Biz əcnəbilərə nə qədər borc vermişik?

Vəziyyət hələlik kritik deyil

Source:


Vəziyyət hələlik kritik deyil

Prezident dünən çıxışında bildirib ki, ölkənin valyuta ehtiyatları dövlət borclarından 5 dəfə çoxdu və ölkədə uzunmüddətli dövrdə makroiqtisadi sabitlik üçün zəmanətdir.

Reallıq və təcrübə isə başqadır. BMT, WB, IMF və OECD tərəfindən istifadə olunan və 2008-ci ildə yenilənən Milli Hesablar Sisteminə görə, ölkənin xalis xarici aktivlərinin dəyəri bütün institusional vahidlərin (maliyyə və qeyri-maliyyə təsisatları, ev təsərrüfatları, dövlət idarəetmə orqanları) aktivləri və qeyri-rezidentlər qarşısında öhdəliklərinin nisbəti ilə müəyyən olunur.  Belə vəziyyətdə Mərkəzi Banklar üçün makroiqtisadi sabitlik üçün əsas göstərici hökumətin borclarının hökumətin valyuta ehtiyatlarına nisbəti yox, beynəlxalq investisiya mövqeyidir – hansı ki, bizdən fərqli olaraq dünyanın qabaqcıl və əksər keçid ölkələrinin Mərkəzi Bankları onu müntəzəm açıqlayır.

Beynəlxalq investisiya mövqeyi bütün institusional vahidlərin xarici aktivləri və xarici öhdəliklərinin balansını əks etdrir. Məsələn, Azərbaycanın rezidentlərinin xaricdə nə qədər birbaşa və portfel sərmayəsi, depoziti var, əcnəbilərin eyni sərvətlərinin Azərbaycanda olan həcmi nə qədərdir?  Azərbaycanın rezidentləri xaricdən nə qədər borc götürüb, biz əcnəbilərə nə qədər borc vermişik?

Mərkəzi Banklar üçün bankların, dövlət zəmanəti ilə alınmayan xarici borcların, fond bazarına xarici sərmayələrin həcmi ona görə vacibdir ki, bu vəsaitlər nə vaxtsa ölkədən çıxanda, valyuta bazarından vəsait tələb edəcək – əgər bazar həmin tələbi qarşılamırsa, milli valyutanın məzənnəsinin sabitliyini qorumaq üçün Mərkəzi Bank ehtiyatlarını bazara çıxarmalı olur və nəticə etibarı ilə rəsmi ehtiyatlar əriyir. Yəni fərqi olmur ki, bu hökumətin borcu idi, ya digər institusional vahidlərin.

Məsələn, hazırda Rusiya Federasiyasının 540 mlrd. dollara yaxın xarici borcunun heç 10%-i də (təxminən 35 mlrd. USD) hökumətin deyil. Lakin Mərkəzi Bank məhz “Rusiya Federasiyasının xarici borcu” anlayışından istifadə edir və özəl sektorun 300 mlrd. dollardan artıq xarici borcunu da bura əlavə edir. Valyuta ehtiyatlarının bütün xarici borclara nisbərinin əsas götürülməsinin də məntiqi budur ki, o borcları da qaytaranda hökumətin borcları kimi eyni mənbədən valyuta resursları əldə edilir.

Bizdə beynəlxaql invesitisiya mövqeyi dövlət sirri kimi qapalı saxlandığından bütün institusional vahidlər üzrə mənzərə aydın deyil. Lakin bəzi məlumatları pərakəndə də olsa görmək mümkündür: təkcə SOCAR və kommersiya banklarının xarici borcları 15.5 mlrd. dollara yaxındır. Hökumətin də borclarını nəzərə alsaq, bu 25 mlrd. dollara yaxındır. Yerdə qalan dövlət şirkətlərinin zəmanətsiz borcları, özəl sektorun yerdə qalan seqmentlərinin borcları barədə məlumat yoxdu. Amma ortada olan xarici borclar hökumətin ehtiyatlarının 65%-nə yaxındır. Kommerisiya banklarının xarici aktivlərini də nəzərə alanda həmin göstərici təxminən 60% təşkil edir.

Vəziyyət hələlik kritik deyil, amma arxayınlaşacaq qədər əlverişli də deyil.


mənbə

Ana səhifəAnalitikaBiz əcnəbilərə nə qədər borc vermişik?