Əli Kərimlinin həbsi almaniyalı nazirin Bakı səfərində diqqət mərkəzinə gəldi

Əli Kərimli – Foto: Meydan TV

Almaniyanın xarici işlər naziri Yohann Vadefulun Azərbaycana səfəri zamanı müxalifət lideri, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin həbsi də diqqət mərkəzində olub.

“Politico” nəşrinin “Berlin Playbook” xəbər bülleteninin müəllifi, jurnalist Hans fon der Burchard Bakıda Azərbaycan və Almaniya xarici işlər nazirlərinin birgə mətbuat konfransında Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramova Əli Kərimli ilə bağlı sual ünvanlayıb.

Bayramov suala cavabında bildirib ki, müxalifət nümayəndəsi olmaq heç kəsi qanun qarşısında məsuliyyətdən azad etmir.

“Hazırda onunla bağlı istintaq aparılır. Hüquqi dövlət olan istənilən ölkədə insanlar əməllərinə görə qanun qarşısında cavab verməlidirlər. Hesab edirəm ki, məhkəmənin yekun qərarı bütün suallara aydınlıq gətirəcək”, – deyə nazir bildirib.

“Politico”-nun jurnalisti Vadefulun Cənubi Qafqaza səfəri ilə bağlı yazısında da Əli Kərimlinin həbsi Azərbaycanın Almaniya üçün enerji tərəfdaşı kimi əhəmiyyəti ilə yanaşı, səfərin həssas məqamlarından biri kimi qeyd olunub.

Nəşr yazır ki, Azərbaycan Almaniya üçün mühüm ticarət tərəfdaşı və enerji təchizatçısıdır. Bu ilin əvvəlindən Azərbaycandan Almaniyaya təbii qaz tədarük olunur.

Bununla belə, “Politico” Azərbaycanla bağlı bir sıra məsələlərin Vadefulun səfərini mürəkkəbləşdirdiyini yazır. Nəşr prezident İlham Əliyevin ölkəni 23 ildir sərt, avtoritar idarəçilik üsulu ilə idarə etdiyini qeyd edir. Yazıda həmçinin bildirilir ki, müxalifət lideri Əli Kərimli ötən ilin noyabrından həbsdədir və onun işi üzrə məhkəmə prosesi qapalı keçirilir.

Nəşrin diqqət çəkdiyi digər məsələ Almaniyanın Xarici Kəşfiyyat Xidməti – BND ilə bağlı qalmaqaldır. Nəşr keçmiş prezident August Hanningin məxfi yolla əldə edilmiş kəşfiyyat məlumatlarını Azərbaycana ötürməkdə şübhəli bilindiyini yazır.

Məqalədə Azərbaycan və Ermənistan arasındakı münasibətlər, Qarabağ məsələsi də yer alıb. “Politico” yazır ki, Azərbaycan 2020 və 2023-cü illərdəki iki hərbi əməliyyat nəticəsində Qarabağ bölgəsini Ermənistandan geri alıb. Nəşrin yazdığına görə, Ermənistanda Azərbaycanın daha da irəliləyə biləcəyindən narahatlıq var.

Yazıda bildirilir ki, Vadefulun səfərinin məqsədlərindən biri ötən il Donald Trampın himayəsi ilə razılaşdırılmış sülh sazişinin həyata keçirilməsini təmin etməkdir. Almaniyanın xarici işlər naziri səfərdən əvvəl Cənubi Qafqazın dönüş nöqtəsində olduğunu və onilliklər boyu davam edən müharibə, zorakılıq və məcburi köçkünlük probleminə son qoymaq üçün tarixi imkan yarandığını bildirib.

Vadefulun səfərinin növbəti dayanacağı Ermənistan olub. “Politico”-nun yazdığına görə, nazir bu ölkənin Avropaya yaxınlaşması ilə bağlı qərarların Moskvada verilməməli olduğunu vurğulayıb. O, Rusiya prezidenti Vladimir Putinin hər bir dövlətin öz gələcəyini müstəqil müəyyən etdiyi Avropa dövlətləri nizamını istəmədiyini deyib.

AXCP sədri Əli Kərimli 2025-ci il noyabrın 29-da Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 278.1-ci maddəsi ilə hakimiyyəti zorla ələ keçirməyə və konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər ittihamı irəli sürülüb.

Kərimli ittihamları qəbul etmir, həbsini siyasi fəaliyyəti ilə əlaqələndirir.

Ana səhifə ▸ Siyasət ▸ Əli Kərimlinin həbsi almaniyalı nazirin Bakı səfərində diqqət mərkəzinə gəldi