Bu qrupa hər 100 manatlıq milli gəlirdən maksimum 1,5 manat pay çatır
Dünyanın hətta ən inkişaf etmiş iqtisadiyyata və səhiyyəyə sahib olan ölkələrində əlilliyi olan insanlar cəmiyyətin ən böyük sosial qruplarından biridir. Dünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, hazırda planetin bütün əhalisinin 16%-i və ya 1,3 milyard nəfərdən artıq insan müxtəlif dərəcədə əlill hesab olunur. Avropa Birliyinin statistika qurumunun açıqlamasına görə, birliyə üzv olan ölkələrdə bu göstərici daha yüksəkdir, 16 və yuxarı yaşda olan əhalinin 26,8 faizi əlil və ya hərəkət məhdudluğu olan insanlardır. Yuxarı yaş qruplarında bu göstərici daha yüksəkdir. Məsələn, 16-34 yaş intervalında əlillik səviyyəsi 10 faizi ötmədiyi halda, 65-74 yaş qrupunda həmin gəstərici 40%-ə, 85 və yuxarı yaşda artıq 75%-ə yüksəlir.
ÜST-nin son məlumatlarından aydın olur ki, bəzi əlillik qrupları üzrə ömür müddəti tam sağlam insanlarla müqayisədə 20-25 il daha az olur. Təbii ki, əsas səbəb fiziki məhdudiyyətli şəxslərdə depressiya, diabet və piylənmə kimi xəstəliklərin inkişaf riskinin çox da yüksək olmasıdır.
Bu faktları nəzərə alan ÜST-ün mövqeyi budur ki, üzv dövlətlər BMT-nin 2006-cı ildə qəbul etdiyi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyanın tələblərini də nəzərə alaraq əlillik problemi olan şəxslərin hər birinə əlverişli həyat şərtləri təmin etməlidir.
Konvensiya tələb edir ki, həmin kateqoriyadan olan bütün insanların mümkün olan ən yüksək sağlamlıq səviyyəsinə malik olmaq hüququ tanınmalı, sağlamlığa görə reabilitasiya imkanları nəzərə alınmalıdır. Xüsusilə də əlillik nəticəsində yaranan fiziki problemlərin aradan qaldırılması üçün zəruri olan səhiyyə xidmətlərinin təqdim olunmasına, erkən diaqnostika əsasında uşaqlar və yaşlılar arasında əlilliyi minimuma endirmək kimi xidmətlərin genişləndirilməsinə ehtiyac var.
Təbii ki, bu cür xidmətlərin təmin edilməsi üçün əsas məsələ hökumətin əlillərin daha əlverişli şərtlərdə yaşaması üçün zəruri büdcə resursları təqdim etməsi sayəsində mümkün olur. Əlillər üçün müavinətlərin məbləği onların sosial rifahı, təqdim olunan sosial xidmətlərin həcmi isə fiziki-psixoloji baxından daha rahat yaşaması üçün həlledici şərtlərdir.
Azərbaycanda əlillərin sosial xidmətlərlə əhatə səviyyəsi
Əvvəl ondan başlamaq lazımdır ki, Azərbaycanda əlilliyin miqyası ilə bağlı mübahisəli bir vəziyyət yaranıb. Hökumət son 5 ildə əlilliyin təyin edilməsilə bağlı tətbiq etidiyi yeni mexanzimi əsas gətirərək əlillik statusu alanların sayını sürətlə ixtisar edir. Məsələn, 2019-2024-cü illərdə əlil hesab edilən şəxslərin ümumi sayı 25%-ə yaxın və ya 150 min nəfərədək azalaraq 500 min nəfərə enib. Bu statistikadan çıxış etsək, o deməkidir ki, ölkə əhalisinin ən yaxşı halda hər 1000 nəfərindən 49 nəfəri əlilliyi olan şəxslərdir. İdeal və arzuolunan statistikadır, amma səhiyyə və rifah etibarı ilə dünyanın ən inkişaf etmiş ölkələrində eyni göstərici bundan 4-5 dəfə yüksəkdir. Bu sual sorğulamaq qabiliyyəti olan hər kəsi düşündürür: Avstriya, Norveç və Böyük Britaniya kimi insanların sağlam doğulması və ömrü boyu sağlam yaşaması üçün hər cür şərtlərin yaradıldığı ölkələrdə əhali arasında əlillik 15-20%-dirsə, eyni şərtlərin bizdə qat-qat pis olduğu şəraitdə, necə 3-5 dəfə daha yaxşı göstəriciyə malik oluruq?
Doğrudur, əlilliyin təyin edilməsi bu yazının yox, ayrıca bir məqalənin mövzusudur. Amma bu problem onu göstərir ki, ölkədə əlillik statusu qazanaraq zəruri sosial-iqtisadi haqlardan bəhrələnməli olan xeyli insanın kənarda qalması ilə bağlı çox ciddi risklər var.
Yeri gəlmişkən, bugünlərdə mediaya açıqlamasında əmək və əhalinin sosial müdafiəsi naziri ümumilikdə 207 min nəfərə saxta əlilliyin təyin edilməsi təşəbbüslərinin qarşısının alındığını bildirib. Amma nazir bu suala cavab verməkdən qaçır ki, Azərbaycanda əlilliyin miqyasını Avropa ölkələrindən 4-5 dəfə aşağı olmasının mümkün səbəblərini hansı ağlabatan arqumentlərlə izah etmək mümkündür.
İndi əsas suala keçək: faktiki əlillik statusu olan şəxslərin sosial xidmətlərlə əhatə səviyyəsi necədir, onlara hansı xidmətlər göstərilir? Xüsusilə də söhbət fiziki zəiflik, psixoloji pozuntu və ya əlillik nəticəsində gündəlik həyatda ehtiyac duyulan kömək və qayğının təmin edilməsindən gedir. Adətən belə xidmətlər uzunmüddətli, yaxud ömür boyu ola bilir və ixtisaslaşmış mərkəzlərdə, həmçinin evdə həyata keçirilə bilir.
Azərbaycanda bütün xidmətlərin dairəsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunla müəyyən edilir.
Qanuna görə, əsas xidmətlərdən biri əlilliyi olan şəxslərə pulsuz reabilitasiya xidmətlərinin göstərilməsidir. Əmək və Əhalinin Sosial Müafiəsi Nazirliyinin (ƏƏSMN) məlumatına görə, ölkədə əlillər üçün 16 reabilitasiya mərkəzi fəaliyyət göstərir ki, onlardan 4-ü Bakı şəhərində, 1-i Sumqayıtda, yerdə qalan 11 müəssisə bölgələrdə yerləşir. Nazirliyin, 2023-cü il üzrə hesabatına görə il ərzində 88 minə yaxın şəxs və ya bütün əlillərin təxminən 17%-i reabilitasiya xidmətləri alıb. Onlardan 10,5 min nəfərə reabilitasiya vasitələri təqdim edilib. Rəsmi məlumata görə, əlilliyi olan şəxsin peşə-əmək qabiliyyəti, tibbi, psixoloji-pedaqoji, sosial bacarıqları, mənzil-məişət şəraiti kompleks qiymətləndirilməklə reabilitasiya proqramları icra olunur.
Xidmətlərin 2-ci istiqaməti əlilliyi olan şəxslərə sosial xidmət göstərilməsidir. “Sosial xidmət haqqında” Qanuna əsasən, 18 yaşınadək əlil uşaqlardan başqa yaşayış yerinə malik olmayan, əlilliklə bağlı əlaqədar özünəqulluq qabiliyyəti və həmin şəxsə köməklik göstərə biləcək yaxınları olmayan əlil şəxslər də xidmət müəssisələrinə qəbul üçün müraciətə əsas yaradır. Qanunda göstərilir ki, sosial yadırğama, sosial məhrumiyyət və əlverişsiz sosial mühit sosial xidmətlərə tələbatın qiymətləndirilməsi və müəyyən edilməsi üçün əsas meyarlar kim çıxış edir.
Stasionar müalicə-profilaktika və ya reabilitasiya müəssisələrində müalicə kursu keçən 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərin həmin müəssisələrdə olduqları dövrdə fasiləsiz təhsili “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” Qanuna uyğun təşkil edilir.
Bəs bütün xidmət formaları üzrə hazırda əlilliyi olan nə qədər insan sosial xidmətlərlə əhatə olunur? Rəsmi statistikada bununla bağlı dolğun və detallı məlumatlar tapmaq çətindir. ƏƏSMN-in illik hesabatından aydın olur ki, 2022-ci ildə 95 nəfər 18 yaşadək əlliliyi olan uşağa evdə sosial reabilitasiya xidməti, 1042 nəfər bu qrupdan olan şəxsə isə evdə sosial-məişət xidməti göstərilib. Yəni evdə xidmət alan əlillərin sayı 1137 nəfər olub ki, bu da bütün əlillərin təxminən 0,2%-nə bərabərdir.
İxtisaslaşımış müəssisələrdə, yəni yatılı formada sosial müəssisələrdə xidmət alan əlilliyi olan şəxslər isə təxminən 700 nəfərə yaxındır. Onlardan təxminən 300 nəfəri sağlamlıq imkanı məhdud uşaqlar, yerdə qalan 400 nəfəri isə yetkin yaşda əlil şəxslər olub. Beləliklə, əlilliyi olan şəxslərin evdə və ixtisaslaşmış müəssisələrdə xidmətlə əhatə səviyyəsi 0,3%-dən bir qədər artıqdır. Yəni hər 1000 nəfər əlil insandan yalnız 3 nəfəri üçün ya evdə, ya da müəssisə şəraitində xidmət almaq imkanı olub. Amma nə rəsmi, nə müstəqil institutlar tərəfindən, nə də rəsmi statistika qurumunun apardığı ailə təsərrüfatlarının büdcə müayinəsi əsasında əlillərin bu cür xidmətlərə real tələbatının miqyası qiymətləndirilib. Halbuki, məsələn, Avropa Birliyinin statistika orqanı ailələrin büdcə müayinəsində 16 və yuxarı yaşda respondentlərdən özlərinin hərəkət aktivliyini qiymətləndirməsini istəyir. Məsələn, 2023-cü ildə aparılan müayinənin nəticələrinə görə, AB üzrə əhalinin 7%-i özlərinin çox ağır formada, 20%-i isə daha yüngül formada hərəkət məhdudiyyətinə malik olduqlarını bildiriblər. Ayrı-ayrı ölkələrdə nəticələr çox fərqli olub. Estoniyada respondentlərin 12, Çexiyada isə 10%-i ağır formada hərəkət məhdudluğundan əziyyət çəkdiyini qeyd edib. AB üzrə soğrunun nəticələri belədir ki, sosial xidmətlərə ehtiyac duyduğunu bildirən şəxslərin 30%-i bu xidmətləri əldə edə bilmədiyini vurğulayıb. Ümumilikdə isə AB üzrə əlilliyi olan şəxslərin ən azı 15%-i evdə və ya ixtisaslaşmış mərkəzkərdə sosial xidmətlə əhatə olunublar. Bu göstərici Birliyə üzv olan ayrı-ayrı ölkələrdə fərqidir. Məslən, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Litva üzrə hazırladığı hesabata görə, 2020-ci ildə bu ölkədə əhalinin hər 100 000 nəfəri hesabı ilə 10 500 nəfər əlilliyi olan şəxs qeyd edilib. Mütləq rəqəmlə əlillərin sayı 300 000 nəfərə yaxın olub. Həmin şəxslərdən təxminən 11%-i müxtəlif sosial xidmət növləri əldə etmək imkanına malik olub. Belə ki, ümumilikdə 5400 nəfər əlilə (o cümlədən, 937 nəfər uşaq) evdə sosial xidmət göstərilib. Əlilliyi olan 20 000 nəfər (o cümlədən, 4 000 nəfər uşaq) gündüz baxım mərkəzlərində, 6073 nəfər (o cümlədən, 73 nəfər uşaq) əllilər üçün uzunmüddətli qayğı mərkəzlərində xidmətlə əhatə olunub. Nəhayət, 24 min nəfər, o cümlədən bütün əlillərin 8%-i sosial reabilitasiya xidməti keçib.
Türkiyədə əlilliyi olan şəxslər üçün ixtisaslaşmış müəssisələrin geniş şəbəkəsi var və bu sahədə ödənişli xidmət göstərən özəl təsisatlar da fəaliyyət göstərir. Hazırda ölkə üzrə bu cür təşkilatların sayı 700-dən çoxdur. Hər 12,5 min əlilliyi olan şəxsə 1 ixtisaslaşmış müəssisə düşür. Bu müəssisələrdən 413-ü əlillər üçün baxım və reabilitasiya mərkəzləri (o cümlədən, 317-i özəl sektora aiddir), 136-ı gündüz baxım evləri, 145-i isə yatılı baxım evləridir. 2024-cü ilin sentyabrına olan məlumata görə, həmin müəssisələrdən sosial xidmət alan əlillərin sayı 40 000 nəfər ətrafında olub. Eyni zamanda, 500 000-dən bir qədər çox əlilliyi olan şəxs evdə sosial xidmət alır. Nəticə etibarı ilə Türkiyədə bütün əlillərin ən azı 7-8%-i sosial xidmətlərlə əhatə olunur.
Azərbaycanda bu sahədə real vəziyyəti qiymətləndirməyin çətin tərəfi odur ki, Avropa ölkələrindən fərqli olaraq nə əlilliyi olan uşaqların, nə də böyüklərin nə qədərinin evdə, hansı hissəsinin isə ixtisaslaşmış müəssisələrdə sosial xidmət görməyə ehtiyacı müəyyən edilir. Yaxud belə bir qiymətləndirmə olsa da, ictimaiyyətdən gizli saxlanılır. Məsələn, rəsmi statistikaya görə, hazırda 503 000 nəfər əlliliyi olan şəxs var (onlardan 47,5 min nəfəri 18 yaşadək uşaqlardır). Ən müxtəif mənbələrdən əldə edilmiş məlumatlar göstərir ki, 2023-cü ildə Azərbaycanda evdə və ixtisaslaşmış mərkəzlərdə sosial xidmət görə əlillərin ümumi sayı 1900 nəfərdən də az olub, yəni əlilliyi olan bütün şəxslərin cəmi 0,35%-i. Məsələn, yuxarıda Litvanın göstəricisi ilə müqayisə edilsə, bu, Azərbaycanın göstəricisinin az qala 30 dəfə az olduğunu göstərir.
Azərbaycanda yalnız əlillərin reabilitasiya proqramına cəlb edilmə səviyyəsi Litvadan yüksəkdir. Bu göstərici Azərbaycanda 17%-ə yaxın, Litvada isə 8% ətrafında olub.
Azərbaycan hökumətinin əlillər üçün ayırdığı büdcə
Avropa Birliyi üzrə pensiya ödənişləri nəzərə alınmadan əlillərin sosial müdafiəsi xərcləri ÜDM-nin təxminən 2%-nə bərabərdir. Norveç və Niderland kimi inkişaf etmiş ölkələrdə milli gəlirin orta hesabla 4-5%-i, hökumətin sosial müdafiə xərclərinin ən azı 15-16%-i əlilliyi olan şəxslərin sosial cəhətdən dəstəklənməsinə sərf olunur. Bu xərcləmələrə əlillər üçün sosial müavinətlərin ödənilməsi, sosial xidmətlərin, reabilitasiyanın və təhsilin təşkili, məşğulluq imkanlarının artırılması ilə bağlı layihələrin gerçəkləşdirilməsi və s. üçün ayrılan vəsaitlər daxildir yönəldilir.
Əlillər üçün pensiya ödənişləri də nəzərə alındıqda, inkişaf etmiş bəzi Avropa ölkələrində əllilər üçün ümumi büdcənin ÜDM-də payı 6-7%-ə, İƏİT üzrə orta hesabla 4%-ə çatır.
Azərbaycanda dövlət büdcəsinin tərtibi şəffaf olmadığı üçün əlillər üçün büdcənin ayrıca detallaşdırılması yoxdur. Lakin büdcə sənədlərində müxtəlif rəqəmlər əsasında təxmini belə bir büdcənin həcmini görmək olur. Məsələn, rəsmi statistikanın məlumatına görə, 2023-cü ildə 273 000 nəfər əlillik pensiyası alıb və bu pensiyaların orta aylıq məbləği 400 manat təşkil edib. Ən kobud hesablama ilə bu təxminən 1,2-1,3 milyard manatlıq pensiya büdcəsi deməkdir. Əlavə olaraq, dövlət büdcəsində əks olunan məlumatlara görə, əlilliyi olan şəxslərə aşağıdakı istiqamətlərdə vəsait xərclənib:
- Əlillər üçün aylıq sosial müavinətlərin ödənilməsi üçün xərlcər – 522 milyon manat
- Radiasiya qəzası nəticəsində əlil olmuş şəxslərə müalicə üçün birdəfəlik müavinətlərin ödənilməsi üçün büdcə ayırmaları – 1,1 milyon manat;
- Müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə təqaüdlərin ödənilməsi xərcləri – 92,5 milyon manat.
Təəssüf ki, əlillərin evdə və ixtisaslaşmış müəssisələrdə aldığı sosial xidmətlər, onların reabilitasiya tədbirləri ilə əhatə olunması və zəruri vasitələrilə təminatına dair dəqiq məlumat əldə etmək mümkün deyil və büdcənin hazırkı qeyri-şəffaf tərtibatı bu xərcləri tam görməyə imkan vermir. Lakin ayrı-ayrı mənbələrdən əldə olunan məlumatlar həmin iqstiqamətlər üzrə son illər orta hesabla 45-50 milyon manat xərcləndiyini təsdiqləyir. Beləliklə, əlillər üçün pensiya, müavinət, təqaüd və sosial xidmətlərin təşkili (həmçinin reabilitasiya tədbirləri və vasitələri) üçün 2023-cü ildə ayrılan ümumi büdcənin həcminin təxminən 1,9 milyard manat ətrafında olduğu görünür. Bu, o deməkdir ki, həmin il “əlillər büdcəsi”nin ÜDM-də payı 1,5% olub. Yəni, iqtisadiyyatda yaranan milli gəlirin hər 100 manatından əlilliyi olan vətəndaşlara cəmi 1,5 manat çatır. Azərbaycanda adambaşına milli gəlirin 7500 dollar olduğunu nəzərə alsaq, bu, o deməkdir ki, əhalinin hər nəfəri hesabı ilə əlillər üçün büdcədən 120 dollar yaxın sosial dəstək təqdim edilir. Avropa Birliyi üzrə bu göstərici təxminən 12 dəfə çoxdur və 1400 dollara yaxındır. Bu hesablama Avropa Birliyi üzrə adambaşına ÜDM-nin 40 000 dollara, əlillər üçün pensiya və qeyri-pensiya xərclərinin 3,5%-ə yaxın olmasını əsas götürərək hesablanıb.
Vacib məqam odur ki, Azərbaycanın 1,5% göstəricisi pensiya ödənişlərini də nəzərə alır. Əlillər üçün icmal büdcəsini qeyri-pensiya xərclərinin milli gəlirdə payı 0,5%-ə, icmal büdcədə payı 1,5%-ə çatır. Başqa sözlə, pensiya xərcləri nəzərə alınmadıqda, əlillərin sosial cəhətdən dəstəklənməsi üçün milli gəlirin hər 100 manatından cəmi 0,5 manat vəsait ayrıldığı məlum olur.
Yüksək inkişafa sahib ölkələri kənara qoyaq, ən azından Türkiyənin timsalında əllilər üçün büdcənin tərtibi və büdcə məlumatlarnın açıqlanmasını, eləcə də bu qrup üçün proqram sənədlərinin hazırlanması təcrübəsini öyrənmək çətin deyil axı. Məsələn, hökumətin “Əlillərsiz 2030 Vizyonu” adlı 6 siyasət istiqamətindən və 28 hədəfdən strateji sənədi hazırlanıb. Bu hədəflər sırasında əlillər üçün sosial, mədəni və idman fəaliyyətlərinin gücləndirilməsi, əlçatan mənzil xidmətlərinin inkişafı, nəqliyyat xidmətlərinin əlçatanlığının artırılması, rəqəmsal xidmətlərinin genişləndirilməsi, təhsil imkanlarının artırılması, məşğulluq potensialının gücləndirilməsi, sosial xidmətlərin keyfiyyətinin və əhatə dairəsinin artırılması və s. daxildir.
Strategiya ilə yanaşı 2023-2025-ci illəri əhatə edən “Əlillərin haqları ilə bağlı Milli Tədbirlər Planı” işlənib və icra edilir. Planda 2030 Vizyon sənədində əks olunan hədəflərə çatmaq üçün konkret tədbirlər, həmin tədbirlərin icrası üçün məsul qurumlar müəyyən edilib.
Türkiyə hökumətinin hazırladığı və ictimaiyyət üçün açıqladığı böyük həcmli “Büdcə əsaslandırması” adlı sənəddə əlilliyi olan şəxslər üçün büdcə ayırmalarının istiqamətləri və həcmi barədə detallı məlumatlar əldə etmək mümkündür. Məsələn, artıq ictimaiyyət üçün təqdim olunan sənəddən aydın olur ki, 2025-ci ildə əlilliyi olan şəxslər üçün 192,2 milyard lirə (hazırkı məzənnə ilə 5,6 milyard dollar və ya 9,6 milyard manat) vəsait ayrılması planlaşdırılır. Amma bu məqamı unutmaq olmaz ki, göstərilən məbləğ yalnız mərkəzi büdcənin xərcləmələridir. Türkiyədə bələdiyyələrin xüsusilə də əlillərə sosial xidmətlərin təşkili və maddi yardımların verilməsi ilə bağlı ayrıca büdcəsi var.
“Büdcə əsaslandırma” sənədinə görə, 2025-ci ildə əlillərə evdə sosial xidmətlərin təşkili məqsədilə aylıq sosial yardımların ödənilməsi üçün 70,2 milyard lirə (hazırkı məzənnə ilə 3,5 milyard manat), evdə xidmət mümkün olmadıqda özəl sosial müəssisələrin xidmətinin maliyyələşdirilməsi məqsədilə 16,5 milyard lirə (820 milyon manat), əmək qabiliyyətini 40%-dən çox itirilən əlillər üçün sosial müavinətlər üçün 39,1 milyard lirə (2 milyard manata yaxın), reabilitasiya mərkəzləri və uzunmüddətli baxım evləri üçün 12,4 milyard lirə (616 milyon manat), əlilliyi olan uşaqlar üçün xüsusi təhsilin təşkili üçün 46,8 milyard lirə (2,3 milyard manat) ayrılması planlanır.
Türkiyədə əlillərin pensiyalar nəzərə alınmadan əlillər üçün sosial müdafiə xərclərinin ÜDM-də payı 1,5% ətrafındadır ki, bu da Azərbaycanın göstəricisindən təxminən 3 dəfə yüksəkdir.
Diqqət edin, Türkiyədə əlilliyi olan vətəndaşlara ayrılan büdcə nə qədər detallı açıqlanır.
Azərbaycanın da vətəndaşdan gizlədilən, deputatlar üçün guya daha təfsilatlı təqdim olunan büdcə sənədlərinə baxanda nə görünsə yaxşıdır? Yalnız bir cümlə ilə qeyd edilir ki, “əlilliyi olan şəxslərlə bağlı sosial təminat tədbirləri üçün 68,3 milyon manat” ayrılacaq. Amma konkret hansı sosial təminat tədbirlərinə nə qədər xərclənəcək, heç bir açıqlama yoxdur. Əlillər üçün pensiya xərclərinin ümumi məbləği belə hətta parlament üçün qapalı saxlanılır. Büdcəni müzakirə edən deputatlar ən yaxşı halda əlillər üçün büdcəsinin 20-25%-ni təşkil edən müavinət və təqaüd xərcləri üçün büdcədə nəzərdə tutulan məbləğləri görə bilirlər.
Qeyri-şəffaflığın standartını yaratmaq mümkün olsa, yəqin ki, Azərbaycanın dövlət büdcəsinin tərtibi praktikası neqativ qabaqcıl təcrübə kimi istifadə üçün ən yararlı örnəklərdən biri ola bilər.