Ermənistan parlamenti “Tramp marşrutu” üzrə sazişi ratifikasiya edib

“Jamnews”un materialı

Ermənistan parlamenti “Tramp marşrutu” (TRIPP) layihəsinin həyata keçirilməsi çərçivəsində strateji əməkdaşlığa dair sazişi ratifikasiya edib. Sənəd 2026-cı il mayın 26-da ABŞ dövlət katibi Marko Rubionun Yerevana səfəri zamanı paraflanıb, bir neçə gün sonra isə tərəflər onu məsafədən imzalayıblar.

TRIPP (Trump Route for International Peace and Prosperity – “Beynəlxalq sülh və rifah naminə Tramp marşrutu”) Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında Ermənistan ərazisindən keçməklə nəqliyyat əlaqəsinin yaradılmasını nəzərdə tutur. Layihənin daha geniş məqsədi regionda nəqliyyat və kommunikasiya xətlərinin açılmasıdır. Bu çərçivədə Ermənistanın da Azərbaycan ərazisindən tranzit keçməklə üçüncü ölkələrə çıxış əldə etməsi nəzərdə tutulur.

Uzun illər Bakı ilə Yerevan bu məsələ ətrafında ortaq məxrəcə gələ bilməyib. Azərbaycan tərəfi “Zəngəzur dəhlizi” adlandırdığı nəqliyyat bağlantısının yaradılmasını tələb edirdi. Ermənistan hakimiyyəti isə bütün regional kommunikasiyaların açılmasına hazır olduğunu bildirsə də, ölkənin sözügedən ərazi üzərində suveren hüquqlarını məhdudlaşdıra biləcəyini əsas gətirərək “dəhliz” ifadəsini qəbul etmirdi.

Nəhayət, avqustun 8-də Vaşinqtonda keçirilən görüşdə tərəflər razılığa gəliblər. Razılaşmaya əsasən, marşrut Ermənistanın suverenliyi və yurisdiksiyası altında qalmalı, ABŞ isə layihənin həyata keçirilməsində biznes tərəfdaşı kimi iştirak etməlidir. Təşəbbüs vasitəçilik edən ABŞ prezidenti Donald Trampın adı ilə “Tramp marşrutu” adlandırılıb.
Saziş Ermənistan parlamentində 63 lehinə, 32 əleyhinə səslə ratifikasiya olunub. Sənədə yalnız hakim fraksiyanın deputatları dəstək veriblər.

Parlament müxalifəti hələ səsvermədən əvvəl sazişin ratifikasiyasına qarşı çıxacağını açıqlamışdı. Müxalifət nümayəndələri mövqelərini sənəddə ABŞ və Azərbaycanın maraqlarının nəzərə alındığı, Ermənistanın maraqlarının isə lazımi səviyyədə təmin edilmədiyi ilə əsaslandırırlar.

Hakim partiyanın deputatları əksinə, layihənin qarşılıqlılıq prinsipi əsasında regional nəqliyyat əlaqələrinin açılmasına şərait yaradacağını və bunun Ermənistan üçün iqtisadi baxımdan sərfəli olacağını bildirirlər. Müxalifət isə bu arqumentlərin konkret maliyyə hesablamaları ilə əsaslandırılmadığını vurğulayır.

TRIPP layihəsi üzrə çərçivə sazişinin ratifikasiyasına dair parlament müzakirələri səsvermədən bir gün əvvəl başlayıb. Debatlar üçün cəmi iki saat vaxt ayrılsa da, müxalifət deputatları layihə ilə bağlı əsas narahatlıqlarını səsləndirməyə və bir sıra təkliflər irəli sürməyə imkan tapıblar.

Bəs Ermənistan parlamentində hansı arqumentlər səsləndirilib və layihə ətrafında əsas fikir ayrılıqları nədən ibarətdir?

Müxalifət: “Sənəddə Azərbaycanın maraqları Ermənistanın maraqlarından daha aydın ifadə olunub”

Müxalifətdəki “Ermənistan” fraksiyasının rəhbəri Anna Qriqoryan parlamentdəki çıxışında xatırladıb ki, TRIPP layihəsinin həyata keçirilməsinə dair sənəd Ermənistanla ABŞ arasında imzalanıb. Bununla belə, onun sözlərinə görə, ikitərəfli sənəddə üçüncü dövlətin – Azərbaycanın da maraqlarına toxunulur.

“Üstəlik, Azərbaycanın maraqları bu sənəddə Ermənistan Respublikasının maraqlarından daha birbaşa və aydın şəkildə əks olunub”, – deyə Qriqoryan bildirib.

Deputat layihənin iştirakçı tərəflərə hansı üstünlükləri qazandıracağına dair öz qiymətləndirməsini də təqdim edib.

Onun fikrincə, ABŞ TRIPP vasitəsilə regionda, xüsusilə İranla sərhəd boyunca yerləşən strateji əhəmiyyətli ərazidə birbaşa mövcudluq imkanı əldə edir. Azərbaycan isə uzun müddətdir həm Bakının, həm də Ankaranın qarşıya qoyduğu məqsədə – Naxçıvanla ölkənin əsas hissəsi arasında nəqliyyat əlaqəsinin təmin olunmasına nail olur.

Qriqoryan hesab edir ki, Ermənistanın layihədən konkret olaraq nə əldə edəcəyi sualı hələ də cavabsız qalır.

“Hakim çoxluq bu suala cavab verməyə çalışanda ilk növbədə ‘kommunikasiyaların açılması’ ifadəsini işlədir. Halbuki faktiki olaraq heç bir nəqliyyat xətti açılmır, heç bir sərhəd keçid məntəqəsi fəaliyyətə başlamır. Deməli, bu arqument reallığı əks etdirmir”, – deyə müxalifətçi deputat bildirib.

TRIPP-in işə salınması sülh sazişinin imzalanması ilə əlaqələndirilməlidirmi?

Parlamentdə müzakirə olunan əsas məsələlərdən biri də “Tramp marşrutu”nun fəaliyyətə başlamasının Ermənistanla Azərbaycan arasında yekun sülh sazişinin imzalanmasından asılı olub-olmaması ilə bağlıdır.

Müxalifətdəki “Güclü Ermənistan” fraksiyasının lideri Narek Karapetyan hesab edir ki, marşrutun sülh sazişindən əvvəl istifadəyə verilməsi Azərbaycanın yekun razılaşmanı imzalamaq marağını azalda bilər.

“Azərbaycan qarşısına qoyduğu məqsədə nail olur. Bizim əldə etməli olduğumuz sülh isə daha 5–10 il təxirə salına bilər. Əgər Azərbaycan Naxçıvanla nəqliyyat əlaqəsini artıq təmin edirsə, onda Ermənistanla sülh sazişini imzalamağa niyə tələssin?” – deyə Karapetyan sual edib.

Ermənistanın rəsmi dairələri TRIPP layihəsinin Azərbaycanla yekun sülh sazişi imzalanmazdan əvvəl fəaliyyətə başlaya biləcəyini istisna etmirlər.

Karapetyanın fikrincə, bu iki proses bir-birindən ayrılmamalıdır. O, “Tramp marşrutu”nun həyata keçirilməsinin sülh sazişinin imzalanması ilə birbaşa əlaqələndirilməsini təklif edir.

Ermənistan parlamentinin sədr müavini Ruben Rubinyan isə bu yanaşma ilə razılaşmayıb. Onun fikrincə, TRIPP-in sülh sazişinin imzalanmasından asılı olmayaraq həyata keçirilməsi müsbət haldır.

“Əgər siz sülh sazişinin imzalanmasına nail olmaq üçün bu layihəni həyata keçirməməli olduğumuzu deyirsinizsə, deməli, TRIPP-i Ermənistan üçün zərərli təşəbbüs hesab edirsiniz. Halbuki TRIPP Ermənistan üçün heç də pis layihə deyil”, – deyə Rubinyan bildirib.

Hakim partiyanın nümayəndəsi hesab edir ki, sülh prosesinin praktiki nəticələri yekun sülh sazişinin imzalanmasını gözləmədən də reallaşa bilər.

Rubinyan bu kontekstdə həm “Tramp marşrutu”nun fəaliyyətə başlamasını, həm də Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası prosesinin davam etdirilməsini nəzərdə tutur.

Onun sözlərinə görə, bu proseslərin hər biri regionda sülhün möhkəmlənməsinə xidmət edə bilər.

“Tramp marşrutu” nə vəd edir və layihə necə həyata keçiriləcək?

TRIPP layihəsi Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında ən qısa nəqliyyat bağlantısının yaradılmasına imkan verəcək. Ermənistan üçün isə təşəbbüs regional kommunikasiyaların açılması və qonşu ölkələr üzərindən beynəlxalq nəqliyyat şəbəkələrinə çıxış imkanlarının genişlənməsi baxımından əhəmiyyət daşıyır.

Layihənin Ermənistan ərazisindən keçəcək hissəsinin uzunluğu təxminən 43 kilometr olacaq.

Bu ərazidə dəmir yolu infrastrukturundan istifadə edilməsi, avtomobil magistralının salınması, eləcə də enerji və rəqəmsal kommunikasiya xətlərinin yaradılması planlaşdırılır.

Razılaşmaya əsasən, Ermənistan ərazisində yerləşəcək bütün infrastruktur obyektləri ölkənin suverenliyi və yurisdiksiyası altında qalacaq.

Ratifikasiya olunmuş çərçivə sazişi layihənin hazırlanması və icrası ilə məşğul olacaq TRIPP Development Company adlı şirkətin təsis edilməsini də nəzərdə tutur.

İlkin mərhələdə şirkətin səhmlərinin 74 faizi ABŞ-yə, 26 faizi isə Ermənistana məxsus olacaq.

Əməkdaşlıq müddəti əvvəlcə 49 il müəyyənləşdirilib. Bu müddət başa çatdıqdan sonra tərəflər əməkdaşlığı daha 50 il uzatmaq qərarına gəlsələr, Ermənistanın şirkətdəki payı 49 faizə yüksələcək.

Sazişə əsasən, Ermənistan TRIPP Development Company-yə layihə üçün ayrılmış ərazilərdə torpaqdan istifadə, infrastrukturun inkişaf etdirilməsi və layihənin icrası üçün zəruri olan digər fəaliyyətlərlə bağlı 49 illik müstəsna hüquqlar verəcək.

Bununla belə, şirkətin fəaliyyətini tənzimləyən bütün hüquqi mexanizmlər hələ yekunlaşdırılmayıb.

Məlumata görə, Ermənistan və ABŞ şirkətin nizamnaməsini və səhmdarlar arasında sazişi ayrıca razılaşdırmalı və təsdiqləməlidirlər.

Sərhəd-keçid qaydaları ilə bağlı suallar açıq qalır

Layihənin həyata keçirilməsinin vacib aspektlərindən biri də sərhəddən keçid və tranzit prosedurlarının necə tənzimlənəcəyidir.

Xüsusilə Ermənistan vətəndaşlarının Naxçıvan ərazisindən istifadə etməklə hərəkət etməsi zamanı hansı mexanizmlərin tətbiq olunacağı hələ məlum deyil.

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın sözlərinə görə, Azərbaycan ərazisindən keçidlə bağlı texniki detallar indiyədək razılaşdırılmayıb.

“Bu məsələlər Azərbaycanla müzakirə edilməlidir. Onlar Ermənistan-Azərbaycan münasibətləri çərçivəsində həll olunmalıdır”, – deyə nazir bildirib.

Beləliklə, TRIPP layihəsinin hüquqi və siyasi əsasları formalaşsa da, onun praktiki icrası ilə bağlı bir sıra mühüm məsələlər hələ açıq qalır.

Ermənistan hakimiyyəti layihəni regional təcridin aradan qaldırılması və yeni iqtisadi imkanların yaradılması baxımından mühüm addım kimi təqdim edir. Müxalifət isə ölkənin bu təşəbbüsdən əldə edəcəyi real faydaların, maliyyə şərtlərinin və siyasi təminatların yetərincə aydın olmadığını bildirir.

Parlamentdəki müzakirələr də göstərir ki, əsas fikir ayrılığı nəqliyyat əlaqələrinin açılmasının zəruriliyi ilə deyil, bu prosesin hansı şərtlərlə, hansı ardıcıllıqla və Ermənistan üçün hansı təminatlarla həyata keçirilməsi ilə bağlıdır.

Ana səhifə ▸ Xəbərlər ▸ Ermənistan parlamenti “Tramp marşrutu” üzrə sazişi ratifikasiya edib