Azərbaycanın Fransa siyasəti: iflas, yoxsa diplomatik pauza?

Keçmiş nazir vurğulayıb ki, vaxtilə Azərbaycan ATƏT-ə vasitəçilik üçün müraciət edib, indi isə Azərbaycan münaqişənin bitdiyini bildirir

Source: https://berlin.mfa.gov.az/


“Fransa cəmiyyətində Azərbaycan və Türkiyə ilə bağlı konsensus var”

İkinci Qarabağ müharibəsi zamanı və ondan sonra Azərbaycana qarşı ən kəskin bəyanatlarla çıxış edən ölkələr arasında Fransa xüsusi olaraq seçilir. Bu səbəbdən Azərbaycan ictimaiyyətində Fransa “ermənipərəst ölkə” kimi tanınır. Belə ki, Birinci Qarabağ müharibəsindən sonra yaradılan ATƏT-in Minsk Qrupunda həmsədr rolunu oynayan rəsmi Paris yeni müharibə başlayan kimi neytrallığı kənara qoyaraq Ermənistanı açıq dəstəkləməkdən çəkinmədi. Demək olar ki, Fransa siyasi elitasının bütün səviyyələrində yekdil bir fikir formalaşdı. Prezident Makronun Qaragöl ətrafında yaranan vəziyyətlə bağlı “Fransa həmişə erməni xalqının yanında olub və bundan sonra da olacaq” kimi bəyanatı bu ölkənin neytrallığına şübhə yaratdı.


“Azərbaycanın Fransa siyasətinin iflası”

Bu, həm də Azərbaycanın Birinci Qarabağ müharibəsindən sonra Fransa ilə bağlı apardığı siyasətin iflası deməkdir. Bu illər ərzində erməni lobbisinin güclü olduğu bir ölkəni neytrallaşdırmaq cəhdi demək olar ki, puça çıxdı. Luvr muzeyinin zallarından birinin təmirinə, dini abidələrin bərpasına, mədəni proqramlara çəkilən xərclər, fransız şirkətlərinin Azərbaycan iqtisadiyyatına girişi üçün atılan addımlar əbəs oldu.

Fransız siyasətinin birtərəfli olmasının digər bir nümunəsi kimi də bu ölkənin Ermənistan və Azərbaycandakı səfirlərinin fəaliyyətində olan fərqlərdir. Ermənistandakı səfir ən kiçik bir məsələdən ötrü belə Azərbaycana qarşı bəyanatla çıxış etməkdən çəkinmədiyi halda, Fransanın Azərbaycandakı səfirinin demək olar ki, bu məsələlərlə bağlı susması, neytral, standart mövqe nümayiş etdirən xırda bəyanatlar verməsi rəsmi Parisin xarici siyasət kursunun göstəricisi kimi dəyərləndirilir.

Fransanın belə mövqe tutması fonunda Azərbaycanın da bu ölkəyə qarşı demarş etməməsi suallar yaradır. Müharibə dövründə prezident İlham Əliyev bir neçə dəfə Fransa əleyhinə bəyanatlar verərkən, bir çoxunda belə bir təəssürat yarandı ki, rəsmi Bakı onun Minsk Qrupunun həmsədrliyindən uzaqlaşdırılması təşəbbüsünü irəli sürəcək. Məsələnin necə həll olunacağından asılı olmayaraq, təşəbbüsün özü Fransanın həmsədr kimi neytrallıqdan kənara çəkilməsi və nəticədə vasitəçi olmaq hüququnun ən azı mənəvi cəhətdən itirdiyini nümayiş etdirə bilərdi. Amma Azərbaycan rəsmilərinin addımları XİN səviyyəsində olan bəyanatlardan irəli getmədi. Hadisələrin gedişatı Azərbaycanın hazırda Fransa ilə bağlı siyasətinə ciddi korrektələr edəcəyini və ya sadəcə olaraq diplomatik pauza götürərək, yenidən münasibətlərin normallaşması üçün cəhdlər edəcəyini göstərəcək.


“Minsk Qrupunun tərkibinin dəyişdirilməsinə cəhd həmsədrlər institutunun məhvinə gətirə bilər”

Məsələni Meydan TV üçün şərh edərkən, İsveçrədə mühacir həyatı yaşayan, politoloq Rauf Mirqədirov qeyd edib ki, Minsk Qrupunun tərkibinin müəyyənləşdirilməsi və o cümlədən dəyişdirilməsi çox mürəkkəb prosesdir.

Рауф Миркадыров
Rauf Mirqədirov

“Nəzərə almaq lazımdır ki, söhbət ATƏT strukturlarında razılaşmadan və orda tərəflərin konsensusundan gedir”, – o deyib.

Digər tərəfdən Rauf Mirqədirov Minsk Qrupunun münaqişənin həllində, xüsusilə Azərbaycan üçün çox aktual və ciddi rol oynaya bildiyini düşünmür.

“İndiki zaman kəsiyində proses daha çox Rusiyanın təsirindədir. Amma buna baxmayaraq, mexanizmin ciddi şəkildə işə salınması müəyyən mərhələdə Azərbaycanın da maraqlarına cavab verə bilər. Buna görə də Minsk Qrupunun tərkibin dəyişdirilməsinin gündəmə gətirilməsi həmsədrlər institutunun məhvinə səbəb olar. Bu isə Azərbaycanın da, Ermənistanın da maraqlarına cavab vermir”.

Bundan başqa o istisna etmir ki, Bakının Fransaya qarşı demarş etməməsinə hər hansı gizli maddi maraqlar da səbəb ola bilər:

“İllər əvvəl Fransanın Bakıdakı səfirlərindən bir neçəsi jurnalistləri söhbət üçün dəvət etməyə xoşlayırdı. Nahar zamanı mətbuata açıqlamamaq şərti ilə açıq söhbət olurdu. Həmin söhbətlərdən birində biz Azərbaycandakı korrupsiya və qanunun aliliyi məsələlərinə toxunduq. Səfirə “bunlar sizin şirkətlər üçün də problemlər yaradırmı” sualını verəndə, o, heç bir problemin olmadığını və Fransanın Şərq dövlətləri ilə bu istiqamətdə işləmək və əməkdaşlıq tarixinin olduğunu dedi. Yəni, demək istəyirdi ki, bu cür dövlətlərlə nə cür işləməyi bilirik, ona görə şirkətlərimiz çox rahat işləyirlər”.

Bundan başqa, o hesab edir ki, Fransanın Azərbaycanla bağlı mövqeyi hakimiyyətdə olan şəxsə görə formalaşmır və Fransa cəmiyyətində Azərbaycan və Türkiyə ilə bağlı konsensus var.


“Ermənistan yenidən vasitəçiləri cəlb etmək istəyir”

Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov isə Minsk Qrupunun bir struktur kimi Azərbaycana ümumiyyətlə lazım olmadığı qənaətindədir.

tofiq_zulfiqar_(8).jpg
Tofiq Zülfüqarov

Keçmiş nazir vurğulayıb ki, vaxtilə Azərbaycan ATƏT-ə vasitəçilik üçün müraciət edib, indi isə Azərbaycan münaqişənin bitdiyini bildirir:

“Yəni məlum müraciət de-fakto geri götürülüb. Azərbaycan prezidenti həmsədrlərə müharibə bitəndən sonra “sizi çağırmamışam, əgər hansısa ideyalarınız, təşəbbüsləriniz olacaqsa, fikirləşərik” açıqlamasını xatırlayaq. Ancaq Minsk Qrupunun hələlik heç bir ideyası yoxdur”.

O qeyd edib ki, bəzi üzvlər, o cümlədən Fransa əvvəlki fikirlərini təkrarlayırlar və bəyan edirlər ki, status məsələsi həll olunmayıb:

“Amma Azərbaycan suveren hüquqlarından istifadə edərkən bu məsələni həll olunmuş hesab edir, vəssalam. Bu baxımdan məsələ Azərbaycanın daxili işidir. Digər mərhələyə keçək. İndi Ermənistan silsiləli şəkildə sərhəddə təxribatlar edir, bununla münaqişə zonası yaradıb yenidən vasitəçiləri, müşahidəçiləri cəlb etmək istəyir. Bu yolla Minsk Qrupunun hansısa fəaliyyət göstərməsi üçün əsaslar yaradır. İkinci mərhələdə də istəyərlər ki, qurumun səlahiyyətləri, məşğul olduqları mövzular əsasında digər məsələlər də olsun. Xüsusilə status məsələsi”.

Tofiq Zülfüqarovun fikrincə, taktiki baxımdan Ermınistanın bu istəyi bəllidir. Onun sözlərinə görə, Fransanın və bəlkə də ABŞ-ın indiki mərhələdə canfəşanlıq göstərməsi sadəcə regiona qayıdışı təmin etmək üçün addımlardır:

“Azərbaycan isə özünün suveren hüquqlarını təşkil edən məsələlərdə xarici oyunçuları kənarda saxlamaq niyyətindədir. Çünki Azərbaycan xarici tərəfdaşlarını artıq seçib. Rusiya və Türkiyə artıq fəaliyyət göstərirlər. Ermənilər yaşayan bölgələrin reinteqrasiyasını təmin etmək üçün bu tandem Azərbaycan tərəfindən qəbul olunub. Digər məsələlərə ehtiyac yoxdur”.

Ana səhifəSiyasətAzərbaycanın Fransa siyasəti: iflas, yoxsa diplomatik pauza?