Polisdən şikayət etdi, üç gün sonra cinsi zorakılıq və şantaj ittihamı ilə saxlanıldı

Vətəndaş Araz Babayev – İllüstrasiya: Chatgpt

Oktyabrın 26-da Meydan TV-yə Nəsimi Rayon 21-ci Polis Bölməsinin əməkdaşları tərəfindən aldadıldığını danışan vətəndaş Araz Babayev bu gün, oktyabrın 29-da saxlanılıb.

Yerli mətbuatda yayılan məlumata görə, Yasamal rayon sakini G.H. polisə müraciət edərək Araz Babayevin ona qarşı cinsi zorakılıq etdiyini, daha sonra isə şantaj yolu ilə 17 min manatını ələ keçirdiyini bildirib.

Məlumatda onun borc öhdəliklərindən yayınmaq məqsədilə borclu olduğu şəxsləri müxtəlif üsullarla şantaj etdiyi iddia olunur.

Faktla bağlı cinayət işi başlanıb, istintaq hərəkətləri davam etdirilir.

Araz Babayev oktyabrın 26-da Meydan TV-yə danışarkən 2025-ci ilin sentyabrında çayxana işlətdiyi vaxt polis əməkdaşının onu Nəsimi Rayon 21-ci Polis Bölməsinə çağırdığını bildirib.

Onun sözlərinə görə, bölmədə kapitan rütbəli Ramin adlı polis əməkdaşının qəbulunda olub. Həmin vaxt əvvəllər faizlə pul götürdüyü Lamiyə Yunusovanın ondan şikayət etdiyini öyrənib.

Babayev bildirib ki, borcunu tam qaytardığını desə də, polis əməkdaşı faizləri də ödəməli olduğunu söyləyib. Onun iddiasına görə, polis əməkdaşı əks halda onu “Kürdəxanıya göndərəcəyi” ilə hədələyib.

Araz Babayev deyib ki, ertəsi gün polis əməkdaşları ona zəng edərək yenidən bölməyə gəlməsini istəyiblər. O, bölməyə getdikdən sonra polis əməkdaşının bank hesabına 300 manat göndərdiyini bildirib.

Babayevin sözlərinə görə, Lamiyə Yunusova sonradan da ondan şikayət etməyə davam edib. O, polis bölməsində təzyiq altında ərizə yazmağa məcbur edildiyini və həmin ərizənin Yunusovaya təqdim olunduğunu iddia edib.

Araz Babayev aldadıldığını düşündükdən sonra baş verənlərlə bağlı Daxili İşlər Nazirliyinin 102 xidmətinə dəfələrlə şikayət etdiyini, lakin müraciətlərinə məhəl qoyulmadığını bildirib.

Onun sözlərinə görə, Lamiyə Yunusova həmin ərizə ilə məhkəməyə müraciət edib.

Araz Babayev Göyçay Rayon Məhkəməsində keçirilən əvvəlki iki iclasda maddi imkansızlıq səbəbindən iştirak edə bilmədiyini deyib.

Növbəti məhkəmə iclasının noyabrın 2-də Göyçay Rayon Məhkəməsində hakim Elçin Qurbanovun sədrliyi ilə keçirilməli olduğunu bildirib.

Araz Babayevin polis əməkdaşları ilə bağlı iddialarına dair Daxili İşlər Nazirliyindən mövqe öyrənmək mümkün olmayıb.

Ana səhifə ▸ Xəbərlər ▸ Polisdən şikayət etdi, üç gün sonra cinsi zorakılıq və şantaj ittihamı ilə saxlanıldı