Deputat oğlunun şirkəti 25 gündə 66 milyonluq tenderlərin qalibi oldu

Şuşanın bərpası təkcə tikinti meydançası deyil, həm də dövlət vəsaitinin kimlərə, hansı şərtlərlə və necə yönəldildiyini göstərən böyük ictimai sınaqdır. Son 25 gündə bu sınağın mərkəzinə bir şirkət çıxıb: “Diler İnşaat” QSC. 

Dövlət satınalmalarının vahid internet portalında açıqlanan məlumatlara görə, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin ümumi dəyəri 66,4 milyon manat olan üç tenderinin qalibi eyni şirkət olub.

“Diler İnşaat” QSC şirkəti ilə bağlanan üç müqavilə üzrə ümumilikdə 21 dördmərtəbəli yaşayış binasının tikintisi nəzərdə tutulub. Satınalmalar yalnız yaşayış binalarının inşası ilə məhdudlaşmır, həm də xidmətedici və yardımçı obyektlər, eləcə də ərazinin abadlaşdırılması işlərini də əhatə edir. Üç müqavilənin ümumi dəyəri 66 milyon 434 min 507 manat 92 qəpik təşkil edib.

Rəqəmlərin özü sual doğurur: niyə eyni qurumun qısa müddət ərzində keçirdiyi iri tikinti satınalmalarında eyni şirkət ardıcıl şəkildə qalib gəlir? Müstəqil ekspertlər dövlət satınalmalarında əsas prinsipin yalnız tenderin formal keçirilməsi deyil, həm də rəqabətin real olması, seçim meyarlarının ictimaiyyət üçün aydın və şəffaf olmalı olduğunu dilə gətirirlər. Onlar, xüsusilə söhbət Şuşa kimi siyasi, tarixi və simvolik yükü ağır olan şəhərin bərpasından gedirsə, hər müqavilənin təkcə tikinti sənədi yox, həm də ictimai etimad məsələsi olduğunu vurğulayırlar.

“Diler İnşaat” QSC 28 oktyabr 2016-cı ildə dövlət qeydiyyatına alınıb. Şirkətin qanuni təmsilçisi Süleymanov Elxan Füzuli oğludur. Açıq mənbələrdə şirkətin tikinti və təmir sahəsində fəaliyyət göstərdiyi, yaşayış və qeyri-yaşayış obyektləri, həmçinin tikinti materiallarının satışı ilə məşğul olduğu qeyd olunur. Meydan TV-nin əvvəlki məlumatına görə, şirkət ilkin olaraq “ORXAN 1989” MMC adı ilə təsis olunub, sonradan adını dəyişərək hazırkı hüquqi formaya keçib. Həmin məlumatda şirkətin rəsmi saytında rəhbər kimi göstərilən Orxan Quluzadənin Milli Məclisin deputatı Ülvi Quliyevin oğlu olduğu vurğulanıb.

Araşdırma zamanı Orxan Quluzadə və ailə üzvlərinə bağlı biznes şəbəkəsinin yalnız Azərbaycanla məhdudlaşmadığı görünür. Açıq mənbələrdəki məlumatlara görə, bu şəbəkəyə aid şirkətlər Rusiyada, Türkiyədə və Böyük Britaniyada da mpvcuddur. Fərqli ölkələrdə qeydiyyatdan keçən bu şirkətlər Quluzadə ailəsinin biznes maraqlarının daha geniş coğrafiyanı əhatə etdiyini göstərir.

Mətbuatda Orxan Quluzadənin Böyük Britaniyada şirkət və daşınmaz əmlak aktivləri ilə bağlı adı hallanıb. Yazıda onun Londonda bir neçə şirkət təsis etdiyi, həmçinin dəyəri yüz minlərlə funt sterlinqlə ölçülən villasının olduğu qeyd olunub. Bu məlumatlar Quluzadə ailəsinin biznes maraqlarının Azərbaycanla yanaşı, Böyük Britaniyanı da əhatə etdiyini göstərir.

Bu faktlar siyasi nüfuza yaxın biznes subyektlərinin iri dövlət layihələrində ardıcıl görünməsinin maraq toqquşması ehtimalı barədə suallar yaradır. Ülvi Quliyev Milli Məclisin beş çağırış deputatı olub, uzun illər parlamentdə təmsil edilir, eyni zamanda Azərbaycan Karate Federasiyasının prezidentidir. Belə bir siyasi və ictimai status fonunda onun oğluna məxsus olan şirkətin dövlət sifarişlərində sürətli yüksəlişi daha yüksək şəffaflıq tələb edir.

Bu, təkcə Şuşa ilə məhdudlaşan mənzərə deyil. Meydan TV-nin 3 aprel 2026-cı ildə yaydığı məlumata görə, Lənkəranın tarixi “Dairəvi qala”sının bərpası ilə bağlı tenderin qalibi də “Diler İnşaat” QSC olub. Mədəniyyət Nazirliyinin tabeliyindəki “Əsaslı Tikinti və Təchizat” MMC qalada aparılacaq işlərə görə şirkətə 1 milyon 872 min 243 manat ödəyəcək. Həmin yazıda mütəxəssislərin tarixi abidələrin bərpasının adi tikinti təcrübəsindən fərqli ixtisaslaşma tələb etməsi barədə fikirləri də yer alıb.

Ağdamla bağlı əvvəlki tenderlər də bu ardıcıllığı genişləndirir. Açıq mənbələrdə “Diler İnşaat”ın Ağdam şəhəri 5-ci yaşayış massivi üzrə layihələrdə qalib gəldiyi, daxili kommunikasiya işləri və avadanlıqların satın alınması üçün təxminən 31,9 milyon manatlıq müqavilə aldığı göstərilib. Eyni mənbələrdə şirkətin həmin bölgədə bundan əvvəl də 15.8 milyon manatdan artıq sifariş aldığı qeyd olunub. 

Beləliklə, son 5 ildə “Diler İnşaat” şirkəti dövlət qurumlarının keçirdiyi 10 tenderin qalibi olub və bu müqavilələr üzrə şirkətə ümumilikdə 117 milyon manatdan artıq vəsait ayrılıb.

Ümumi mənzərəyə nəzər yetirdikdə ortada ayrı-ayrı tenderlərin təsadüfi siyahısı yox, təkrarlanan model görünür: işğaldan azad olunmuş ərazilərdə bərpa-tikinti layihələri, iri büdcə və eyni şirkətin ardıcıl qalibiyyəti. Bu modelin izahı rəqabət üstünlüyü də ola bilər, inzibati yaxınlıq barədə ictimai şübhələri gücləndirən satınalma praktikası da. Cavab üçün əsas suallar açıq qalır: tenderlərdə neçə iştirakçı olub? Qiymət təklifləri arasında fərq nə qədər təşkil edib? Qalib şirkətin texniki imkanları, işçi heyəti, subpodratçıları və əvvəlki layihələrinin icra keyfiyyəti necə qiymətləndirilib?

Qoruq İdarəsi və “Diler İnşaat” QSC tərəfindən bu tenderlərlə bağlı ictimaiyyətə geniş izah verilməyib. Şirkətin siyasi şəxsin ailəsi ilə əlaqəsi barədə yayılan məlumatlara rəsmi münasibət də verilməyib. Halbuki dövlət satınalmalarında ən vacib məsələ təkcə “kim udub?” sualı deyil. Daha mühüm sual budur: ictimai vəsaitin bölüşdürülməsi elə qurulubmu ki, hər kəs nəticənin obyektiv meyarlarla formalaşdığına inana bilsin?

Şuşada binalar tikiləcək, yollar salınacaq, həyətlər abadlaşacaq. Amma bərpa prosesi yalnız beton, daş və fasaddan ibarət deyil. Bu proses həm də idarəçilik mədəniyyətinin bərpası üçün imkandır. 25 günə 66 milyon manatdan çox üç müqavilənin eyni şirkətə verilməsi həmin imkanı daha görünən suallarla üz-üzə qoyur: dövlət sifarişlərində rəqabət nə qədər realdır, siyasi ailələrə bağlı bizneslər üçün sərhədlər haradan keçir və Şuşanın bərpası ictimai etimadı da bərpa edə biləcəkmi?

Ana səhifəAraşdırmaDeputat oğlunun şirkəti 25 gündə 66 milyonluq tenderlərin qalibi oldu