Bakı-Naxçıvan istiqamətində aviabiletlərin qiyməti bahalaşıb

Bakı-Naxçıvan reysi. Mənbə: Azərtac

Qubad İbadoğlu: “Görünən odur ki, Zəngəzur yolunun xərcini Naxçıvana səfər edənlərdən çıxarmaq istəyirlər”

“Bakı-Naxçıvan və Naxçıvan-Bakı hava xətti ilə uçan şəxslərə güzəştlərin edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 dekabr 2007-ci il tarixli qərarına dəyişiklik edilib.

Beləliklə, Azərbaycan vətəndaşı olan sərnişinlərə edilən güzəşt məbləği 10 manata endirilib.
Bundan əvvəl güzəşt məbləği 20 manat təşkil edilirdi. Bununla da Bakı-Naxçıvan və Naxçıvan-Bakı istiqamətlərində aviabiletin dəyəri vətəndaşlar üçün 60 manat olub. Daha öncə bu məbləğ 50 manat idi.
Reyslərdə bir sıra kateqoriyadan olan sərnişinlər (2 yaşından 12 yaşınadək uşaqlara, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara, tələbələrə, həmçinin I və II dərəcə əlilliyi olan şəxslərə) üçün 10 manat güzəşt tətbiq edilib.

İqtisadçı Qubad İbadoğlu deyir ki, Azərbaycan Hava Yolları Şirkəti (AZAL) 2021-ci ildə dövlət büdcəsinə 23.9 milyon manat vergi ödəyib. Həmin ilin büdcəsindən isə 225.9 milyon manat vəsait götürüb. Bu, o deməkdir ki, şirkət büdcəyə 202 milyon manat yük olub:

“Hüquqi aktların tələblərinə əsasən, AZAL martın 1-dək Hesablama Palatasına hesabat təqdim etməli olsa da, 2021-ci il mayın 1-dək bunu etməyən 13 dövlət orqanından biri olub. Bu, azmış kimi Bakı-Naxçıvan uçuşunu 10 manat bahalaşdırıb, 60 manat edib”.

İqtisadçının sözlərinə görə, buradan görünən odur ki, Zəngəzur yolunun xərcini Naxçıvana səfər edənlərdən çıxarmaq istəyirlər:

Qubad İbadoğlu: Foto: Meydan TV

“Neyləsinlər, dünya bazarında bahalaşan neft qiymətlərindən əldə etdikləri əlavə qazanclar bəs etmir, iştahları böyükdür. Yəqin ki, quru sərhədlərinin bağlı saxlanmasından eninə-boyuna bəhrələnən “AZAL”-ın izafi qazancları da xaricdə tikiləcək yeni obyektlərin maliyyələşdirilməsinə yönəlir”.

Daha öncə Bakı-Naxçıvan və Naxçıvan-Bakı hava xətti ilə uçan şəxslərə 20 manat güzəşt edilirdi, beləliklə, dəyəri 70 manat olan biletə sərnişinlər 50 manat ödəyirdi. Yeni dəyişikliklə güzəştli məbləğ 10 manata endirilib. Beləliklə, vətəndaşların ödəməli olduğu bilet məbləği 60 manata yüksəlib.

Ana səhifəSosialBakı-Naxçıvan istiqamətində aviabiletlərin qiyməti bahalaşıb