“Meydan TV işi” üzrə hazırda həbsdə olan jurnalist Nurlan Libre (Qəhrəmanlı) 1 saylı Bakı İstintaq Təcridxanasından yazır. Yazını olduğu kimi təqdim edirik:
Məhkəmə prosesində sərbəst ifadə verərkən özümü “Azərbaycan ermənisi” kimi təqdim edəndə hakimlər heyətinin təəccübləndiyinə şahid oldum. Sonradan Vardanyana azadlıq istədiyimi deyəndə hakimlər “Hansına deyirsən?” dedilər. Mən də “Elə hər ikisini də nəzərdə tuturam” deyə bildirdim. Bu zaman hakimlər ciddi olduğumu anladılar.
Çıxışım ölkə ictimaiyyəti daxilində də birmənalı qarşılanmadı. Xalqın kollektiv yaddaşında “erməni sənin düşmənindir” fikri 1988-ci ildən əsas təbliğat vasitəsinə çevrilib. Bu düşüncəni bir günə dəyişmək mümkün deyil.
30 ildən artıq müddətdir ki, məktəb dərsliyindən tutmuş kütləvi informasiya vasitələrinə qədər hər yerdə bu ideya təbliğ olunur. Təbliğatın elə dərin izləri var ki, hətta milli kimliyimiz bunun üstündə qurulub. Ermənilər hansı hadisəni öz milli kimliyinin bir parçası olaraq görürsə, ertəsi gün biz onun əksini iddia edirik.
Məsələn, X kilsəsinə ermənilər sahib çıxırsa, ertəsi gün dövlət səviyyəsində bəyan edirik ki, o kilsə qədim alban kilsəsidir, bəs ermənilər bizdən oğurlayıb. Dərhal tarixi abidədə restavrasiya işləri başlayır. Yeri gəlmişkən, Zaqatalada baxımsız qalan bir kilsə var. Divarları uçub-dağılır, içindən də sidik iyi gəlir. Vaxtilə dəfələrlə yazmışam, narazılığımı demişəm. Bəlkə hansısa erməni tarixçisi “sahib çıxar”, bizim hakimiyyət (daha dəqiq desək, Heydər Əliyev adına Fond) restavrasiya edər.
Eyiblərimizi örtməyə də “düşmənlərimiz” köməyimizə gəlir. Azərbaycan müharibə cinayətlərində ittiham ediləndə deyirlər ki, ermənilər də bizi Xocalıda qırıb. Sanki biz səhvi ermənilər edəndə bizə də haqq qazandırırıq. Nümunələri saatlarla davam edə bilərəm, fikrimi çatdırdığımı düşünürəm.
Tez-tez polis zorakılığı ilə bağlı reportajlara “sanki polislər ermənidir” deyə şərh yazırlar. Və ya məhkəmədə haqsızlığa məruz qalan dustağı müdafiə edərkən “elə bil erməni əsirliyindədir” deyirlər. Halbuki bizə işgəncə verən polis, prokuror, göz yuman hakim, vətəndaşı bürokratiya pillələrində süründürən məmur, dövlət büdcəsini talayan korrupsioner – bunların heç biri erməni deyil. Bizim hüquqlarımız “sapı özümüzdən olan baltalar” tərəfindən tapdalanır. Erməni milli kimliyini kriminallaşdıracaq səviyyədə öz cinayətlərini ört-basdır edirlər.
Birinci Qarabağ müharibəsi illərində Şuşa həbsxanasında saxlanılan hərbi əsirlər gördükləri işgəncələrdən danışırlar tez-tez televiziyada. Həmin işgəncələrə Bakı İstintaq Təcridxanasında günü bu gün məruz qalıram və ya şahid oluram. Bunu edənlər dili bir, dini bir öz soydaşlarımızdır. Belə olan halda özümü daha çox erməni kimi hiss edirəm. Öz vətənimin əsirliyində yadam. İnsanın öz kimliyinə yadlaşması, özünü “düşmənlə” assosiasiya etməsi faciədir.
2023-cü ildə dövlətin nəzarətində olan bir qrup şəxs Xankəndi şəhərini sivil dünya ilə birləşdirən yeganə yolu – Laçın koridorunu bağlayaraq humanitar böhran yaratmışdılar. Onlar bu hərəkətlərini ekoloji problemlərlə izah etsələr də, hamımız bunu dərk edirdik ki, onları əsas narahat edən təbiət deyil, ekologiyanın ermənilər tərəfindən istismar edilməsidir.
Azərbaycanda ekoloji böhran sistematik olaraq dövlət nəzarətində olan aktorlar tərəfindən illərdir davam edir, bu heç kimi də narahat etmirdi. Söyüdlü kəndində baş verən hadisələr buna açıq nümunədir. Sonradan anladıq ki, burada Əliyevin əsas istəyi erməniləri canından bezdirib, ölkəni tərk etməyə məcbur etməkdir. Təəssüf ki, buna nail olmağı bacardı.
Həmin dövrdə bir gün davam edən müharibə fonunda ermənilərin öz doğma yurd-yuvasından qovulmağına etiraz edən mən və digər üç ictimai fəal işgəncəyə və 30 günlük inzibati həbsə məruz qaldıq.
Vardanyan və digər erməni hərbi əsirlərin saxlanılma görüntülərini “İnzibati Həbs Olunanların Saxlanılma Mərkəzi”ndə televiziyadan izləyirdim. Onda anladım ki, bu hələ başlanğıcıdır. Əliyev nəinki ermənilərdən qisas almaqla yekunlaşacaq, onu dəstəkləməyən bütün rejim opponentlərinə divan tutacaq.
Çox keçmədi ki, Əliyevin müharibəsini dəstəkləməyən hər kəs həbs olunmağa başladı. Abzas Media, Toplum TV, Meydan TV, talış akademik İqbal Əbilov, sülh fəalı akademik Bəhruz Səmədov, hüquq müdafiəçisi Rüfət Səfərov və s. Siyahını uzatdıqca uzada bilərəm. Hazırda rejim həbsxanalarında 300-dən çox opponentini əsirlikdə saxlayır, İlham Əliyev.
Həmin əsirlərdən biri də mənəm. 2025-ci ilin fevral ayında həbs olundum. Qondarma ittiham aktına görə mən “Meydan TV” ilə əməkdaşlıq etdiyimə görə cinayət əməli törətmişəm. Açığı, buna görə məyus deyiləm, Meydan TV ilə əlaqələrimi inkar da etmirəm.
Hələ düşünürəm ki, məni narkotik satışında ittiham eləməyiblər. Bu, Əliyevin müxalifətçiləri cəzalandırmaq üçün istifadə etdiyi populyar praktikadır.
İl yarımdan artıq bir müddətdir ki, zindandan yazılar yayımladığıma görə sistematik olaraq pis rəftara, işgəncəyə məruz qalıram. Böyük ehtimalla bu yazım yayımlandıqdan sonra yenidən karsere salınacam.
Əliyev tənqidçilərini sevmir. Ermənipərəst tənqidçilərini isə əlində imkan olsa, boğaraq öldürər.
Yenə də bu yazım yayımlanacaq. Əliyev dərk etməlidir ki, zindan bizləri qorxuda bilməz. Əksinə, düşən hər fürsətdən istifadə edərək onu beynəlxalq aləmdə biabır edəcəyik.
Əliyevin 2020 və 2023-cü illərdə münaqişəni yenidən qızışdırmaqda məqsədi ölkənin ərazi bütövlüyünü bərpa etmək deyildi. Məcburi köçkünlər Əliyev üçün prioritet məsələ deyildi. O, bununla demokrat və qərbyönlü Paşinyan iqtidarını Putinin xeyir-duası ilə devirmək istəyirdi.
Çünki Avropameyilli erməni xalqını Əliyev iqtidarı üçün təhlükə olaraq görürdü. Rəiyyət kimi gördüyü azərbaycanlılara pis örnək olurdu ermənilər. Həm də “düşmən erməni” narrativi də artıq əvvəlki qədər effektli deyildi.
Qarabağın erməni xalqı Paşinyanı və onun dəstəkçilərini dəstəklədi, Əliyevin, dolayısı ilə Putinin planlarını alt-üst elədi. Əliyev isə beynəlxalq aləmdə Rusiyanın xeyir-duası ilə hərəkət edən aqressor kimi xarakterizə edilməyə başlandı.
Əliyev artıq özünü “utancaq diktator” kimi apara bilməyəcəyini anlayıb, Qurbanqulu Berdiməhəmmədov və digərləri ilə eyni sırada dayanmağa başladı.
(Burada “Türk dövlətlərinin diktatorları” ifadəsini işlətmək istədim, amma irqçi səslənəcəyindən ehtiyat edirəm.)
Əliyevin Vardanyana olan nifrəti təkcə ona boyun əyib, şəhərin açarlarını təqdim etməməsindən ibarət olmadığını düşünürəm. Burada daha dərin qat da var.
Vardanyan ölkə sərhədləri daxilində problemli də olsa, demokratiya ilə idarə edilən bir sistemin rəhbəri idi. Bu isə Əliyevin qətiyyən xoşuna gəlmirdi. Hakimiyyətinə pis örnək təşkil edirdi.
Hətta ermənilərlə birgə yaşayış nağıllarının tirajlandığı dövrlərdə ermənilərə muxtariyyət vermək üçün referendum keçiriləcəyi söylənilirdi. Onda ictimai müzakirələrdə bu fikir tez-tez səslənirdi ki, necə olacaq, ermənilər öz müqəddəratını seçkidə həll edəcək, bizlər şahın ağzına baxacağıq ki, bizim üçün nə buyurur?!
Naxçıvan Muxtar Respublikasını eks-sədr Vasif Talıbov Əliyevin kölgəsində uzun illər tiran kimi idarə edirdi. Ona xalq arasında “Naxçıvan xanı” deyirdilər. Əgər Vardanyan da “Artsax xanı” olmağa razı olsaydı, onda bu gün zindanda yox, azadlıqda olardı.
Bundan imtina edən Vardanyan və digər hərbi əsirlər bu gün cəzalandırılırlar. Biz isə Əliyevin “dəmir yumruğunun” altında sıx birləşmədiyimiz üçün cəzalandırılacağıq.
Qədim türk nağıllarında belə bir səhnə var. Təkbətək döyüşdə məğlub olan düşmənə qılıncın altından keçməklə təslim olmaq təklif olunur. Bu, bizim dilə “keç qılıncımın altından, igid” ifadəsi ilə keçib. İndi Əliyev də qılıncının altından keçməkdən imtina edən hamının “boynunu vurur”.
Müstəqil mətbuatımız hazırda ağır sınaqla üz-üzədir. Qələmini pula satmaqdan imtina edən hər kəs həbsdə, könüllü sürgündə əziyyət çəkir. Ən yaxşı halda isə “bir gün məni də tutacaqlar” qorxusu ilə ölkədən çıxış qadağası altında açıq həbsxanada yaşamağa məcbur edilirlər. İnsana doğulduğu vətənin zindan edilməsi isə böyük faciədir.
Televiziyada demək olar ki, hər gün işğaldan azad olunan ərazilərə geri qayıdan məcburi köçkünlər barədə reportaj hazırlayırlar.
Bir tərəfdən insanların doğma torpaqlarına geri qayıtmasına sevinirəm, digər tərəfdən boş qalan Xankəndi şəhərini, məhv edilən erməni izini düşündükcə kədərlənirəm. Bizim xoşbəxtliyimiz ermənilərin bədbəxtliyi üzərində qurulmamalı idi.
Hər nə olsa da, inamımı itirmirəm. Bu il sülh müqaviləsi bağlansa, ilin axırındək hərbi əsirlər və siyasi məhbusların azadlığa çıxacağına ümid edirəm.
Nazim Hikmət demiş: “Gözəl günlər görəcəyik, günəşli günlər”.
Sevgi ilə qalın. Hələlik!
Nurlan Libre Qəhrəmanlı
Bakı İstintaq Təcridxanası