Hicabını kəlağayı ilə əvəz etsə də, məktəbə buraxılmayıb və işdən çıxarılıb
Bakı şəhərindəki 290 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Sevil Sərraf qızı Cabbarovanın hicabını açmaqdan imtina etdiyi üçün işdən çıxarıldığı bildirilir. Müəllimənin atası Sərraf Cabbarov qızının işdən azad edilməsinə etiraz edərək qərarın hüquqi əsasının düzgün göstərilmədiyini deyir.
Sərraf Cabbarov sosial şəbəkədə paylaşdığı açıqlamada bildirib ki, qızı ali təhsillidir, beş ildir 290 nömrəli məktəbdə pedaqoji fəaliyyət göstərir və hazırda üçüncü sinfə dərs deyirdi. Onun sözlərinə görə, Sevil Cabbarova müəllimlərin işə qəbulu (MİQ) imtahanında 58 bal toplayıb.
Sərraf Cabbarov deyir ki, qızı daha sonra Azərbaycan milli geyim mədəniyyətinin elementlərindən biri olan kəlağayı bağlayaraq işə getməyə çalışıb. Lakin bu dəfə də məktəb rəhbərliyi onun təhsil müəssisəsinə daxil olmasına icazə verməyib. Beləliklə, Sevil Cabbarova baş örtüyünü dəyişsə də, dərslərini davam etdirə bilməyib.
Ata iddia edir ki, qızı Nazirlər Kabinetinin müəllimlərin geyimi ilə bağlı qəbul etdiyi yeni qərara əsasən baş örtüyünü açmadığı üçün məktəbə buraxılmayıb. Lakin onun əmək müqaviləsinə hicabla bağlı tələblər deyil, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi əsas götürülərək xitam verilib.
Sərraf Cabbarov bu qərarı əsassız hesab edir. O bildirir ki, həmin maddə işçinin əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi ilə bağlıdır. Halbuki onun iddiasına görə, qızının dərs keçməsinə məktəb rəhbərliyi özü mane olub.
“Axı siz Kabinetin məlum qərarını əsas göstərərək müəllimə övladımı iş yerinə, sinfə, şagirdlərinin yanına buraxmayıb qapıdan qaytarırsınız! Qanunu kim pozur?”, – deyə Sərraf Cabbarov sual edir.
Ata bildirib ki, ailə Nazirlər Kabinetinin qərarına etiraz etməsə də, Sevil Cabbarovanın əmək vəzifələrini yerinə yetirməməsi əsası ilə işdən çıxarılmasını qəbul etmir.
“Yaxşı, hökumətin qərarına baş əyib işdən çıxmağı qəbul etdik, bəs bu şərləyən maddə nədir?!” – deyə o əlavə edib.
Azərbaycan Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi işçinin əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, yaxud əmək vəzifələrini kobud şəkildə pozması hallarında işəgötürənə əmək müqaviləsinə xitam vermək imkanı tanıyır.
Nazirlər Kabinetinin oktyabrın 6-da qəbul etdiyi 325 nömrəli qərarla dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin geyiminə dair yeni tələblər təsdiqlənib.
Yeni qaydalara əsasən, müəllimlərin geyimi ümumi təhsilin dünyəvilik prinsipinə uyğun olmalı, məktəbdə işgüzar geyim üslubuna riayət edilməlidir. Qaydalarla müəyyən edilmiş geyim üslubundan kənara çıxan geyim elementlərindən istifadəyə icazə verilmir.