2026-cı ilin birinci yarısında əhalinin borc yükü ötən ilin sonu ilə müqayisədə artıb.
Azərbaycan Mərkəzi Bankının (AMB) 2026-cı ilin birinci yarısına həsr olunmuş “Maliyyə sabitliyi” hesabatına görə, əhalinin sərəncamında qalan gəlirlər artsa da, kredit ödənişlərinin həmin gəlirlərdəki payı 18,7 faizə çatıb.
Borc yükü dedikdə, əhalinin gəlirlərindən vergi və sosial sığorta ödənişləri çıxıldıqdan sonra sərəncamında qalan vəsaitin kreditlərin ödənilməsinə yönəldilən hissəsi nəzərdə tutulur. Buraya banklar və bank olmayan kredit təşkilatları tərəfindən verilən istehlak və ipoteka kreditləri üzrə ödənişlər daxildir.
Beləliklə, 2026-cı ilin birinci yarısında əhalinin sərəncamında qalan vəsaitin 18,7 faizi kredit və digər borcların ödənilməsinə yönəldilib. İlin əvvəlində bu göstərici 18,4 faiz təşkil edib. Beləliklə, borc yükü 0,3 faiz bəndi artıb.

AMB-nin təqdim etdiyi qrafikdən görünür ki, 2023-cü ilədək əhalinin sərəncamında qalan vəsaitin artım tempi yüksək olsa da, 2024-cü ildən etibarən zəifləyib. Eyni zamanda, əhalinin kredit ödənişlərinə yönəltdiyi vəsaitin payında əhəmiyyətli artım müşahidə olunub.
Beləliklə, 2023-cü ildə adambaşına sərəncamda qalan vəsait 13,2 min manat olduğu halda, onun 15,8 faizi borc ödənişlərinə yönəldilib.
2024-cü ildə isə əhalinin gəlirlərinin artımı ilə borc yükünün dinamikası arasındakı fərqin kəskin dəyişdiyi görünür. Belə ki, həmin il hər adamın sərəncamında qalan vəsaitlərin cəmi 4,4 faiz artaraq 13,8 min manata çatıb. Bununla yanaşı, borc yükü 2,2 faiz bəndi artaraq 18 faizə yüksəlib.
Növbəti 2025-ci ildə bu fərq bir qədər də artaraq, vergi və sosial sığorta ödənişlərindən sonra əhalinin sərəncamında qalan xalis gəlirin borc ödənişlərinə yönəldilən payı daha 0,4 faiz bəndi artıb.
Nəhayət, 2026-cı ilin birinci yarısına dair məlumatlardan görünür ki, əhalinin sərəncamında qalan vəsait ilin əvvəli ilə müqayisədə 4 faiz artaraq adambaşına 15,4 min manata çatıb. Bununla yanaşı, borc yükü də paralel 0,3 faiz bəndi artaraq 18,7 faizə qalxıb.
Statistik təhlil göstərir ki, əhalinin sərəncamında qalan vəsaitin əhəmiyyətli hissəsi kredit borclarının ödənilməsinə yönəldilir. İqtisadçılar hesab edirlər ki, bunun üzərindən inflyasiya amili də nəzərə alındıqda, insanların sərəncamında qalan real gəlirlər ildən-ilə azalır.
Borc yükü artdıqca böyüyən problemli kreditlər, silinən borclar
Əhalinin borc yükünün artması ölkədə problemli kreditlərin həcminə də təzyiq göstərir. AMB-nin ilin birinci yarısına dair məlumatına görə, iqtisadiyyata təxminən 34 milyard manat kredit qoyuluşu həyata keçirilib. Bunun böyük hissəsini – 20 milyard manatını əhaliyə verilən istehlak kreditləri təşkil edib.
Mərkəzi Bankın məlumatına əsasən, 2026-cı ilin birinci yarısında problemli kreditlərin həcmi əhəmiyyətli dərəcədə artıb və onun payında istehlak kreditlərinin payı kifayət qədər yüksəkdir. Hesabata görə, qeyri-işlək kreditlər (QİK) portfelinin həcmi 25 faiz və ya 191 milyon manat artaraq 954 milyon manata çatıb. Vaxtı keçmiş kreditlərin həcmi isə 196 milyon manat artaraq 720 milyon manat təşkil edib.
AMB-nin metodologiyasına əsasən, vaxtı keçmiş kreditlər ödənişləri 30 gündən çox gecikdirilən kreditlər, qeyri-işlək kreditlər isə 90 gündən artıq gecikməsi olan borclar hesab edilir.
Hələlik Mərkəzi Bank problemli kreditlərin artımını sistem üçün yüksək risk yaradan hal kimi xarakterizə etmir.
AMB-nin hesabatında bildirilir ki, kredit risklərini qarşılamaq üçün yaradılan ehtiyatların həcmi 1,93 milyard manat təşkil edir. Bu məbləğ qeyri-işlək kredit portfelinin həcmindən təxminən iki dəfə çoxdur.
Mərkəzi Bankın açıqlamasına görə, 2026-cı ilin birinci yarısında istehlak kreditləri üzrə qeyri-işlək portfelin həcmi 19,1 faiz artaraq 363 milyon manata çatıb. Bu kreditlər üzrə riskləri qarşılamaq üçün isə 1,37 milyard manat həcmində ehtiyat yaradılıb.
Bundan əlavə, 2026-cı ilin birinci yarısında bank sektorunda ümumilikdə 62 milyon manat məbləğində kredit silinib. Silinən kreditlərin əsas hissəsi yenə də istehlak kreditlərinin payına düşüb – 57 milyon manat.