Bələdiyyə sədrləri dəyişdikcə, qaz xətləri də qısalan Cəngan kəndi…

İndi nə köhnə qaz xətləri var, nə də yeniləri çəkilir

Source: Meydan TV


İndi nə köhnə qaz xətləri var, nə də yeniləri çəkilir

“Rayon mərkəzi ilə 5-6 kilometr aramız var. Nə qazımız, nə də yolumuz var… İbtidai icma dövrü şəraitində yaşayırıq”.

Salyanın Cəngan kənd sakinləri Meydan TV-yə durumlarından yazırlar. Onların deməsinə görə, kənddə ən vacib problem yol və mavi yanacaqla bağlıdır.

Cənganda təqribən əlli ailə təsərrüfatı mövcuddur. Yolsuzluq sakinləri hər fəsildə bir cür “sınağa çəkir”. Yayı toz-torpaqlı, qışı palçıqlıdır kəndiçi yollar…



“Bilmirik çörək alaq, yoxsa odun…”

Kənd sakinləri yazır:

“… Əlbəttə ki, qışımız daha ağır keçir. Uşaqları məktəbə göndərə bilmirik, palçığa bulaşırlar. Qonşu kəndlərə qaz xətti çəkilib, bizə yox… Odun bahadır, adamlar bilmir qarnına çörək alsın, yoxsa odun…”

Əslində təqribən 30 ilədək kənddə mavi yanacaq olub. Sakinlərin məktubundan:

“Sovet vaxtı evlərdə bir qaz yanırdı ki, alovu tavana kimi qalxırdı. Evlər isinirdi, adamların narazılığı yox idi. Sovet dağıldı, mavi yanacaq da kəsildi, istilik yoxa çıxdı. Kəndin bələdiyyə sədrləri təzələndikcə, qaz xətləri də qısala-qısala yoxa çıxdı. Hər gələn kəsib satdı, bu işə qohum-əqrabasını da cəlb elədi. Qaz xətlərindən satıb dolandılar. İrili-xırdalı boruları, xətləri satdılar… İndi nə köhnə qaz xətləri var, nə də yeniləri çəkilir”.



“Başçı dedi, yol məsələsi mənlik deyil”

Kənddəki məktəb 4 illikdir. Məktəblilər ibtidai sinifi bitirdikdən sonra valideynlər yaxın kəndlərdəki məktəblər arasında seçim etməli olurlar:

“4-cü sinifdə uşaqların yolları ayrılır. 4 il bir-birinə isinişən uşaqlar yaxın kəndlərdəki məktəblər arasında bölüşdürülür. Bu da uşaqlarda bir psixoloji travma yaradır. Uşaqlar düşdükləri yeni kollektivlərə uyğunlaşınca onlara çətin olur”.

Yaxın kəndlər deyəndə ki, ən yaxın kəndlə Cəngan arasında azı 3-4 kilometrlik yol var. Soyuqda, yağışda, qarda uşaqlar bu yolları piyada gedib-gəlməli olur deyə, çoxu uşağını məktəbə buraxmır. Kənddə tibb məntəqəsi də yoxdur.

Ötən ilin noyabrında sakinlər Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmovun kəndə gəlib onların problemlərini dinləyəndə elə oradaca məyus olublar. Səbəbini kənd sakinləri yazır:

“Başçı dedi, səbr edin, qaz xətti çəkiləcək, qazlaşdırma işləri aparılacaq, ancaq yol məsələsi mənlik deyil, ona söz vermirəm. Düzü, çox pis olduq. Bəs biz tələbimizi kimdən edək? Axı bizim də normal yoldan istifadə hüququmuz var. Rayon mərkəzinin yollarını elə qoruyurlar ki… Asfalt bir az çat verəndə, yolu bağlayıb, texnikaları düzüb, yenisini döşəyirlər. Kəndlərdə yaşayanlar da bu ölkənin vətəndaşlarıdır, onları düşünən yoxdur”.



Beşdəli kəndində də durum oxşardır…

Cənganın qonşuluğundakı Beşdəli kəndi də sosial problemlər içindədir. Bu kənddə qaz xətlərinin çəkilişinə başlanılsa da, hələ başa çatdırılmayıb. Beşdəlinin sakinləri deyir, qazlaşdırma işlərinin yarımçıq qalmasının səbəbi onlara məlum deyil. Beşdəli sakinləri yazır:

“Həvəslə başladılar, sonra qəfil işlər dayandırıldı. Bir neçə aydır ki, iş getmir. Gedib səbəbi ilə maraqlanmışıq, biri deyir, pul tükənib, biri deyir, avadanlıq yoxdur, biri deyir, guya xətlər əvvəldən düz çəkilməyib… Nəticə odur ki, işlər getmir”.

Təxminən yüz ailə təsərrüfatının olduğu bu kənddə də yollar bərbaddır.



İcra hakimiyyəti vəziyyətdən razıdır

Salyan Rayon İcra Hakimiyyətindən Meydan TV-yə bildirilib ki, icra hakimiyyətinin başçısı tez-tez kəndlərdə olur, sakinləri dinləyir, sadalanan problemlərin həlli istiqamətində aidiyyəti idarələrin görüşlərdə iştirak edən nümayəndələrinə tapşırıqlarını verir. O problemlərin ki, həlli qurumun imkanları daxilindədir, qısa müddətdə həll olunur. O problemlərin ki, həlli ilə digər qurumlar məşğul olmalıdır, icra hakimiyyəti rəsmi müraciət edir və başçı məsələni diqqətdə saxlayır: “Beşdəlidə qazlaşdırılma işləri davam edir, tezliklə Cənganda da qazlaşdırılma işlərinə başlanılacaq. Məktəb və tibb məntəqəsinə gəlincə, tibb məntəqələri var, ancaq məsələn, Cəngandakı əlli ailənin heç də hamısında məktəbli yoxdur. Ümumi kənddəki məktəblilərin sayı heç əlli nəfərə çatmır. Bu səbəbdən də orada çoxillik məktəb tikilməsi məqsədəuyğun deyil”.

Ana səhifəBölgəBələdiyyə sədrləri dəyişdikcə, qaz xətləri də qısalan Cəngan kəndi…