyla qəbul etdirilməlidir. Bu mənada nurçular müxtəlif ölkələrdə məktəbləri açırlar ki, insanlar bilik yoluyla islama gəlsin. Yəni qorxu və başqa təzyiq üsulları ilə islamı qəbul etməsin.




Hakimiyyətin din siyasətini necə qiymətləndirirsiniz?

 – Əvvəla, hakimiyyət  Qərblə oyunlarında dindən vasitə kimi istifadə edir. ABŞ və Avropadan hansısa rəsmi şəxs Bakıya gəlirsə, hakimiyyət nümayəndələri onlarla söhbət zamanı islam təhlükəsindən söhbət açırlar. Qərb demokratiya və insan haqları problemlərində təzyiqi gücləndirəndə, rəsmi Bakı İran, islam terrorizmi məsələsini qabardır. Fikir verin, ildə bir neçə dəfə “İran casusu”, yaxud “islam terrorçusu” adıyla həbslər həyata keçirilir, bu, Qərbi inandırmaq məqsədi daşıyır. Həbs olunanların həqiqətən casus, yaxud terrorçu olması böyük sual altındadır. Adi bir misal: Suriyaya yaxın “Meşə qardaşları” təşkilatının terror törədəcəyi haqqında xəbər verildi və hələ plakat da yazılıb yayıldı. Mən həmin plakata baxanda, onun hakimiyyət dairələrində hazırlandığına əmin oldum. Çünki dindarların özlərinin danışıq dili var, plakatda bu məqam pozulmuşdu. İkinci, plakatda Azərbaycan bayrağı əks olunmuşdu, halbuki, səlafilər üçün bu, kafirlərin bayrağıdır. Onların öz bayraqları var, üçrəngli bayrağımızı qəbul etmirlər. Üçüncü, onlar polisləri və hərbçiləri mürtəd və kafir adlandırırlar, amma plakatda polis yazılmışdı. Ona görə plakatın kim tərəfindən hazırlandığını sual edəndə, cavab verdim ki, sualı MTN-ə ünvanlyın, çünki mətni orada yazıblar.



Söylədiklərinizdən belə məntiq yaranmır ki, hakimiyyət dini gərginliyin artmasında maraqlıdır…?

– Hakimiyyət ona görə qarşıdurmada maraqlıdır ki, bununla siyasiləşmiş dini qrupları nəzarət altında saxlayır. Məsələ ondadır ki, dini sahədə yaranmış parçalanma hakimiyyətin nəzarət imkanlarını genişləndirir. Axı dini qruplar bir araya gəlib birləşsə hakimiyyət üçün təhlükəli olur. İkinci, səlafilər də eyni deyil, onların bir çoxu adi dindarlardır. Amma onlara qarşı təzyiq olanda, radikallaşırlar. Problem ondadır ki, hakimiyyətin dinlə bağlı siyasəti yoxdur, daha doğrusu, aparılan siyasət repressiv səciyyə daşıyır. Bunun da nəticəsində dindarlar məcburi şəkildə radikallaşırlar.

Ana səhifəVideo“Dindarlar məcburi şəkildə radikallaşırlar” [VİDEO]