“Azorian” layihəsi

Foto: Meydan Tv

Məqalədə təsvir olunan əhvalat soyuq müharibə dövrünün ən heyrətamiz və ən cəsarətli casus əməliyyatlarından biridir. Təəssüf ki, indiyə qədər onun üzərindən məxfilik və sirr pərdəsi tam götürülməyib. Buna görə də nə qədər uğurlu olması barədə yalnız ehtimallar mövcuddur.

***

K-129 sualtı qayığı SSRİ-nin Sakit okean donanmasına aid strateji sualtı qayıqlardan biri idi, 1959-cu ildə istifadəyə verilmişdi. 1968-ci il fevralın 24-də qayıq 1-ci dərəcəli kapitan Vladimir Kobzarın rəhbərliyi altında növbəti patrul səfərinə çıxdı. 98 nəfər heyəti olan qayığın göyərtəsində nüvə başlıqlı üç R-21 ballistik raketi və nüvə yüklü iki torpedo vardı. Səfər mayın 5-də yekunlaşmalı idi.

Qayıq çox vaxt radiosükuta riayət edərək üzürdü. Baza ilə radioəlaqə yaratmaq üçün təyin olunan günlərdən biri martın 8-i idi. Amma bu, baş vermədi. Sovet tərəfinin bundan sonrakı davranışı ilə bağlı mənbələrdə iki versiya irəli sürülür. Birincisinə görə, artıq martın 9-dan qayığın axtarışına başlanılır. İkinci versiya isə ondan ibarətdir ki, o zamanlar radiolaqə çox da mükəmməl deyildi, qayıqdan xəbər gəlməməsi mümkün texniki əngəllərlə izah olunur və yalnız iki həftə sonra, növbəti təyin olunan vaxt qayıqdan siqnal alınmayanda və göndərilən siqnallara cavab verməyəndə həyəcan qaldırılır, axtarışlara başlanılır.

K-129-un mümkün marşrutu boyunca aparılan axtarışlarda müxtəlif tipli 30-dan çox gəmi və 50-dən çox təyyarə iştirak etdi. 72 gün ərzində Sakit okeanın şimal hissəsində nəhəng ərazilər arandı, suyun radioaktivliyini yoxlamaq üçün nümunələr götürüldü, amma heç bir nəticə əldə olunmadı. Sualtı qayıq tapılmadı. O itirilmiş, heyəti isə ölmüş hesab olundu. 

K-129-un qəzaya uğramasının dəqiq səbəbi indi də məlum deyil. Akkumlyator batareyaları doldurularkən hidrogen partlaması, gəminin maksimum dərinlik həddini keçməsi üzündən korpusunun dağılması, ABŞ-ın sualtı qayığı və ya suüstü gəmisi ilə toqquşması kimi versiyalar irəli sürülür.

***

SSRİ sualtı qayığının itməsini məxfi saxlayırdı, amma Sakit okeanda 2,5 ay davam edən fəallığın diqqət çəkməməsi mümkün deyildi. Axtarışları izləyən amerikalılar nə baş verdiyini təxmin etdilər. Bundan sonrakı iş sovetin tapmadığı qayığı özlərinin tapması idi.

O zaman ABŞ sualtı qayıqlar əleyhinə hidroakustik sistem yaratmışdı. SOSUS (Sound Surveillance System) adlanan bu sistem sualtı mikrofonlar – hidrofonlar vasitəsilə sovet sualtı qayıqlarını izləmək, yerlərini müəyyən etmək imkanı verirdi. Zatən o zaman sovet qayıqları ABŞ qayıqlarına nisbətən daha səsli idilər.

SOSUS-un yazılarının analizi martın 8-də partlayış səsinə oxşar səs qeydə alındığını təsbit etdi. Səsin gəldiyi yer də təxmini müəyyən olundu – Havay adalarından 1560 mil şimal-qərbdə. Bu yer rusların axtarış apardığı ərazidən xeyli uzaqda idi.

Onu da yazım ki, Qərb mənbələrində bəzən belə bir versiyaya rast gəlinir ki, K-129 martın 8-də qəzalı vəziyyətə düşsə də, hələ üç gün suyun üzərində olub və martın 11-də batıb. Bu müddətdə onun radioəlaqə yaratmaq, siqnal göndərmək imkanı olmayıb, ruslar da qayığı başqa ərazidə axtarırmışlar.

Amerikalılar müəyyən etdikləri yerə “İvy Bells əməliyyatı” adlı məqaləmdə haqqında bəhs etdiyim “Halibut” casus sualtı qayığını göndərdilər. Avqustun 20-də “Halibut” okeanın dibinə uzaqdan idarə olunan, projektorlar və kameralarla təchiz edilmiş “Fish” aparatını yolladı. Axtarışlardan sonra təxminən 5000 metr dərinlikdə K-129 aşkar edildi. “Halibut”un kameraları 22 mindən çox fotoşəkil çəkdi. Bu şəkillərə əsasən amerikalılar qayığın 2-ci və 3-cü ballistik raket şaxtasında baş verən partlayış nəticəsində batdığı qənaətinə gəldilər.

***

Qayıqda kəşfiyyat üçün əhəmiyyətli olan xeyli şeylər vardı: qayığın özü, 1-ci şaxtada salamat qaldığı güman olunan ballistik raket, nüvə yüklü torpedolar, şifr kitabçası, və s. Təsadüfi deyil ki, amerikalılar qayığı qaldırmaq haqqında düşünməyə başladılar. Müdafiə naziri Melvin Leyrd və milli təhlükəsizlik müşaviri Henri Kissincer Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) məlumat və tövsiyələri barədə prezident Niksona məruzə etdilər. Prezident də sualtı qayığı qaldırmaq göstərişi verdi. Amma bu, heç də asan deyildi.

Sualtı qayığı və ya onun bir hissəsini 5000 metr dərinlikdən qaldırmaq o dövr üçün mümkünsüz iş sayılırdı, hələ belə bir mexanizm yaradılmamışdı, belə nümunə yox idi. Buna baxmayaraq, işlərə başlanıldı. Müəyyən üsullar nəzərdən keçiriləndən sonra qısqac vasitəsilə qayığın təxminən 40 metr uzunluğunda ön hissəsini qaldırmaq qərara alındı. Zatən kəşfiyyat üçün əhəmiyyətli olan hər şey məhz bu hissədə idi.

“Azorian layihəsi” adı verilən əməliyyatı həyata keçirmək üçün xüsusi yönlü  gəmiyə ehtiyac vardı. Buna görə də ABŞ hökuməti məşhur iş adamı, geniş kütələrin daha çox “Aviator” filmindən tanıdığı Hovard Hyuza müraciət etdi. Hyuzun “Global Marine Development Inc.” şirkətinin dərinliklərdə qazıntı aparan gəmilər hazırlamaq təcrübəsi vardı. Üstəlik, bu addım əməliyyatın əsl məqsədini pərdələmək üçün də vacib idi. Hökumətin özünün gəmi sifariş verməsi xəbər ictimailəşərdisə, mətbuat həmin gəmini təyinatı ilə maraqlanar və həqiqəti aşkar edə bilərdi.

1970-ci il iyununda “Global Marine” şirkətinə aid gəmilərdən biri K-129-un qəzaya uğradığı yerə gəldi. Qayığın yeni, daha keyfiyyətli şəkilləri çəkildi, parçalandığı yer müəyyənləşdirildi, uyğun qısqac hazırlamaq üçün ölçüləri öyrənildi. Okeanın dibindəki zəminin nə qədər bərk və ya yumşaq olduğunu bilmək üçün də nümunələr götürülməli idi, amma buna nail olunmadı.

Bu işlər aparılan zaman amerikalılar xoş olmayan sürprzilə üzləşdilər. Onların yanında sovet gəmisi peyda oldu və izləməyə başladı. Sonralar aydın olacaq ki, bu qonşuluq təsadüfi deyilmiş. Vaşinqtondakı sovet səfirliyinə göndərilən anonim məktubda sualtı qayığın qaldırılması planı brədə məlumat verilirdi və səfir Anatoli Dobrınin də Moskvanı xəbərdar etmişdi. Amma indi ABŞ gəmisini müşahidə edən ruslar onun kiçik qabaritlərinə baxıb qayıq qaldırmasının mümkünsüz olması qənaətinə gəldilər. Qənaət doğru idi, zatən həmin gəmi, dediyim kimi, tədqiqatla məşğul idi.

Həmin tədqiqatın nəticələri əsasında qayığı qaldıracaq gəminin və qurğuların inşasına başlanıldı. “Hughes Glomar Explorer” adlandırılacaq gəminin inşası Pensilvaniya ştatında yerləşən “Shipbuilding Dry Dock Со” şirkətinin tərsanəsində başlanıldı və 1972-ci ilin noyabrında başa çatdı.

Gəminin uzunluğu 189 metr, eni 35 metr, su tutumu isə 51 min ton idi. Onun ortasında neft buruğunu xatırladan qüllə vardı. Həmin qüllədən öndə və arxada isə iki qaldırıcı qurğu mövcud idi. Daha bir qurğu boruları qülləyə ötürmək üçün idi. Burada onlar şaquli vəziyyətə gətirilir və bir-birlərinə keçirilirdilər. Dörd müxtəlif diametrdə (40 sm-dən 55 sm-ə qədər) olan 600 borunun hər birinin uzunluğu 9 metr idi. Hər diametrin öz rəngi vardı ki, səhv düşməsinlər. Bu borular konusvari yiv vasitəsilə bir-birinə bağlanırdılar.

“Glomar Explorerin” altında qapıları açılıb bağlanan xüsusi boşluq – quru hovuz vardı. K-129-u qucaqlayacaq qısqac burada yerləşəcəkdi. Okeanın dibinə enib qayığı qaldıranda da qayıq oraya qoyulacaq, hovuza daxil olan su kanallar vasitəsilə boşaldıldıqdan sonra tədqiqat işlərinə başlanılacaqdı.

Qısqac özü isə ABŞ-ın qərb sahilində, Kaliforniya ştatının Redvud Siti şəhərində hazırlanırdı (bu da yəqin məxfilik məqsədilə edilirdi). Həmin qurğunun özü də mühəndis düşüncəsinin parlaq məhsulu idi. Onun 8 caynağı hidravlik üsulla hərəkətə gətirilirdi. Okeanın qaranlıq dibini görmək üçün 26 projektoru və 8 kamerası vardı. Suyun altında qayığa yaxınlaşmasını korrektə etmək üçün propellərlə təchiz olunmuşdu.

“Glomar Explorer” və qısqacın hazırlanmasına 350 milyon dollar xərcləndi ki, bu da 2021-ci ildə 1,52 milyard dollara ekvivalentdir. Mətbuata ötürülən məlumata görə, Hovard Hyuz bu gəmi vasitəsilə okeanın dərinliklərindən manqan konkresiyaları toplamağı planlaşdırırdı. Dəfələrlə Hyuzun çılğın layihələrinə şahid olmuş ictimaiyyət bu yalana inandı.

***

Müəyyən sınaqlardan sonra “Glomar Explorer” qitənin cənubundan dolanaraq (Panama kanalından keçmək üçün çox böyük idi) Kaliforniyaya getdi. Burada qısqaç bir barjaya yerləşdirilərək suda batırıldı (proses 2 gündən çox çəkdi). Üçüncü günün gecəsində həmin barjanın üzərində duran “Explorer”in altı açıldı və qısqac qaldırıcı qurğular vasitəsilə hovuza yerləşdirildi. Bu zaman 1974-cü ilin mayı idi. Əməliyyatın iyul-avqust aylarından keçirilməsi nəzərdə tutulurdu. Çünki məhz həmin dövrdə hava şəraiti daha münasib olurdu. Amma hər şey hazır olduqda, bütün sınaqlar arxada qalan zaman heç gözlənilməyən hadisə baş verdi.

İyunun 5-də Hyuzun Hollivuddakı baş ofisinə oğrular girdi. Pulla yanaşı bəzi sənədlər, o cümlədən “Azorian layihəsi” çərçivəsində CIA ilə əməkdaşlığı sübut edən sənədlər oğurlandı. Bu hadisə Vaşinqtonda şok yaratdı. Baş verən adi oğurluq idi, yoxsa nədənsə duyuq düşən sovetlərin əməliyyatı? Sabah o sənədlər mətbuatda, ya da daha pisi, Moskvada peyda olmayacaqlar ki? Ciddi götür-qoydan sonra davam etmək qərara alındı.

“Hughes Glomar Explorer” iyunun 20-də yola düşdü və iyulun 4-də K-129- batan nöqtəyə çatdı. Hazırlıq işlərinə başlanıldı. Amma əvvəlcə havanın psiləşməsi işləri ləngitdi. Ayın 13-də isə həmin yerə Britaniyanın “Bel Hudson” quru yük gəmisi yan aldı və infarkt keçirdiyi güman edilən heyət üzvü üçün yardım istədi. “Explorer” həkimlərlə, hospitalla və tibbi avadanlıqla təchiz olunmuşdu. Xəstə gəmiyə qəbul olundu və bu zaman məxfiliyi qorumaq üçün işlər dayandırıldı. Xoşbəxtlikdən infarkt diaqnozu düz çıxmadı və britaniyalı artıq ertəsi gün yaxşılaşaraq öz gəmisinə qayıtdı.

Əvəzində iyulun 15-də yenə hava pisləşdi. 18-də isə yaxınlıqda SSRİ-nin “Çajma” gəmisi peyda oldu. Oradan qalxan helikopterdəki operator “Explorer”də gedən işləri kameraya çəkməyə başladı. Ruslar amerikalılarla radioəlaqə yaradaraq nə ilə məşğul olduqlarını soruşdular və dənizin dibindən faydalı maddələr çıxarmaq barədə əfsanəni eşidib getdilər.

Nəhayət, iyulun 22-də gəminin altındakı hovuz açıldı və qısqac mexanizmi dərinliyə enməyə başladı. Polad borular bir-birinə bağlanır və suya buraxılırdılar. İki gün sonra SSRİ-nin başqa bir gəmisi, CB-10 xilasedici buksiri yaxınlıqda peyda oldu və amerikalılara göz qoymağa başladı. Amma bütün əməliyyat suyun altında və çox dərinlikdə getdiyindən heç nə görə bilmədilər.

Okeanın dibinə eniş rəvan getmədi və müxtəlif problemlər üzündən fasilə yaranır, sonra davam etdirilirdi. Okeanın dibindəki zəmin gözlənildiyindən daha bərk çıxdı və qısqacın caynaqlarını altı il ərzində xeyli dibə çökmüş qayığın altına salmaq üçün əlavə işlər tələb olundu.

Avqustun 1-də qısqac K-129-un ön hissəsini “qucaqladı” və  qaldırmağa başladı. Demək lazımdır ki, “Glomar Explorer” su axınlarına müqavimət göstərən, onu eyni nöqtədə saxlayan mexanizmlə təchiz olunmuşdu. Yoxsa qayığı qaldıran zaman yerini dəyişərdisə dərinliyə uzanan borular onun korpusuna ciddi zərər vura bilərdi.

“Explorer” nəhəng ağırlıqda yük qaldırırdı. Borularla, qısqacla və sualtı qayığın ön hissə il birlikdə yükün ağırlığı 7 min tondan çox idi. Qayığın qaldırılması başlayanda artıq caynaqlardan biri sındı. Beləcə, digər caynaqlara düşən yük artdı. Buna baxmayaraq, proses davam etdi. Amma məsafənin təxminən yarısı qət edildikdə daha bir neçə caynaq sındı və qayığın qaldırılan hissənin çoxu yenidən okeanın dibinə düşdü. Yalnız 12 metrlik ən ön hissə qısqacda qaldı.

Həmin hissə sona qədər qaldırıldı və gəminin hovuzunda yerləşdirildi. “Glomar Explorer” qiymətli yükü ilə birlikdə Havay adalarına yola düşdü və avqustun 16-da burada lövbər saldı. “Azorian layihəsi” sona çatdı.

Amerikalılar istədiklərinə tam nail olmadılar. Xüsusən böyük önəm verdikləri ballistik raketi qaldıra bilmədilər. Ehtimal olunur ki, salamat qalan yeganə raket qaldırılarkən yenidən okeana düşən hissədə idi. Bununla belə, nüvə yüklü iki torpedonun, şifr aparatı və kitabçası, ballistik raketlərin xarakteristikasından bəhs edən metodiki vəsait və xeyli başqa qiymətli məlumatlar əldə olundu. Bununla belə, əməliyyatın nə qədər faydalı olmasını üzərindəki məxfilik tam götürüləndə bilmək olar.

K-129-un qaldırılan hissəsində 6 sovet dənizçisinin cəsədi aşkar olundu. Onlardan yalnız üçünün şəxsiyyəti müəyyən edildi (Viktor Loxov, Vladimir Kostyuşko, Valentin Nosaçov). Həmin dənizçilər sentyabrda hərbi ehtiramla, ABŞ və SSRİ himnləri səsləndirməklə, ingilis və rus dilində dualar oxumaqla yenidən okeanda dəfn olundular. Bu mərasimin görüntüləri 1992-ci ildə CIA direktoru Roberts Geyts tərəfindən Rusiya prezidenti Boris Yeltsinə təqdim olundu.

***

ABŞ-da “Azorian layihəsi” barədə məlumatı gizlətmək mümkün olmadı. Hyuzun ofisindən edilən oğurluğun xüsusi canfəşanlıqla araşdırılması mətbuatın diqqətini cəlb etdi. O da mümkündür ki, əməliyyatda iştirak edənlərdən kimsə sirri pozmuşdu və jurnalistlərə danışmışdı.

CIA-nın o zamankı direktoru Uilyam Kolbi informasiyanın mətbuatda yer almasına mane olmağa çalışdı, jurnalistləri dövlət maraqları barədə arqumentlərlə inandıra bildi. Amma 1975-ci ilin fevralında “Los Angeles Times” qəzeti bu barədə məlumat verdi. Yazıda əməliyyat səhvən “Cennifer” adlandırılırdı, halbuki bu, “Azorian” daxilində təhlükəsizlik tədbirlərinin kod adı idi. Bu səhv 35 il ərzində məqalələrdə, kitablarda, sənədli tədqiqat filmlərində təkrar olundu.

İlk yazıdan sonra jurnalistlər CIA-ya sorğu göndərərək yazılanların doğru olub-olmaması barədə məlumat istədilər. CIA rəsmiləri isə “yazılanları nə təsdiq, nə inkar edə bilərik” cavabını verdilər. Bu cavab Amerikada “Qlomar cavabı” adını aldı və o zamandan bəri işlənilən terminə çevrildi. CIA 2014-cü ildə tvitterdə akkaunt açanda ilk tviti “Bunun bizim ilk tvitimiz olduğunu nə təsdiq, nə inkar edə bilərik” oldu.

Əməliyyat haqqında müəyyən məlumatlar 2010-cu ildə açıqlandı və yalnız bu zaman onun adının “Azorian” olması aydınlaşdı. Amma əgər məxfilik tam götürülməyibsə, deməli gizlədilən maraqlı şeylər hələ də var. 2014-cü ildə K-129-un qaldırılmasından 50 il ötəcək. ABŞ-da bu müddətdən sonra bir çox sənədlərdən məxfilik götürülür. Ümid edək ki, “Azorian layihəsi” də istisna olmayacaq.

Qeyd edək ki, əməliyyat barədə ABŞ mətbuatında gedən yazılara SSRİ heç bir reaksiya vermədi. Görünür öz qayıqlarını tapa bilməmələri, amerikalıların isə həm tapıb, həm bir hissəsini qaldırmaları kimi xoşagəlməz faktın üstündən keçməyi qərara aldılar.

Əməliyyat zamanı hansı və nə qədər əhəmiyyətli məlumatların əldə edilməsindən asılı olmayaraq, bir faktı vurğilamaq lazımdır: o dövrdə sualtı qayığın bir hissəsini 5 min metr dərinlikdən qaldırmaq üçün görülən işlər insan zəkasının ortaya qoyduğu heyrətamiz möcüzə idi. Həmin texniki məsələlərin nə qədər mürəkkəb olması “Discovery World” kanalının çəkdiyi “Azorian. The Raising of the K-129” tədqiqat filmində hərtərəfli işıqlandırılır.

Ana səhifəMənim Fikrimcə“Azorian” layihəsi