İyulun 10-da Bakı Ağır Cinayətlər Məhkəməsində üç məhbusa qarşı zorakılıq göstərildiyi iddia olunur.
Meydan TV-yə daxil olan məlumata görə, hadisə saat 12 radələrində baş verib. Bildirilir ki, Penitensiar Xidmətin konvoy əməkdaşları ilə üç məhbus arasında mübahisə yaranıb. Bundan sonra ondan çox Penitensiar Xidmət əməkdaşı məhbuslara fiziki zorakılıq göstərib.
Mənbənin sözlərinə görə, hadisə hakim Vüqar Seyidov və Kamil Əliyevin gözü qarşısında baş verib. Konvoya rəhbərlik edən Ədliyyə Nazirliyinin əməkdaşının isə baş verənlərə müdaxilə etmədiyi bildirilir.
İddiaya əsasən, döyülən məhbusların boyun və üz nahiyələrində xəsarət izləri yaranıb.
Hadisədən sonra məhbuslardan ikisinin 1 saylı Bakı İstintaq Təcridxanasının cərimə kamerasına salındığı bildirilir. Mənbə, həmçinin təcridxana rəhbərliyinin hadisənin araşdırılması üçün Ədliyyə Nazirliyinə müraciət etdiyini deyir.
Hadisə ilə bağlı Penitensiar Xidmətin və Ədliyyə Nazirliyinin mövqeyi hələlik məlum deyil.