İnanclı fəal həbs olunub

Samid Hüseynov – Foto: Arzu Abdullanın Facebook səhifəsi

Dini inanclı fəal Samid Hüseynovun iyunun 19-da saxlanıldığı bildirilir.

Bu barədə onun həyat yoldaşı Arzu Hüseynova Meydan TV-yə məlumat verib. O deyib ki, Samid Hüseynov həmin gün səhər saatlarında Bakının Zabrat qəsəbəsində yerləşən polis bölməsinə çağırılıb və bundan sonra ailəsi onunla əlaqə saxlaya bilməyib.

Arzu Hüseynovanın sözlərinə görə, ailə yalnız iyunun 22-də onun harada saxlanıldığı barədə məlumat alıb. 15-ci polis bölməsindən bildirilib ki, Samid Hüseynov əvvəlcə iki gün həmin bölmədə saxlanılıb, daha sonra Binəqədi müvəqqəti saxlama təcridxanasına aparılıb.

“Dedilər ki, Binəqədidə saxlanılır. Əlaqə saxlamaq üçün nömrə istədim, bildirdilər ki, nə telefon danışığı, nə görüntülü zəng, nə də görüş mümkündür”, – Arzu Hüseynova bildirib.

Onun sözlərinə görə, polis bölməsindən Samid Hüseynovun “xuliqanlıq” maddəsi ilə saxlanıldığı deyilib.

Samid Hüseynov 2023-cü ildə narkotik ittihamı ilə həbs olunmuş və 2 il müddətinə azadlıqdan məhrum edilmişdi. Ailəsi həmin ittihamları qəbul etməmiş, onun şərləndiyini bildirmişdi.

Ana səhifəSiyasətİnanclı fəal həbs olunub