Nərman Qocatürkün ölümü prokurorluqda araşdırılır. Bir neçə gün əvvəl keçmiş tələbələr onun barəsində ciddi ittihamlar səsləndirmişdilər.
Bakı Dövlət Universitetinin (BDU) dosenti, Fəlsəfə tarixi və mədəniyyətşünaslıq kafedrasının müəllimi Nərman Süleymanov (Qocatürk) yaşadığı evdə ölü tapılıb.
Yerli medianın məlumatına görə, 59 yaşlı Nərman Salman oğlu Süleymanovun meyiti noyabrın 18-də saat 19:00 radələrində Bakının Yasamal rayonunda yerləşən mənzilində aşkarlanıb.
Hadisə ilə bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır. Ölümün səbəbi hələlik açıqlanmayıb.
Bir neçə gün əvvəl keçmiş tələbələr müəllimi cinsi qısnamada ittiham etmişdilər
Nərman Süleymanovun ölümü onun barəsində sosial şəbəkələrdə ciddi iddiaların yayıldığı vaxta təsadüf edib.
Noyabrın 16-da “Arqument.az” sosial mediada BDU-nun keçmiş tələbələrinin müəllim barədə şikayətlərini işıqlandırıb. Redaksiyaya ünvanlanan müraciətdə Süleymanovun qadın tələbələrlə etibarlı münasibət quraraq onları intim münasibətlərə cəlb etməyə çalışdığı iddia olunub.
Müraciət müəllifi oxşar hallarla üzləşdiyini bildirən azı altı nəfərin olduğunu, onlardan üçünü şəxsən tanıdığını söyləyib.
Saytın yayımladığı yeddi dəqiqəlik videoda üzü gizlədilən qadın özünü BDU-nun keçmiş məzunu kimi təqdim edib. O iddia edib ki, müəllim əsasən aşağı kurslarda oxuyan, sosial və ailə baxımından həssas vəziyyətdə olan tələbə qızlara yaxınlaşır, şəxsi problemləri ilə maraqlanaraq onların etibarını qazanmağa çalışırmış.
Şikayətçilər müəllimin tələbələri şəxsi mənzilinə dəvət etdiyini, onlarla intim xarakterli yazışmalar apardığını da iddia ediblər.
“Arqument.az” tələbələrin təqdim etdiyi elektron məktub görüntülərini də yayıb. Redaksiya həmin yazışmalarda göstərilən elektron poçt ünvanının BDU-nun rəsmi saytında Nərman Süleymanova aid ünvanla uyğun gəldiyini müəyyənləşdirdiyini bildirib.
Müraciətdə müəllimin bəzi tələbələrə imtahanlarda əsassız yüksək qiymətlər yazması barədə də iddialar yer alıb.
Keçmiş tələbələr universitet rəhbərliyindən məsələnin müstəqil mütəxəssislər tərəfindən araşdırılmasını, şikayətçilərin kimliyinin məxfi saxlanılmasını və imtahan nəticələrinin yoxlanmasını tələb ediblər.
Onlar universitet rəhbərliyinin şəxsi məlumatlarının məxfiliyini qoruyacağına əmin olmadıqları üçün əvvəlcə mediaya müraciət etdiklərini bildiriblər.
“Arqument.az”ın məlumatına görə, BDU rəhbərliyi və Nərman Süleymanov dərc olunan materiala qədər göndərilən sorğulara cavab verməyiblər.
Səsləndirilən ittihamlar müstəqil qaydada təsdiqlənməyib. Onlarla bağlı rəsmi araşdırmanın başlanıb-başlanmadığı da məlum deyil.
BDU-nun rektoru vəzifəsindən azad edilib
Nərman Süleymanovun ölümündən sonra, noyabrın 19-da Prezident İlham Əliyev Bakı Dövlət Universitetinin rektoru Elçin Babayevin vəzifəsindən azad edilməsi barədə sərəncam imzalayıb.
Prezidentin digər sərəncamı ilə Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə BDU-nun yeni rektoru təyin olunub. O, yeni təyinatla əlaqədar Dövlət İmtahan Mərkəzindəki vəzifəsindən azad edilib.
Elçin Babayev 2019-cu ilin martından Bakı Dövlət Universitetinə rəhbərlik edirdi. O, 2024-cü ildə daha beş il müddətinə həmin vəzifəyə təyin edilmişdi.
Nərman Süleymanovun həyat yoldaşı, jurnalist Şərəf Cəlili isə mediaya açıqlamasında ərinin ölümü ilə bağlı danışarkən onun “bir rektorun qurbanı” olduğunu iddia edib.
“Sərəncama diqqət edin, bu barədə sonra açıqlama olacaq”, – o bildirib.
Lakin Cəlili iddiasının təfərrüatını açıqlamayıb və onu əsaslandıran məlumat təqdim etməyib.
Prezidentin sərəncamlarında Elçin Babayevin vəzifədən azad edilməsinin səbəbi göstərilmir.
Tələbələr də rektorun işdən azad olunmasını Nərman Süleymanovun ölümü ilə bağlı olduğunu iddia edirlər.
Hazırda müəllimin ölümü, keçmiş tələbələrin iddiaları və universitetdəki rəhbərlik dəyişikliyi arasında hər hansı səbəb-nəticə əlaqəsi rəsmi olaraq təsdiqlənməyib.