BP Azərbaycanda qaz lahiyəsinin daxilindəki korrupsiyaya göz yumur

Azərbaycan nefti, foto: Reuters

Sızdırılan sənədlər göstərir ki, Azərbaycanın iki dövlət şirkəti Cənub Qaz Dəhlizini Avropaya bağlayan “Şahdəniz 2” lahiyəsindən 1,7 milyard dollar pul silib.

Əsas tapıntılar

  • Azərbaycan dövlət neft şirkətinə məxsus iki şirkət saxta ödənişlərlə və saxta müqavilələrdən istifadə edərək BP-nin “Şahdəniz 2” kimi tanınan lahiyəsindən pul mənimsəyib.
  • Bəzi mənbələr OCCRP-yə bildiriblər ki, BP layihədə korrupsiya iddiaları ilə bağlı dəfələrlə xəbərdarlıq alıb, lakin heç bir tədbir görməyib.
  • Azərbaycan dövlət büdcəsinə, yəni dövlət xəzinəsinə hər hansı gəlir daxil olmadan pulun böyük hissəsi ödənişlərə xərclənib.
  • Eyni zamanda, dövlət şirkətinin direktoru və onun həyat yoldaşı Mayamidə 10 milyon dollardan çox dəyəri olan dəbdəbəli daşınmaz əmlak alıb.
  • Azərbaycanda vətəndaş cəmiyyətinə və müstəqil jurnalistikaya qarşı kütləvi təzyiqlər göstərildiyi bir vaxtda yüz milyonlarla dollar yoxa çıxıb.

2013-cü ildə Azərbaycanın dövlətə məxsus neft və qaz infrastrukturu istehsalçısı olan “Bos Shelf” tərəfindən idarə olunan şirkətin yüzlərlə işçisi maaşların və sosial yardımların artırılması tələbi ilə etiraz aksiyası keçirib.

“Maaşımız çox aşağıdır” deyə neft zavodunun işçisi İqbal Dəmirov Azadlıq Radiosunun Azərbaycan xidmətinə bildirib. “Tibbi sığortamız yoxdur, ən adi səhvlərə görə əcnəbilər bizi sərt şəkildə cəzalandırır. İşdən çıxarılır, təhqir edilirik”.

“Bos Shelf” MMC-nin sahibi olan Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) məsələ ilə bağlı araşdırma aparmağı öhdəsinə götürdü. Lakin 2017-ci ildə işçilər “Bos Shelf” şirkətinin onların maaşlarını mənimsədiyini iddia edərək, məsələyə müdaxilə etməsi üçün prezident İlham Əliyevə ictimaiyyətə açıq şəkildə müraciət ediblər. Onlar “hər ay milyonlarla dollar oğurladığını”, öz ailə üzvlərini isə şişirdilmiş maaşlarla işə götürdüyünü iddia edərək, baş direktor İxtiyar Axundovu hədəf göstəriblər.

“Zavodda qohumbazlıq, özbaşınalıq və quldurluq hökm sürür” – deyə işçilər bildiriblər və əlavə ediblər ki, “bu haqsızlığa etiraz edən işçilər işdən çıxarılır”.

Bu illər ərzində “Bos Shelf” Britaniyanın neft nəhəngi BP-nin Xəzər dənizindəki əməliyyatlarının çoxmilyardlarla dollarlıq genişlənmə prosesində əsas podratçı olub. Çıxarıldığı böyük dəniz yatağının adı ilə “Şahdəniz 2” adlandırılan layihə çərçivəsində hazırda qaz Cənub Qaz Dəhlizi vasitəsilə minlərlə kilometr qərbdən Avropa İttifaqına nəql edilir.

Lakin işçilərinin çətinliklə dolandıqlarından şikayət etdikləri bir vaxtda “Bos Shelf” gəlir götürürdü. BP-yə məxsus olan və OCCRP tərəfindən yoxlanılan sənədlər göstərir ki, şirkət və SOCAR-ın digər törəmə şirkəti birlikdə qondarma müqavilələrdən istifadə etməklə və süni ödənişlər göstərərək  “Şahdəniz 2” layihəsindən 1,7 milyard dollardan çox vəsait çıxarıb.

Təxminən  3500 kilometr ərazini əhatə edən, Azərbaycandan Avropaya uzanan Cənub Qaz Dəhlizi dünyanın ən böyük infrastruktur layihələrindən biri hesab olunur.  Müəllif: James O’Brien/OCCRP

Azərbaycan dövlət büdcəsinə hər hansı gəlir daxil olana qədər pulun böyük hissəsi xərclənilirdi, yəni burada uduzan BP deyil, xalq idi. OCCRP-nin araşdırmasına görə, “Bos Shelf”-in direktoru Axundov və həyat yoldaşı ABŞ-ın Mayami şəhərində və şəhər ətrafında dəniz sahilində dəbdəbəli mülklər almağa başlayıblar.

“Şahdəniz 2” lahiyəsi üzrə çalışan üç şəxsin sözlərinə görə, BP rəhbərlərinə dəfələrlə korrupsiya iddiaları ilə bağlı xəbərdarlıq edilib, lakin bu haqda heç bir tədbir görülməyib. Məlumat verən şəxs 2014-cü ildə BP-ni Böyük Britaniyanın “Ciddi Fırıldaqçılıqla Mübarizə İdarəsi”nə (Serious Fraud Office – SFO) şikayət edib, lakin agentlik araşdırmaya başlamaq üçün kifayət qədər sübut olmadığını bildirib.

Agentlikdən OCCRP-yə bildiriblər ki, “biz ciddi fırıldaqçılıq və korrupsiya ilə bağlı aydın sübutlar tapdığımız üçün araşdırma aparmağa və məsələni təqib etməyə hazırıq”.

BP-nin sözçüsü bildirib ki, neft nəhəngi öz tərəfdaşları üzərində “həm yerli, həm də beynəlxalq hüququn tələblərinə uyğun şəkildə daxili siyasət və prosedurlara uyğun olaraq” lazımi araşdırmaları aparıb və auditlərlə yanaşı, “müəssisələrə ödənişlər zamanı təqdim edilən müvafiq mal və ya xidmətlər üzrə müqavilə şərtlərinin düzgün əks etdirilməsini” təmin edib.

O, SOCAR şirkətlərinə qarşı mənimsəmə iddialarını birbaşa şərh etməyib, sadəcə, bu sualların “həmin şirkətlərin özlərinə yönəldilməsinin daha yaxşı olacağını”,- deyib.

SOCAR-dan isə qeyd olunub ki, həm şirkətin özündə və həm də törəmə şirkətində Azərbaycan və beynəlxalq antikorrupsiya qanunlarına əməl edilir, dövlət qurumları tərəfindən mütəmadi olaraq yoxlanılır, həmçinin daxili yoxlama prosedurları həyata keçirilir. Şirkətin sözçüsü bildirib ki, şirkətin bütün işçilərin əməl etməli olduğu “korrupsiyanın istənilən növünə qarşı sıfır dözümlülük” siyasətini əks etdirən ciddi davranış kodeksi var.

Şirkət bildirib ki, “Bos Shelf” partnyorları tərəfindən daimi yoxlamalara məruz qalır və bunların heç birində “hər hansı əhəmiyyətli mənfi nəticələrə rast gəlinməyib”. SOCAR yaydığı bəyanatda etirazların korrupsiya ilə bağlı olmasına etiraz edərək, işçilərin maaşlarının yerli valyuta ilə deyil, ABŞ dolları ilə hesablanmasını istədiyi üçün aksiya keçirdiklərini və bunun tez bir zamanda düzəldildiyini bildirib.

“Aİ Azərbaycandan Rusiya qazına alternativ kimi istifadə edir, lakin bu, ölkənin ekologiyası və vətəndaşlarına baha başa gəlir”

– Patrik Bond, iqtisadi inkişaf üzrə mütəxəssis

OCCRP araşdırması üzə çıxarıb ki, 2014 və 2015-ci illərdə Azərbaycan hökuməti vətəndaş cəmiyyətinə və müstəqil jurnalistikaya qarşı repressiyalar törətdiyi zaman “Şahdəniz 2” layihəsində yüz milyonlarla dollar pul silinib. Avropa Parlamenti 2015-ci ilin sentyabrında qəbul etdiyi qətnamədə ölkənin “son 10 ildə bütün Avrasiyada demokratik idarəçilik baxımından ən böyük geriləməyə məruz qaldığını” bildirib.

“İqlim Ədaləti Siyasəti” kitabının müəllifi və İohannesburq Universitetinin iqtisadi inkişaf üzrə mütəxəssisi Patrik Bond (Patrick Bond), “Böyük neft şirkətləri, xüsusən də BP kimi şirkətlər dünyanın ən avtoritar rejimlərinin əsas və birbaşa tərəfdaşdırlar”,- deyə qeyd edib.

“Bu rejimlər onların investoru qismində olan BP olmadan mövcud ola bilməzdi və neft-qaz kimi mənbələrindən əldə edilən gəlirlər xalq müqavimətini militarlaşdırmaq və darmadağın etmək üçün istifadə olunur”.

Astronomik ödənişlər

BP ictimaiyyət qarşısında “Şahdəniz-2” yatağının neftin qiymətinin kəskin şəkildə aşağı düşdüyü bir vaxtda tikilməsinə baxmayaraq, vaxtında və büdcəyə uyğun şəkildə başa çatdırılmasını böyük uğur kimi qiymətləndirib. Onun daxilindəki dünyanın ən böyük enerji infrastrukturu layihələrindən biri olan 33 milyard dollarlıq Cənub Qaz Dəhlizi hazırda Aİ-nin Rusiya qazından asılılığı azaltmaq üçün əsas amillərdən biridir və ABŞ siyasətçilərinin tərifini qazanıb .

Lakin “Şahdəniz 2” layihəsinin erkən mərhələsindəki e-poçtlar, təqdimatlar və məktublar göstərir ki, pərdə arxasında bəzi BP rəsmiləri onu inşa edən konsorsiumun əsassız ifrat xərclərini və izah olunmayan əlavə xərcləri sual altına alıblar. Burada söhbət həm SOCAR-a məxsus iki şirkət, “Bos Shelf” və “Star Gulf FZCO”, eləcə də neft-mədən xidmətləri şirkəti “Saipem”-in törəmə şirkətindən gedir.

Bu iddialar xüsusilə problemli idi, çünki BP “Bos Shelf” və “Star Gulf” ilə qeyri-adi konrakt imzalamağa razılaşmışdı. Konsorsiumun ən böyük layihələrindən birinin Əsas Müqaviləsində göstərilir ki, sözügedən hər iki şirkətə tikinti zamanı ortaya çıxacaq bütün xərclər üzrə 25 faizlik qiymət artımı üçün zəmanət verilir. Bunların 9 faizi mənfəət, qalan 16 faizi isə “inzibati xərclər” kimi qeyd olunub.

Tipik olaraq, bu kateqoriya İT, administrativ və ofis ləvazimatları kimi ofis xərclərini əhatə edir və bunlar layihənin ümumi dəyərindən çox asılı olmayan sabit xərclərdir. Lakin BP-nin SOCAR-a məxsus iki şirkətlə bağladığı müqavilənin şərtlərinə əsasən hətta əlaqəsi olmayan xərclərin artdığı hallarda da, şirkətlərin mənfəəti və inzibati xərcləri avtomatik olaraq artıb.

BP-nin büdcə məlumatlarından görünür ki, 2015-ci ilin ortalarına qədər “Bos Shelf” və “Star Gulf” şirkətinlərinə bu üsulla artıq 500 milyon dollardan çox əlavə ödəniş edilməsi tələb olunub. Məlumatlardan çıxarılan nəticəyə görə, 2014-cü ildən 2021-ci ilə qədər həyata keçirilən “Şahdəniz 2” layihəsi zamanı şirkətlər üç müqavilə əsasında inzibati xərcləri və mənfəətləri üçün 1,7 milyard dollardan çox vəsait tələb edib.

Təxminən  3500 kilometr ərazini əhatə edən, Azərbaycandan Avropaya uzanan Cənub Qaz Dəhlizi dünyanın ən böyük infrastruktur layihələrindən biri hesab olunur.  Müəllif: James O’Brien/OCCRP

Bu məbləğin 1,1 milyard dollardan çoxu Əsas Müqavilədə müəyyən edilmiş meyarlarla inzibati xərclər üçün nəzərdə tutulub. Bununla yanaşı, BP-nin büdcəsinə “bek ofis” üçün 400 milyon dollarlıq maddə daxil edilib və bu, “Star Gulf” və “Bos Shelf”-in çəkməli olduğu xərclərin böyük hissəsini təşkil edir.

“Bu müqavilələr real xərclərə və ya rəqabət meyarlarına heç bir aidiyyatı olmayan qeyri-müəyyən qaydalarla doludur. Məsələn, Azərbaycan elitasının nəzarətində olan şirkətlərə inzibati xərclər və mənfəət kimi təsnifləndirilən sabit xərclər üçün özbaşına olaraq 25 faiz ödəniş ayrılıb”, –  maliyyə araşdırmaçısı və ABŞ-ın McKinsey  konsaltinq firmasının keçmiş baş iqtisadçısı Ceyms Henri belə deyib.

“Onlar buna “daxili bəzək” də deyə bilərdilər, çünki belədir” deyə cənab Henri bəzədilmiş maliyyə sənədlərinə istinad edərək bildirib.

BP sənədlərindəki digər detallar “Star Gulf” və “Bos Shelf”-ə ödənilən pulların hara gedib çıxması ilə bağlı suallar doğurur. Bir neçə aylıq qeydlər göstərir ki, onlar eyni bəndlər üçün eyni günlərdə, eyni valyutalarda ödəniş edib. Ödəniş qəbzlərindən görünür ki, Azərbaycandan “Star Gulf” şirkətinin Dubaydakı hesabına və “Bos Shelf” şirkətinin Lüksemburqdakı hesabına dollarla pul axıdılıb.

Hesabatlar göstərir ki, “Star Gulf” digər törəmə şirkətin 35-50 faizi qədər ödəniş alır. Lakin “Bos Shelf” layihənin geniş sualtı istehsal sistemlərinin qurulmasına cavabdeh kimi görünsə də, “Star Gulf” şirkətinin isə heç bir işçisi, işlə bağlı heç bir xərci olmayıb və onun tikintidəki rolu naməlumdur. “Star Gulf”, “Bos Shelf”-in yarısına sahib olduğu üçün ona iki dəfə ödəniş edilib.

OCCRP Birləşmiş Ərəb Əmirliklərində qeydiyyatdan keçmiş “Star Gulf” şirkəti haqqında çox məlumat əldə edə bilməyib. Cənab Henri ölkəni “dünyanın ən gizli 10 maliyyə cənnətindən biri” kimi təsvir edib.

“Saipem” şirkətinin şübhəli tarixi

Konsorsiumun tərkibindəki üçüncü podratçı, o dövrdə qismən İtaliyanın enerji nəhəngi ENI-yə məxsus olan “Saipem” şirkətinin korrupsiya ittihamları ilə dolu keçmişi var.

2010-cu ildə “Saipem”in törəmə şirkətlərindən biri mayeləşdirilmiş təbii qaz zavodlarının tikintisindən ötrü müqavilələr imzalasın deyə Nigeriya hökumət rəsmilərinə rüşvət vermək üçün on illik bir fəaliyyətə başlayıb. Buna görə ABŞ hakimiyyətinə 240 milyon dollar cərimə ödəməyə razı olub. Bir neçə ay sonra şirkət Nigeriyadakı fəaliyyəti ilə bağlı araşdırmanı həll etmək üçün daha 30 milyon dollar ödəyəcəyini bildirib.

İtaliya məhkəməsi 2018-ci ilin sentyabrında “Saipem” şirkətini və onun keçmiş baş direktoru Pietro Talini Əlcəzairdə rüşvət verməkdə təqsirli bilib. Tali dörd il doqquz ay həbs cəzasına məhkum edilib, şirkətin 200 milyon avroya yaxın vəsaitinə əl qoyulub və 400 milyard avro cərimələnib. Bununla belə, 2020-ci ildə hökm ləğv edilib və İtaliya Apelyasiya Məhkəməsi “Saipem” və onun sahibi ENI-yə bəraət verib, aktivlərinin müsadirəsini ləğv edib.

“Saipem” şərh üçün müraciətlərə cavab verməyib.

Sənədlərdən görünür ki, SOCAR-ın xərclərinin və qiymət artımının böyük hissəsi Azərbaycanın dövlət büdcəsinə hər hansı gəlir daxil olmamışdan əvvəl “Şahdəniz 2”-dən əldə edilən ilkin qaz hesabına qarşılanıb. Əslində, bu o demək idi ki, bu xərclər dövlətin cibindən ödənilib.

SOCAR şirkətin korrupsiya ilə məşğul olduğunu inkar edib, həmçinin əlavə şərh verməkdən imtina edib və bildirib ki, “tərəfdaşları qarşısında müqavilənin məxfiliyini qorumaq öhdəliyini” ciddi şəkildə yerinə yetirdiyi üçün maliyyə detallarını açıqlaya bilməz.

BP-nin büdcə hesabatları konsorsiumun şirkətin inzibati xərclərini necə şişirtdiyini üzə çıxarır. Belə ki, ofis ləvazimatları, kopya və çap ləvazimatları üçün ayda təxminən 79.000 dollar, soyuducu, qəhvə maşınları və qəhvə üçün 4,66 milyon dollar və idarəçilərə dörd avtomobil almaq üçün 932.000 dollar xərclənib.  Çox vaxt büdcədəki digər sətirlərdə eyni xərclər təkrarlanıb.

Bir sıra hallarda xərclər demək olar ki, sözün əsl mənasında astronomik olub. BP-nin rəsmisi 2014-cü ilin avqustunda konsorsiumun xərclərini təhlil edən təqdimatı nəzərdən keçirərək hesablayıb ki, şirkətlər 41 aylıq müddətdə iş yeri qurğularından istifadə üçün 150 milyon dollar xərcləyəcək. Bu da illik 45 milyon dollar demək idi.

“Bu, Rusiyanın Baykonur kosmodromuna (90×85 km) görə Qazaxıstanın yüzlərlə kilometrlik dəmir yolu və avtomobil yollarına, 15 raket buraxılış meydanına, 2 aerodroma, raket emalatxanası, işçilər üçün yaşayış kompleksləri və ofis binaları üçün ödədiyi məbləğdən 2,5 dəfə çoxdur” – təqdimatın slaydlarından birində qeyd olunub.

Müəllif: Edin Pasovic/OCCRP

Ancaq görünür ən mübahisəli məsələ işçi qüvvəsinə ödənilən xərclərdir. Hələ 2014-cü ilin fevralında BP-nin daxili məlumat bazasında görünür ki, “Bos Shelf”-in sualtı infrastrukturunun tikintisi üçün tələb olunan adam/saat hesabı ilə xərcləri 15 milyon dollar şişirdilərək 25 milyon dollara çatdırılıb.

2015-ci ilin yanvarına məxsus başqa bir təqdimatda rəsmilərdən biri BP-nin tərəfdaşlarına 11 həftə ərzində 84.000 adam/saat hesabı üçün həddindən artıq ödəniş etdiyini hesablayıb. Hesabatdan görünür ki, konsorsium həmin ay 10 saatlıq iş gününə əsaslanaraq təxminən 400 işçiyə bərabər ödəniş edib, lakin digər məlumatlarda həmin vaxt yalnız 144 nəfərin işlədiyi görünür.

Görünür, məsələ BP-nin konsorsiumun aşağı məhsuldarlığı əsas gətirərək 30.000 əlavə adam/saat tələbini rədd etməsi ilə nəticələnib. BP əmək xərclərinin necə hesablanması ilə bağlı daha çox məlumat tələb etdiyi üçün mübahisələr getdikcə daha çox qızışıb.

Xərclərin həddən artıq çox olmasının səbəbi barədə soruşduqda, “Bos Shelf” şirkətinin meneceri bunu “həddən artıq çox xərcləmə kimi deyil hesabata daxil edilməmə” kimi qələm verərək, əsəbi bir şəkildə əlavə edib: “[Bu sualtı infrastruktur işi] bizim çörəyimiz və yağımızdır, ona görə də mən… xahiş edirəm ki, səbirli olun və qoyun işimizi görək”.

Bununla belə, BP-nin sözçüsünün 2015-ci ilin yanvar ayındakı təqdimat mərasimində soruşduğu kimi, “Əgər bu, “Bos Shelf”in çörəyi və yağıdırsa, onlar bunu necə yanlış hesablaya bilərlər?”

2015-ci ilin aprel ayına qədər BP-nin rəhbərləri konsorsiumla xərclərin azaldılması ilə bağlı danışıqlar aparmaq üçün plan hazırlayıblar. Ancaq o zaman da aydın idi ki, onlar SOCAR-ı öz tərəfində saxlamaq üçün siyasi oyun oynamalı olduqlarını başa düşüblər.

Məxfi plana əsasən konsorsiumun “məhdud təcrübəyə malik olmasına” baxmayaraq, “potensial olaraq SOCAR-a BP-dən daha çox təsiri var”. “Güc balansı bir qədər pozulduğuna görə, bu danışıqlara əməkdaşlıq yolu ilə yanaşmaq lazımdır”.

BP-nin sözçüsü bildirib ki, SOCAR fəaliyyətini sahib olduğu şirkətlərlə bağladığı müqavilələr əsasında düzgün həyata keçirib və xərclərin doğruluğunu yoxlamaq üçün öz audit prosedurlarını həyata keçirir, lakin müqavilələrin kommersiya detalları barədə şərh verməkdən imtina edib.

Görməzdən gəlmək

“Şahdəniz-2”dəki pul mənimsəmələri ilə bağlı narahatlıq təkcə BP əməkdaşları tərəfindən qaldırılmayıb. 2018-ci ildə “Bos Shelf” administrasiyasının keçmiş rəhbəri Xuraman Abil Bakıdakı rayon məhkəmələrindən birində iddia qaldıraraq şirkətin maaşından 214 min dollar tutduğunu və korrupsiyadan şikayət etdiyinə görə ədalətsiz şəkildə işdən azad edildiyini deyib.

Məhkəmə işdən çıxarılana qədər 16 il “Bos Shelf” şirkətində işləmiş X.Abilin iddiasını əsassız hesab edib və təzminat tələbinin çox gec qaldırıldığını bildirərək rədd edib. O,  Azərbaycanın korrupsiyası ilə məşhur ədliyyə sistemində Ali Məhkəməyə qədər apelyasiya şikayəti verib və son instansiyada iş bağlanıb.

Bununla belə, X.Abilin “Bos Shelf”də olarkən səhvən ona göndərildiyini dediyi və BP sənədlərində olan məlumatları özündə əks etdirən maaş cədvəli şirkətin onun maaşının böyük hissəsini tutduğunu göstərir.

Burda görünür ki, BP onun maaşı üçün “Bos Shelf”ə hər ay 3300 dollara yaxın pul ödəyib. Məhkəmə sənədlərində isə Abil iddia edir ki, “Bos Shelf”dən ayda cəmi 1100 dollar alıb və onu cəzalandırıcı məzənnə ilə 803 manata (təxminən 470 dollar) çevirib ona veriblər. Əmək haqqı hesabatları təsdiq edir ki, o BP-nin “Bos Shelf”ə ödədiyindən xeyli az pul alıb.

Abil bildirib ki, şirkətin direktoru Axundov ailə üzvlərini şişirdilmiş maaşlarla işə götürdüyü halda bir çox “Bos Shelf” işçisinin maaşlarını və məzuniyyət ödənişlərini kəsib. Eyni zamanda, o və digər bir keçmiş “Bos Shelf” əməkdaşı bildirib ki, şirkət köhnə avadanlığı yenidən rəngləyib və onu yeni kimi hesablayaraq, “alınan mal və xidmətlərə görə” BP-dən həddindən artıq pul alıb.

“Deyək ki, nəyinsə dəyəri bir manatdır, eyni məhsulun və ya xidmətin 100 manat dəyərində olduğunu göstərən saxta sənədlər hazırlayırlar”, – deyə Abil OCCRP-yə bildirib.

“BP 30 ildir Azərbaycanda necə fəaliyyət göstərib? Ağlı başında olan şirkət bura gəlməzdi”.

Dərin Su Özülləri Zavodunun keçmiş işçisi Arif Cavadov da bildirir ki, o, “Bos Shelf”də çalışan insanların mövcud olmayan şeylər, məsələn, kran hissələri aldıqlarını göstərən fakturalar hazırlayıb, sonra isə bunun qazancını mənimsədiklərinin şahidi olub.

Cavadov bildirib ki, 2013-cü ildə şirkətin direktoru Axundova əşyaların oğurlanması ilə bağlı anonim məktub göndərilib. Cavadovun sözlərinə görə, Axundov təxminən 2 milyon dollar dəyərindəki əşyaların saxlanıldığı anbarları aşkar edib, lakin bununla bağlı heç nə etməyib. Az sonra o, direktor Cavadov da daxil olmaqla xəbərçilikdə şübhəli bildiyi bir neçə nəfəri işdən azad edib.

“İxtiyar Axundov… beş anbarı yoxlayıb, malları əsas anbara daşıtdırdı. O, malları qaytarmadı”, – deyə Cavadov OCCRP-yə bildirib.

“Malların daşındığı üç ay ərzində heç kim cəzalandırılmayıb. Hüquq-mühafizə orqanları da müdaxilə etmədi”,- deyə o əlavə edir.

“Stalinin dövründə insanlar belə təxribata görə güllələnirdilər”, – o əlavə edir.

SOCAR Cavadov və Abilin iddialarını təkzib edərək, onların hər ikisinin adi kadr dəyişiklikləri ilə əlaqədar işdən çıxarıldığını bildirib. Mətbuat katibi əlavə edib ki, hər iki halda onların intizamı və iş fəaliyyəti rəhbərlik tərəfindən qeyri-adekvat hesab edilib.

“Bir çox məhkəmə, o cümlədən Apelyasiya Məhkəməsi və Ali Məhkəmə Xuraman Abilin irəli sürdüyü iddiaların yalan olduğunu təsdiqləyib”, – sözçü açıqlamasında qeyd edib.

Axundov və Hüseynov şərh almaq tələblərinə cavab verməyib.

Cavadov və Abil bildirib ki, onlar korrupsiya ilə bağlı Azərbaycanın dövlət qurumlarına və məmurlarına, o cümlədən prezident Əliyev administrasiyasına və SOCAR-a, həmçinin BP-yə dəfələrlə şikayət məktubu ünvanlayıblar. Hər ikisi bildirib ki, BP onların iddialarını araşdıracağını vəd etsə də, bununla bağlı heç bir tədbir görməyib.

2017-ci ildə Abilin BP-nin baş direktoru Robert Dadliyə (Robert Dudley) etdiyi şikayətə cavab olaraq neft şirkətinin yüksək vəzifəli rəsmisi bildirib ki, maaşla bağlı məsələlər “işəgötürənlə işçi arasında həll edilməlidir” və Abilin korrupsiyaya dair iddialarını rədd edib.

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qeri Cons (Gary Jones) isə deyib:

“Vurğulamaq istərdim ki, araşdırmamıza əsasən BP-nin aktivlərinin “Bos Shelf” tərəfindən rüşvət üçün istifadə edilməsi halları aşkar edilməyib”.

Abil bildirib ki, üç il ərzində “Bos Shelf” barədəki problemləri BP qarşısında dəfələrlə qaldırdıqdan sonra, o, belə qənaətə gəlib ki, Britaniyanın neft şirkətinin baş verənlərdən xəbəri var.

“BP özü bunları görməzdən gəlir. Bu oyunlar BP ilə birgə həyata keçirilir”.

BP-nin sözçüsü Abil və Cavadovun şikayətləri ilə bağlı suallara cavab verməyib, sadəcə bildirib ki, şirkət araşdırma aparmaqla bağlı öhdəliklərini lazımınca icra edib və korrupsiya iddiaları onların tərəfdaşlarına ünvanlanmalıdır.

‘Heyvan kimi işləyirdilər’

“Şahdəniz-2” layihəsində şişirdilmiş qiymətlərlə işləyən sadəcə “Bos Shelf” və “Star Gulf” şirkəti deyildi. ARDNŞ-ə məxsus hər iki şirkətin müqavilələr əsasında 25 faiz əlavə ödəniş aldığı kiçik subpodratçı şirkətlər də olub.

Hər hansı böyük neft və qaz layihəsində olduğu kimi, konsorsium xüsusi avadanlıqları təmin etmək və ya müəyyən işləri yerinə yetirmələri üçün müxtəlif kiçik şirkətləri işə daxil edib. OCCRP bu şirkətlərdən bəziləri və onlara ödənilən pulların hara getməsi ilə bağlı sualları araşdırıb.

Onlardan biri də Axundovun yeznəsi Rauf Həbibli tərəfindən idarə olunan “Caspian Business Services” (CBS) olub. O, 2012-ci ilə qədər Azərbaycanın şimalında yerləşən Quba şəhərinin icra başçısı olub, lakin yerli sakinlər haqqında söylədiyi təhqiredici sözlər şiddətli iğtişaşlara səbəb olub və 25 nəfərə qarşı cinayət işini açılması ilə nəticələnən qiyama yol açdıqdan sonra rüsvayçılıqla vəzifəsindən uzaqlaşdırılıb.

Abil bildirib ki, CBS 2013-cü ildən, şirkətə “Şahdəniz 2” layihəsi üçün ofis binasını təmir etmək tapşırıldığı vaxtdan bəri sürətlə inkişaf edib. O, CBS-nin içəridəki ofisin içərisindəki ara divarları sökmək və çöldə emalatxanalar tikmək kimi ağır işləri görmələri üçün çarəsiz vəziyyətdəki köçkün fəhlələri işə götürərək xərcləri azaltdığını bildirib.

“Mən bunu öz gözlərimlə gördüm”,- deyə o qeyd edib. “Heyvan kimi işləyirdilər, az maaş alırdılar… Kənddən bir fəhlə Bakıya gəlir, 17 saat işləyir, bunun müqabilində 16 manat alırdı”.

Abil bildirib ki, CBS heç vaxt “Şahdəniz 2”-nin tikintisi üçün tenderdən keçməyib və OCCRP-nin BP sənədlərində bunun bu cür edildiyinə dair heç bir sübut tapa bilməyib.

 Bununla belə, qeydlər göstərir ki, “Bos Shelf” bu şirkəti terminalın yeni dəniz bazasının müxtəlif hissələrində işləmək, binalar və infrastruktur tikmək üçün kirayələyib.

E-poçtlar göstərir ki, BP əməkdaşları şirkətə verilən sifarişlərin ödənişlərinə şübhə ilə yanaşıblar. O cümlədən bunlara lazımsız tualet blokunun tikintisi üçün 60,000 manat (76,500 ABŞ dolları) xərclənməsi və yeni emalatxananın qiymətini 50 faizdən çox şişirtmək daxil idi. BP-dən göndərilən məktubda CBS-nin beton bünovrələrin tikintisi ilə bağlı təklifində işlədilən materiallar və adam/saat maaşları barədə detalların, o cümlədən ödənişlərin necə həyata keçiriləcəyi barədə məlumatın olmaması vurğulanıb.

Lakin, bütün bunlara baxmayaraq BP müqaviləni təsdiqləyib.

BP-nin sözçüsü sızdırılmış sənədlərı görmədən “Şahdəniz 2” subpodratçıları ilə bağlı suallara şərh verməkdən imtina edib, sadəcə bildirib ki, “bu sorğular da həmçinin müvafiq podratçılara ünvanlandırılmalıdır”.

CBS şərh istəklərinə cavab verməyib və OCCRP şəxsən Həbibli ilə əlaqə saxlaya bilməyib.

CBS şişirdilmiş qiymətlərlə iş görən yeganə subpodratçı olmayıb. Fakturalar göstərir ki, layihə yaxınlıqdakı sahibsiz itləri öldürmək üçün “Bos Shelf” tərəfindən kirayələnən şirkətə hər it üçün 460 manat (270 ABŞ dolları) ödənilib. Bu həmin dövrdə zavodda çalışan fəhlənin aylıq məvacibi ilə təxminən eyni idi.

CBS konsorsiumun “aktiv” və ya “yeganə” təchizatçıları arasında idi, əsasən BP-dən asılı olmadan idarə olunan SOCAR-a məxsus şirkətlərlə uzunmüddətli əlaqələri olan subpodratçı şirkət idi. Kağız üzərində BP daha kiçik tədarükçülərə diqqət yetirməli və tendersiz 250.000 ABŞ dollarından çox dəyərdə sifariş alaraq müqavilə imzalamış istənilən şirkəti yoxlamalı idi. Bununla belə, BP-nin daxili təftiş sənədlərindən görünür ki, “Bos Shelf”-in “hesabat vermə prosesi bizə hər hansı bir nəzarət imkanı verməyən son dərəcə zəif prosedur” kimi təsvir edilib.

Çirkli pulların yuyulması ilə mübarizə üzrə mütəxəssis Erin Şornik (Eryn Schornick) bildirib ki, yalnız bir şirkətlə və “məhdud tenderlə” müqavilələrin bağlanması şəffaflıq və rəqabətin təməl prinsiplərinin pozulmasını təmsil edir.

“Bu, podratçılar və subpodratçılar arasında əvvəllər mövcud olan münasibətlərlə birlikdə rüşvətxorluq, geritəpmə və qohumbazlıq kimi korrupsiya potensialına qırmızı bayraq qaldırır”,- deyə o əlavə edib.

OCCRP-nin araşdırması göstərər ki, “Şahdəniz 2” layihəsində iştirak edən subpodratçılar bəzi hallarda çirkli pulların yuyulmasına qırmızı bayraq qaldıran ofşor şirkətlərdir.

🔗Pulyuma riski

BP-nin yüksək səviyyəli rəsmisi konsorsium tərəfindən işə cəlb edilən podratçının çirkli pulların yuyulması üçün risk daşıdığını qeyd edib. OCCRP-nin araşdırmalarında onun digər subpodratçılar ilə sual doğuran əlaqələri olub.

“Gulfstream” şirkəti

E-poçtların birində BP-nin sözçüsü mövcud subpodratçı “Gulf Stream”-dən kabel və qazma avadanlığı üçün ödəniş qəbzini sorğulayıb. O, qeyd edib ki, “Gulf Stream” müqaviləsində qeydiyyat ünvanının Latviyada olduğunu göstərib, lakin əslində Böyük Britaniyada qeydiyyatdan keçib və burada şirkət sənədlərinə görə ofşor cənnəti olan Seyşel adalarından iki şirkətə məxsus olub.

Əvvəllər “Gulf Stream” Yeni Zelandiyada qeydiyyatdan keçib və direktorunun adı Emin Əliyev olub. Əliyev “Bos Shelf” şirkətinin alış meneceri ilə eyni ada malikdir. Şirkətin veb saytının olmaması və telefon nömrələrinin işləməməsi də həyəcan siqnalına səbəb olub.

Bununla belə, BP rəhbəri, deyəsən, məsələni “Bos Shelf” qarşısında qaldırmalı olduğunu deyərək, səs-küy salmaq istəməyib və əlavə edib ki, “zəhmət olmasa, onlara yazdığınız mətnlərə diqqət edin”.

“Bundan başqa, bizim işimiz podratçının istifadə etdiyi hər bir şirkətə nəzarət etmək deyil. Bizim işimiz müqavilə şərtlərinə və proseslərinə uyğunluğu təmin etməkdir”.

Daha sonra o, BP-nin subpodratçıların lazımi səviyyədə yoxlanılması ilə bağlı öhdəliyini təsdiqləmək üçün BP-nin Böyük Britaniyadakı hüquq departamentinə elektron məktub göndərib. Sonda müvafiq prosedurlara əməl edilmədiyi üçün “Gulfstream” hesabına pul ödənilməməsinə qərar verilib.

“Gulfstream”ə göndərilən e-poçtlar geri qayıdıb.

“Caspian Support Solutions” (CSS)

OCCRP-nin məlumatına görə, “Gulf Stream” həmçinin Böyük Britaniyada qeydiyyatdan keçmiş “Şahdəniz 2” layihəsinin digər iki subpodratçısı ilə də əlaqəli olub. Bunlardan biri nəqliyyat və yeməklər də daxil olmaqla, çox bahalı kimi qeyd olunan bir neçə inzibati əlavə xidmətlər təqdim edən “Caspian Support Solutions” (CSS) olub.

“Gulfstream” və CSS Rüstəm Məmmədov adlı azərbaycanlı və üç xarici şirkət vasitəsilə əlaqələndirilir.

• 2016-2019-cu illərdə CSS qismən Məmmədova məxsus olub.

• Şirkət qeydləri göstərir ki, Məmmədov həm də “GTS Solutions Allianse LLP” adlı Britaniya şirkətinə nəzarət edir.

• Əvvəllər biri Seyşel adalarından və ikisi Belizdən olan üç ofşor şirkətin direktorları və rəsmiləri GTS-nin olduğu kimi “Gulfstream”in də sahibləri olub.

• Məmmədov 2019-cu ilin oktyabrında CSS-dəki hissələrindən imtina edib, elə həmin ay şirkət adını dəyişib və “Gulfstream” ləğv olunub.

Çirkli pulların yuyulması ilə mübarizə üzrə ekspert Şornik bildirib ki, bu münasibətlər “korrupsiya və çirkli pulların yuyulması riskləri ilə bağlı ciddi suallar doğurur”.

OCCRP Məmmədovla əlaqə yarada bilməyib və CSS şərh istəklərinə cavab verməyib.

Rapid Solutions

Digər əlaqəli subpodratçı “Rapid Solutions Ltd” CSS-in keçmiş direktoru və bu yaxınlarda Azərbaycanda Britaniya Ticarət Palatasının direktoru təyin edilmiş Hovard Lean (Howard Lean) vasitəsilə CSS ilə əlaqədə olub.

Müqavilələr göstərir ki, şirkət qurulmuş multiservis provayderi kimi təsnif edilir; bu o deməkdir ki, “Bos Shelf” BP-dən asılı olmadan, Şornikin potensial problemli kimi təsvir etdiyi şəkildə idarə edilib.

“Rapid Solutions” şərh istəklərinə cavab verməyib.

“Azərbaycandan tutmuş uzaq ofşor zonalardakı vergi cənnətlərinə qədər uzanan qeyri-şəffaf inzibati strukturlar, tərəfdaşlar, şəxsi və peşəkar münasibətlərdən ibarət bu mürəkkəb şəbəkə korrupsiya ilə bağlı ciddi suallar ortaya çıxarır”, – Şornik bildirib.

“Bundan əlavə, bu şirkətlərə sahib olan və ya onlara nəzarət edən insanlar haqqında açıq-aydın məlumatın olmaması balıqqulağı şirkətlər üçün rüşvət mexanizmlərini gizlətmək və ya korrupsiyadan əldə edilən gəlirləri gizlətmək, yumaq üçün istifadə edilə bilər”.

Dəbdəbəli mülklər

“Bos Shelf”ə “Şahdəniz 2”-də işləmək üçün şişirdilmiş ödəmişlər ediləndə onun direktoru Axundov vargücü ilə daşınmaz əmlak üçün pulu göyə sovururdu.

Elə həmin il SOCAR-ın dəstəklədiyi “Oil & Gas Year” jurnalı Axundovu “İlin adamı” elan edib. 2015-ci ilin iyun ayında o, həyat yoldaşı Balacaxanım İsmayılova ilə Mayamidə “Setai Residences” adlı dəbdəbəli dənizqırağı kompleksdə 3 milyon dollar dəyərində mənzil alıb.

İki il sonra daşınmaz əmlak agentləri Mayami sahilindəki ən bahalı mənzillərdən bəzilərinin bu komplekdə olduğunu bildirəndə Axundov 5,5 milyon dollara başqa mənzil alıb. Əmlak sənədlərinə görə, o, hər hansı mənzil alarkən ipoteka götürməyib, nəğd pulla alıb.

Floridadakı daşınmaz əmlak reyestrlərində əldə edilən məlumatlar nəticəsində məlum olub ki, İsmayılova 2017-ci ildə 2 milyon dollara aldığı, bir az şimalda – Fort Loderdeyldə yerləşən daha beşotaqlı mülkə sahibdir. Axundov, həmçinin San-Fransiskoda iki kommersiya binası olan, Floridada qeydiyyatdan keçmiş şirkətin keçmiş icraçı direktoru kimi də qeydiyyata düşüb.

Sosial şəbəkələrdə yayılan fotolarda İsmayılovanın sosial həyatı, o cümlədən Seyşel adalarında istirahəti, eləcə də Meksikada Tuluma, Kubada Havanaya və Fransada Parisə səfərləri əks olunub. 2016-cı ilin noyabrında çəkilmiş fotoşəkildə o, Axundov və qızları Ritz Londonda “Bos Shelf”-in baş kommersiya meneceri Dominik Russa və ailəsi ilə şam yeməyi yeyirlər.

Axundovlar ailəsinin bu qədər sərvəti necə yığdıqları məlum deyil. Onun maaşı BP-nin sənədlərində qeyd edilməyib, baxmayaraq ki, bu, şirkətin digər top-menecerlərinin ildə 470.000-500.000 dollar arasında maaş aldığı göstərilir.

Axundovun həyat yoldaşı İsmayılova hüquqşünasdır və iyirmi il BMT-nin Qaçqınlarla İş üzrə Ali Komissarlığında çalışıb. 2018-ci ildə anası Azərbaycan Nazirlər Kabinetinin Hüquq şöbəsinin keçmiş müdiri Həqiqət İsmayılova ilə birlikdə “Crystal Law” hüquq firmasını yaradıb.

“Crystal Law”ın qeydiyyatda olduğu ünvanda, yaşayış binasındakı mənzildə yaşayan qonşular müxbirə bura kiminsə baş çəkdiyini görmədiklərini deyiblər. Bir neçə nəfər Axundovun əvvəllər həmin mənzilin sahibi olduğunu və yaşadığını iddia etsə də, Azərbaycanda ictimai mülkiyyətin məlumat bazası olmadığından OCCRP bunu təsdiqləyə bilməyib.

Axundov, İsmayılova və “Crystal Law” hüquq şirkəti şərh istəklərinə cavab verməyib. SOCAR Axundovun maaşı və xərcləri ilə bağlı sualları cavablandırmayıb.

“Şahdəniz 2”-nin genişləndirilməsi üzrə işlər başa çatıb və bildirilir ki, hazırda “Bos Shelf” Fransanın “Total” şirkəti ilə  “Abşeron” neft-qaz yatağında çalışır. Bu arada, “Star Gulf” sakitcə yoxa çıxıb.

O, 2019-cu ildən SOCAR-ın sənədlərində qeyd olunmayıb və yerini BƏƏ-də qeydiyyatdan keçmiş, “Bos Shelf International FZCO” adlı başqa bir şirkət alıb. OCCRP-nin “Bos Shelf International” üçün tapa bildiyi yeganə korporativ sənəd onun tamamilə İlham Nuriyevə məxsus olduğunu göstərir. Eyni adı daşıyan şəxs 2020-ci ildə “Bos Shelf”in Bakıdakı nümayəndəsi kimi çalışmağa başlayıb. OCCRP “LinkedIn” vasitəsilə şərh üçün müraciət etdikdə, həmin şəxs heç bir sualı cavablandırmağa “maraqlı olmadığını” bildirib.

ARAŞDIRMANIN MÜƏLLİFİ: OCCRP

Ana səhifəAraşdırmaBP Azərbaycanda qaz lahiyəsinin daxilindəki korrupsiyaya göz yumur