Cəfər Mirzəyev həbsdə aclığa başlayıb

Cəfər Mirzəyev. Foto: “Facebook”

O, Almaniya səfirliyinin nümayəndələri ilə görüşmək istəyir

Readmissiya qaydasında Almaniyadan Bakıya deportasiya olunandan az sonra narkotik ittihamıyla həbs olunan Cəfər Mirzəyevin saxlandığı 2 saylı cəzaçəkmə müəssisəsində aclıq aksiyası keçirdiyi bildirilir. Onun yaxınlarının verdiyi məlumata görə, Cəfər Mirzəyev sentyabrın 9-dan aclığa başlayıb.

Özünü və ailəsini “readmissiya sazişinin qurbanı” adlandıran Cəfər Mirzəyevin tələblərindən biri Almaniyanın Azərbaycandakı səfirliyinin nümayəndələrilə görüşməkdir.

“Biz dövlətlərarası readmissiya anlaşması əsasında Almaniyadan Azərbaycana göndərilsək də, readmissiya şərtlərinin heç birinə əməl olunmayıb. Sifarişli həbsim nəticəsində mənim və ailəmin psixoloji, həm də maddi durumu acınacaqlı həddə çatıb. Bir sözlə, biz və bir çox bizim kimi ailə readmissiya sazişinin qurbanı olmuşuq”, – Cəfər Mirzəyevin sözləridir.

O vurğulayıb ki, 20 aydır ki, şərlənərək həbs olunub. Bu qədər uzun müddət həbsdə saxlanmasına və ailəsinin maddi baxımdan acınacaqlı vəziyyətdə olmasına baxmayaraq, müxtəlif bəhanələrlə onlara ünvanlı sosial yardım verməkdən imtina olunur.

Yaxınları əlavə edib ki, aclıq edən Cəfər Mirzəyev səfirlik əməkdaşlarıyla görüşdən əlavə, həm də ailəsinə ünvanlı sosial yardım verilməsini, readmissiya şərtlərinə əməl olunmasını tələb edir.

Cəfər Mirzəyevin aclıq aksiyası keçirməsi barədə deyilənlərə Penitensiar Xidmətdən münasibət öyrənmək mümkün olmayıb.

Cəfər Mirzəyev 2021-ci ilin noyabrında Almaniyadan Azərbaycana deportasiya olunub, 2022-ci ilin yanvarında isə həbs olunub. O, 5 il azadlıqdan məhrum edilib.

Cəfər Mirzəyev 2021-ci ilin oktyabrından indiyədək Almaniyadan deportasiya edildikdən az sonra həbs edilən 6 nəfər siyasi fəaldan biridir. Həbs olunanların əksəriyyətinə qarşı narkotik ittihamı irəli sürülüb. Onların arasında Pünhan Kərimli, Malik Rzayev, Samir Aşurov və başqaları var.

Bu siyasi fəalların heç biri özlərini təqsirli bilmir, narkotik ittihamının cəfəngiyyat olduğunu, sosial şəbəkələrdəki tənqidlərinə, Almaniyada olarkən Azərbaycanda siyasi məhbus problemi, insan haqlarının pozulması hallarıyla bağlı etiraz aksiyalarında iştiraklarına görə cəzalandırıldıqlarını bildirirlər.

Daxili İşlər Nazirliyi isə onların bu haqda dediklərinin əsassız olduğunu, konkret cinayətə görə həbs olunduqlarını bəyan edib.

Ana səhifəSiyasətCəfər Mirzəyev həbsdə aclığa başlayıb