Rəssam Azərbaycanı beynəlxalq tədbirlərdə təmsil etməkdən imtina etdi

“Küsəyənliyim həm də mənəvidir”

Source: Specify Source


"“Mədəniyyət nazirinə müraciət etmişəm ki, dərdimi, sıxıntılarımı dinləsin"

Karikaturaçı rəssam Seyran Cəfərli Azərbaycanı beynəlxalq tədbirlərdə təmsildən imtina edib.

O bu barədə Meydan TV-yə açıqlama verib.

Rəssam bildirib ki, buna səbəb sənətinə layiqli dəyərin verilməməsidir: “Mədəniyyət naziri Anar Kərimova müraciət etmişəm ki, dərdimi, sıxıntılarımı dinləsin. İki aydan çox vaxt keçsə də, hələ cavab gəlməyib. Mədəniyyət Nazirliyinin işi ondan ibarətdir ki, bu sahədə çalışan insanlar: rəssam, heykəltaraş, musiqiçi və digərləri ilə maraqlansın. Karikatura Azərbaycan mədəniyyətinin bir qoludur. Ölkədə karikaturaçılar barmaqla sayılacaq qədərdir. Məhz buna görə Mədəniyyət Nazirliyi də bilməlidir ki, belə bir sənət adamı var. Ölkəni karikatura sahəsində tanıdan bir insanı, mədəniyyət naziri özü qəbul etməsə də, heç olmasa müavini dinləməlidir. Niyə karikaturaçılarla maraqlanmırlar? Niyə mən indiyə kimi öz ölkəmdə bir sərgi aça bilmirəm? Niyə prezidentin sənət adamları üçün də təyin etdiyi fərdi təqaüdü ala bilmirəm? On beş ildir ki, susuram. Ölkəni bu qədər təmsil etməyimin, mükafatlarımın qarşılığında niyə prezident təqaüdünə layiq görülməyim? Çox ciddi maddi sıxıntılarım var. İşləyirəm, amma çətinliklə yaşayıram. Normal iş masam yoxdur. Kitablarımı yeşiklərdə saxlayıram. Adi kitab şkafım yoxdur ki, mükafatlarımı və kitablarımı yığım. Prezident təqaüdü yaradıcı insanlara stimul vermək üçün nəzərdə tutulub. Rəssam heç olmasa kağızını ala bilsin. Öz mənəvi yaradıcılıq ehtiyaclarını ödəyə bilsin. Küsəyənliyim həm də mənəvidir. Çox təəssüf ki, öz ölkəmdə sənətimə dəyər verilmir. Karikaturaçı olaraq işimə dəyər verilməməsi mənə çox ağır gəlir”.

covid19-3.jpg
Karikatura

Karikaturaçı beynəlxalq sərgilərdə bundan sonra Türkiyə təmsilçisi kimi çıxış edəcəyini söyləyir: “Öz sahəmin ustası olaraq Azərbaycanı beynəlxalq tədbirlərdə təmsil etməkdən həmişə qürur duymuşam. Lakin artıq yorulmuşam. Ona görə də mənəvi yorğunluğumu çıxarmaq üçün bundan sonra yarışlarda Türkiyəni təmsil edəcəyəm. İnsana layiqli dəyəri verəndə daha rahat olur. Bunu mən özüm deməməliyəm, dəyəri verməlidirlər. On beş il ərzində Azərbaycana beynəlxaq festivallardan yüz altmışdan çox mükafat gətirmişəm. Bunu hətta xaricdəki karikaturaçılar da təəccüblə qarşılayır, qəhrəmanlıq hesab edirlər. Səbəb odur ki, hər yarışda təqdim olunan üç min işin içindən ələnib seçilirsən. Əllidən çox beynəlxalq yarışın münsiflər heyətində iştirak etmişəm. Noyabrda Türkiyədə keçiriləcək “Uluslararası Organ Bağışı Karikatür Yarışması”da münsif üzvü kimi təmsil olunacağam. Avropadan Asiyaya qədər elə bir ölkə yoxdur ki, orada sərgim keçirilməsin, üstəlik, mükafat almayım. Belçikada sərgim açılanda cəmi on avro ilə gemişdim. Baxın, mən ölkəni belə təmsil etmişəm. Bu, Azərbaycanı təbliğ etmək deyil bəs nədir? Çəkdiyim karikaturalarda Azərbaycanda, həmçinin dünyada gedən proseslər, sosial sıxıntılar əks olunub. Heç vaxt kimdənsə nəsə ummamışam, özümü reklam etməmişəm. Həmişə mətbuatdan da qaçmışam. Bəzən soruşurlar ki, niyə özünü təbliğ etmirsən? Məgər özümü təbliğ etməliyəm? Deməliyəm ki, mən varam? Bunu deməməliyəm. Nazirlik özü sənət adamları ilə maraqlanmalı, problemlərini dinləməlidir”.

covid19-2.jpg
karikatura


Nazirlik: "Seyran Cəfərli ilə əlaqə saxlanılıb, görüşə dəvət edilib”

Mədəniyyət Nazirliyinin Sənəd və vətəndaşlarla iş şöbəsinin müdiri İsmayıl Əbdüləzimov Meydan TV-yə bildirib ki, Seyran Cəfərlinin nazirliyə hər hansı rəsmi müraciəti daxil olmayıb: “Mövzunu ətraflı müzakirə edib, məsələni yoluna qoymaq məqsədilə Seyran Cəfərli ilə əlaqə saxlanılıb və Mədəniyyət Nazirliyinə görüşə dəvət edilib”.

Seyran Cəfərli Meydan TV-əməkdaşı ilə söhbətində faktı təsdiqləyib: “Nazirlikdən mənimlə əlaqə saxladılar, şikayətimlə maraqlanıb, görüşə dəvət etdilər”.

Seyran Cəfərli 1982-ci ildən “Kirpi” satirik jurnalında karikaturaçı kimi fəaliyyət göstərib.

1992-ci ildə Azərbaycan Jurnalist Sənətkarlığı kursunu bitirib.

2002-2005-ci illər “Molla Nəsrəddin” beynəlxalq karikatura müsabiqələrinin təşkilatçısı olub.

Müxtəlif ölkələrində keçirilən beynəlxalq müsabiqə və sərgilərin münsiflər heyətinin üzvü olub.

2002-ci ildən “WITTY WORLD” (ABŞ) elektron jurnalında karikaturaçılar qrupunun üzvüdür.

Beynəlxalq karikatura yarışmalarında yüz altmışdan çox mükafat alıb.

Əsərləri qızıl, gümüş, bürünc medallara və xüsusi diplomlara layiq görülüb, 200-ə yaxın kataloqlarda əsərləri çap olunub.

2003-cü ildə “Karikaturistlər Birliyi”ni təsis edib.

“Beynəlxalq Karikatura Xəbər Mərkəzi” saytının direktorudur. 2007-ci ildən “Don Kixot Karikatura Komitəsi”nin üzvüdür.

2008-ci ildən “Yumor” satirik jurnalının təsisçisi və baş redaktorudur.

Prezidentin fərdi təqaüdü – Heydər Əliyevin 2002-ci il 11 iyun tarixli fərmanı ilə ədəbiyyat, incəsənət xadimlərinə, elm, təhsil, mədəniyyət, iqtisadiyyat və digər sahələrdə əməyi olmuş şəxslərin xidmətlərinin qiymətləndirilməsi və onların sosial vəziyyətinin yaxşılaşdırılması məqsədi ilə təsis edilib.

Fərdi təqaüd 1450 manat olmaqla dövlət büdcəsi hesabına verilir.

destruction_of_nature-1.jpeg
Karikatura
Ana səhifəMədəniyyətRəssam Azərbaycanı beynəlxalq tədbirlərdə təmsil etməkdən imtina etdi