Azərbaycanda xüsusi karantin rejiminin müddəti yenə də uzadıldı

Foto: Meydan TV

Azərbaycanda xüsusi karantin rejiminin müddəti növbəti dəfə uzadılıb.

Baş nazir Əli Əsədov iyunun 24-də bununla bağlı yeni qərar imzalayıb.

Sənədə əsasən, ölkə ərazisində xüsusi karantin rejiminin müddəti 2026-cı il oktyabrın 1-nə qədər qüvvədə qalacaq. Sənəddə bu addımın koronavirus (COVID-19) infeksiyasının yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə atıldığı qeyd olunub.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) isə pandemiyanın başa çatdığını 2023-cü il mayın 5-də bəyan edib.

Karantin çərçivəsində Azərbaycanın quru sərhədlərindən xarici ölkələrə gediş-gəlişə tətbiq edilən məhdudiyyətlər hələ də qüvvədədir. Yalnız mayın 26-da Bakı-Tbilisi-Bakı marşrutu üzrə sərnişin qatarlarının hərəkəti bərpa edilib. Lakin sərnişinlər biletlərin tez tükənməsindən, satış sistemindəki problemlərdən və qiymətlərin baha olmasından (biletlər sinfindən asılı olaraq 196–220 manatadək dəyişir) narazılıq edirlər. 

Müstəqil ekspertlər isə bildirir ki, cəmi 118 nəfərlik tutumu olan bu qatar problemi kökündən həll etmir və yeganə çıxış yolu quru sərhədlərinin tamamilə açılmasıdır.

Azərbaycanda xüsusi karantin rejimi 2020-ci ilin mart ayından – dünyada yayılan koronavirus pandemiyası ilə əlaqədar elan olunub və həmin vaxtdan quru sərhədləri bağlanıb. O vaxtdan da karantin rejiminin müddəti davamlı olaraq uzadılır.

Bir sıra müxalifət təmsilçiləri isə pandemiyanın başa çatmasına baxmayaraq, məhdudiyyətlərin saxlanılmasını hakimiyyətin siyasi və iqtisadi maraqları ilə izah edirlər. Hakimiyyət rəsmiləri isə quru sərhədlərinin qapalı qalmasını, əsasən, təhlükəsizlik amilləri ilə əlaqələndirirlər.

Ana səhifəSosialAzərbaycanda xüsusi karantin rejiminin müddəti yenə də uzadıldı