''Deputatların dəyişdirilməsi avropalı parlamentarilərin ələ alınması ilə bağlıdır''

Ələsgər Məmmədli

Ələsgər Məmmədli

Ələsgər Məmmədli: ''Bu prosesə Avropada düşən nüfuz məsələsi kimi baxmaq lazımdır''

Ehtimal etmək olar ki, deputatlar Elxan Süleymanovun və Müslüm Məmmədovun Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətindən kənarlaşdırılmasının səbəbi avropalı parlamentarilərin ələ alınması barədə məlumatların ictimailəşməsi olub. 

Bunu Meydan TV-ə hüquqşünas Ələsgər Məmmədli deyib. 

Yanvarın 4-də Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinə deputatlar Elxan Süleymanov, Müslüm Məmmədov və Elşən Musayevin əvəzinə  Ülviyyə Ağayeva, Elşad Həsənov və Asim Mollazadə təyin ediliblər. 

Onun fikrincə, bunlar hakimiyyətə sadiq deputatlardır, ona görə də bu prosesə sırf Avropada düşən nüfuz məsələsi kimi baxmaq lazımdır.        

Bununla belə nümayəndə heyətinin tərkibinin dəyişdirilməsinin hansı prosedur qaydaları çərçivəsindən aparılmasına münasibət bildirən hüquqşünas qeyd edib ki, “əgər spikerin iştirakı ilə heyətdə dəyişiklik olubsa, ciddi problem görmürəm”. 

“Ancaq indiki halda hər iki şəxsin adı avropalı deputatların ələ alınması ilə bağlı hallanmışdı. Ona görə Milli Məclisin gözlənilmədən dərhal qərar verməsi cəmiyyətin informasiya almaq hüquqlarına hörmətsiz yanaşmadır. Çünki parlamentdə nə baş verirsə, ictimaiyyətin bilməsi vacibdir. Hansı çərçivədə olmasından asılı olmayaraq bu gizli saxlanılmalı məsələ deyildi. Akretidə olunmuş KİV nümayəndələri iclasda iştirak edib reportaj hazırlamalıydılar”.

Fazil Mustafa

Fazil Mustafa

İclas keçirilmədən nümayəndə heyətinin tərkibinin hansı prosedur üzrə dəyişdirilməsi haqda Meydan TV-nin sualını cavablayan deputat Fazil Mustafa bildirib ki, nümayəndə heyətinin tərkibi Milli Məclisin, yaxud komitənin iclaslarında müəyyən olunmur. Spiker Oqtay Əsədovun rəhbərliyi ilə nümayəndə heyətinin iclası keçirilir və rəhbərlik, üzvlər təyin edilir:

“Qanunda bununla bağlı Milli Məclisin iclasının keçirilməsi nəzərdə tutulmayıb. Bu, spikerin səlahiyyətinə aid olan məsələdir. Son olay da parlament sədrinin yanında müzakirəyə çıxarılıb və müvafiq qərar qəbul edilib”.

Fazil Mustafa Elxan Süleymanov və Müslüm Məmmədovun nümayəndə heyətindən kənarlaşdırılmasının onlar barəsində yerli və xarici mətbuatda yazılanlarla bağlı olmadığını düşünür:

“Bu şəxslər Avropa Şurasında kifayət qədər fəal millət vəkilləridir. Ona görə hər hansı ittihamla bağlı olduğunu düşünmürəm. Görünür, özlərinin də AŞ PA-da iştirak etməməklə bağlı iradələri olub və qərar qəbul edilib”.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/fbesik

Ən çox baxılan