Birləşmiş kinoittifaqları Prezident seçkisinin bitməsini gözləyir

Foto: Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ)

Daha sonra birgə qurultay keçirilib, sədr seçiləcək

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) ilə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının (ARKİ) birləşməsi ilə əlaqədar keçiriləcək qurultayın növbədənkənar Prezident seçkisindən sonraya ertələndiyi bildirilir.

Bu haqda məlumatı AKİ-nin katibi, rejissor Əli İsa Cabbarov APA-ya verib.

Hər iki ittifaq hazırda bir ofisdə işini davam etdirir. Böyük ehtimalla, növbədənkənar Prezident seçkilərindən sonra – fevralın ikinci yarısında sözügedən qurultay baş tutacaq”, – Əli İsa Cabbarov deyib.

AKİ-nin sədri, Xalq artisti, aktyor Rasim Balayev isə Meydan TV-yə deyib ki, 2023-cü ilin noyabrına planlaşdırılan qurultay müəyyən texniki səbəblərə görə ertələnib.

Sonradan belə qərara gəldik ki, Prezident seçkisi qurtarsın, sonra biz seçki edərik”, – Rasim Balayev deyib.

2023-cü il iyulun 26-da AKİ-nin İdarə Heyəti ARKİ ilə vahid ad altında birləşmək məqsədli bəyanat yayıb.

Bəyanatda deyilib ki, eyni adda iki qurumun fəaliyyət göstərməsi kinematoqrafçılar arasında həmrəyliyə, ümumilikdə Azərbaycan kinosunun inkişafına ciddi mane olur.

AKİ üzvləri Rasim Balayevin namizədliyini irəli sürüb.

ARKİ-nin hazırkı sədri Xalq artisti Şəfiqə Məmmədova isə namizəd olub-olmayacağı barədə fikir bildirməyib.

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) 1963-cü ildə təsis edilib.

1981-ci ildən quruma Xalq artisti, ssenarist Rüstəm İbrahimbəyov rəhbərlik edib.

2012-ci ildə Rüstəm İbrahimbəyovun siyasi baxışlarına görə İttifaq Hökumət Evindəki ofisindən çıxarılıb.

Müxalif siyasi qüvvələrin birləşdiyi Milli Şura 2013-cü ilin Prezident seçkisində Rüstəm İbrahimbəyovun namizədliyini irəli sürəndən sonra isə AKİ-də ciddi problemlər yaranıb.

Rüstəm İbrahimbəyov Moskvaya gedəndən sonra İttifaqın fəaliyyəti dayanıb. Bir neçə ildən sonra İttifaq yenidən fəaliyyətini bərpa edib.

2022-ci ilin martında Rüstəm İbrahimbəyov vəfat edib.

Ardınca AKİ-də qurultay keçirilərək sədr postuna Xalq artisti, aktyor Rasim Balayev gətirilib.

ARKİ isə 2012-ci ildə AKİ-yə alternativ olaraq yaradılıb.

Həmin ildən İttifaqa Xalq artisti, aktrisa Şəfiqə Məmmədova rəhbərlik edir.

2022-ci ildə ARKİ bəyanat yayaraq, idarə heyətinin qərarı ilə Şəfiqə Məmmədovanın yenidən İttifaqa sədr seçildiyini açıqlayıb.

Bu, kino ictimaiyyəti arasında narazılığa səbəb olub.

Bildirilib ki, Şəfiqə Məmmədova qurultay keçirilmədən yenidən sədr seçilə bilməz.

Qarşı tərəf isə iradları cavabsız buraxıb.

Ana səhifəMədəniyyətBirləşmiş kinoittifaqları Prezident seçkisinin bitməsini gözləyir