Dələduzluqda ittiham edilən polis polkovnikinə hökm oxunub

Foto: Meydan TV

Sabiq rəis müavini özünü subay kimi qələmə verərək obyekti satıb

Şamaxı Rayon Polis Şöbəsinin sabiq rəis müavini, həbsdə olan polis polkovniki Hüseyn Muraxdanovun məhkəməsi yekunlaşıb. Noyabrın 23-də Bakı Ağır Cinayətlər Məhkəməsində ona hökm oxunub. Hakim Azər Paşayevin sədrliyi ilə çıxarılan hökmə əsasən, Hüseyn Muradxanov 7 il azadlıqdan məhrum edilib. O, Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə təqsirli bilinib.

İttihama görə, Hüseyn Muradxanov evli olduğu halda, özünü subay kimi təqdim edərək həyat yoldaşının razılığı olmadan özünə məxsus obyekti satıb. Sabiq rəis müavininin şəxsiyyət vəsiqəsində ailə vəziyyəti subay göstərildiyinə görə alqı-satqı zamanı ondan həyat yoldaşının razılıq ərizəsi tələb olunmayıb.

2016-cı ildə Hüseyn Muradxanovla həyat yoldaşı Məlakə Muradxanova boşanıb. Bundan sonra Məlakə Muradxanova məhkəməyə müraciət edərək, əmlakın satışından xəbəri olmadığını, buna görə alqı-satqının etibarsız hesab olunmasını istəyib. Məhkəmə iddianı təmin edib və alqı-satqı müqaviləsi ləğv edilib.

Bu üzdən Dürdanə Vəkilova obyektə görə ödədiyi 180 min manatın qaytarılmasını tələb edib. Lakin polis polkovniki pulu qaytara bilməyib. Ona görə Dürdanə Vəkilova ondan hüquq-mühafizə orqanlarına şikayət edib. Ardınca Hüseyn Muradxanov həbs edilib.

Təqsirləndirilən polis polkovniki özünü təqsirli bilmir, dələduzluq etmədiyini deyir. O bildirib ki, şəxsiyyət vəsiqəsində subay yazılması öz istəyilə olmayıb, sadəcə, texniki səhvdir.

Ana səhifəSosialDələduzluqda ittiham edilən polis polkovnikinə hökm oxunub